Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID -- 19 pandemiyası zamanı qida rejimi necə olmalıdır?

 Bütün dünya üzrə COVID –19 pandemiyasına qarşı mübarizə ilə məşğul olan tədqiqatçı alimlər, həkim – infeksionistlər, virusoloqlar, ümumiyyətlə, mütəxəssislər bildirirlər ki, düzgün qidalanma, normal yuxu rejimi, gigiyenik qaydalar koronavirusun müalicəsini tezləşdirən mühüm amillərdən biridir. “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva  ilə koronovirus diaqnozlu xəstələrin müalicəsi zamanı önəmli olan qidalanma rejimi ilə bağlı söhbətləşdik. O, həqiqətən də düzgün qidalanmanın orqanizm üçün həmişə, xüsusilə də virusa qarşı mübarizə zamanı böyük önəmi olduğunu bildirdi:

    -- COVID --19 olan xəstələrin sağalma prosesində qidalanma mühüm rol oynayır. Ilk növbədə qida rejiminin dəyişməsinə su ilə başlamaq lazımdır. Nəmli selikli qişalar virusa qarşı ilk maneədir. İçməli su minimum hər kiloqram üçün 30 -- 40 ml nisbətində olmalıdır. Su otaq temperaturunda olmalıdır. Maye qəbuluna eyni zamanda bitki çayları, giləmeyvə və meyvə kompotlarıda aiddir.

İkinci vacib hal bağırsaq mikroflorasının sağlamlığıdır. İmmunitetin 80 faizi bağırsaqlarda təmin olunur. Buna görə liflərlə zəngin qidalarla üstünlük vermək lazımdır. Bunlara kəpək, dənli bitkilər, tərəvəzlər aiddir. Bağırsaq mikroflorasını normallaşdırmaq üçün rasiona tərkibində inulin olan süd məhsullarını əlavə etmək vacibdir. Hüceyrə membranının sağlamlığı üçün tərkibində Omeqa --3 olan qidalara (yumurta, balıq, fındıq, qoz, kətan toxumu və s.) üstünlük verilməlidir. Virus infeksiyalarının yayıldığı dövrdə mühüm faktorlardan biri də immuniteti gücləndirməkdir.

     Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası zamanı düzgün bəslənmə ilə bağlı tövsiyələrini açıqlayıb. İlk növbədə sağlam qidalanmaya keçilməsi tövsiyyə olunub.

    ÜST-ün tövsiyyələrində də ilk növbədə immunitetin gücləndirilməsinə yönəlmiş qidalanmaya üstünluk verilir. Vitaminlərlə və mikroelementlərlə zəngin qidalar seçilməlidir. Qida rasionuna D vitamini ilə zəngin qidalar əlavə olunmalıdır. Orqanizmdə D vitamini çatmamazlığı immunitetin zəifləməsinə səbəb olur. Yaz  və yay aylarında açıq havada kifayət qədər vaxt keçirən insanlar bu vitamini lazımi qədər alırlar. Karantin dövründə bu mümkün olmadığı üçün qida ilə bu vitamini almağa çalışmaq lazımdır. Buna "günəş vitamini" də deyilir və digər vitaminlərlə birlikdə vücudumuzda mövcud pandemiya zamanı xüsusilə vacib olan infeksiyalarla mübarizə aparmağa kömək edir. Koronavirus epidemiyası başlamazdan əvvəl belə İngilislərədə qış aylarında (oktyabr -- mart) və ya il boyu küçədə kifayət qədər vaxt sərf etmədikləri təqdirdə gündə 10 mkg (mikroqram) D vitamini qəbul etmələri tövsiyə edilirdi. D vitamininin immunitetə təsirindən başqa depresiya ilə mübarizədə də mühüm rol oynadığı bildirilir. D vitamini yumurta, müxtəlif növ balıq məhsullarında, göbələk, süd və süd məhsullarında, taxıl məhsullarında və s. qidalarda zəngindir.

   Bundan başqa lazımi miqdarda digər vitaminləri ( A, E, C və s.) qəbul etmək üçün rasionu meyvə və tərəvəzlərlə zənginləşdirmək lazımdır. Xüsusilə tərkibində C vitamini zəngin olan qidaları (C vitamini ilə zəngin meyvə və tərərvəzlər) rasiona əlavə etmək vacibdir. Bu dövrdə orqanizm üçün vacib olan qida maddələrindən biri də zülallardır. Zulallar əsasən ət və ət məhsullarının tərkibində zəngindir. Amma orqanizm üçün yalnız heyvani zülallar deyil, bitki mənşəli zülallar da vacibdir. Ona görə də qida rasionuna bitki mənşəli zülallar da (dənli və paxlalı bitkilər) əlavə olunmalıdır.

    Bu dövrdə yağların qəbulu da mühümdür, xüsusilə kərə yağı. Qaz mübadiləsinin baş verdiyi ağciyərlərin ən kiçik struktur komponentləri --alveolaların daxili xüsusi bir səthi aktiv maddə olan surfaktant ilə örtülmüşdür. Alveolları baloncuqlar şəklində dəstəkləyir və "çökməyə" imkan vermir. Alveoldan qana oksigenin daxil olmasını sürətləndirir. Surfaktantın tərkibi 90 faiz yağlardan , 10 faiz zülal və karbohidratlardan ibarətdir. Qidada yağın miqdarı az olarsa, surfaktant sintezi zəifləyir. Oksigen zəif udulur və hipoksiya baş verir.

    Eyni zamanda təbii antiseptik adlandırılan soğan, sarımsaq, zəncəfil kimi qida məhsullarından istifadə olunması məsləhət görülür.  Soğanın və sarımsağın tərkibində olan allin adlanan bir maddə vardır kı, kəsildikdə və əzildikdə allisin adlanan təbii antseptik adlanan maddəyə çevrilir.

    ÜST enerjinin azalmasına, əhval - ruhiyyənin azalmasına, immunitetin zəifləməsinə və depresiv vəziyyətə səbəb olan sadə karbohidratların istifadəsindən imtina etməyi tövsiyə edir. Bunlara birinci növ buğda unu, ağ şəkər, qlükoza və meyvə siropları, tərkibində fruktoza olan bütün məhsullar aiddir. Eyni zamanda immunitetə mənfi təsir göstərən zərərli adətlərdən (siqaretçəkmə, alkoqoldan sui istifadə, qalyan və s) imtina etmək lazımdır.

Gigiyena qaydalarına və qidalanma rejiminə düzgün əməl olunarsa, xəstəliklə mübarizə aparmaq daha asan olacaq.

 

Zərifə BƏŞİRQIZI,
Xalq qəzeti”

26 Noyabr 2020 14:59 -

Köhnə versiyamızdan xəbərləri izlə