Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dədə Şəmşir, ruhun şaddır, bilirəm!

Bir görmək istədim Tərtər çayını

Dərəyə saldığı hay-harayını

Yaylaqda kecirsən bir ay yayını

Hər günün bir aya, bir ilə bəsdi.

 

Qayalar dağların köksünü hörən

Dəlidağ zirvəsi göyə dirənən

Bizim Kəlbəcərin yazını görən

Deyərmi, ay Cavid, bu nə həvəsdi?!

 

Gəzib oynayardım çöldə, eşikdə,

Çıxardım Murova, lap birə-beş də,

Kəndin qənşərində, Çiçəkli döşdə,

Toplamaq istədim bənövşə dəsti

(Cavid Qənbəroğlu)

Gözün aydın, Kəlbəcərim, gözünüz aydın kəlbəcərlilərim, gözün aydın, Azərbaycanım! Gözün gülsün, ruhun şadlansın, qanadlansın Dədə Şəmşir, nisgilli Bəhmən Vətənoğlu, dərdli Məmməd Aslan, yaralı Şücaət...

Gözün aydın olsun, Dədə Şəmşir yadigarı Qənbər Şəmşiroğlu, Kəlbəcərimin igid oğlu, DÖVLƏT adamı, əziz qardaşım Cavid Qənbər oğlu Qurbanov!

Qənbər dayı, hər il doğum gününizdə Sizə uzun ömür diləyərək deyirdim ki, gün o gün olsun, bütün torpaqlarımız, Kəlbəcər işğaldan azad olsun, hamılıqla o yurdlara gedək, mən də öz əllərimlə Kəlbəcərin axarlı-baharlı çöllərindən, dağlarından təzə-tər gül-çiçəklər toplayıb Sizə və Diləfruz anaya hədiyyə edim. Şükürlər olsun, arzularımız çin çıxdı. Şükürlər olsun, bu günləri-Kəlbəcəri azad gördünüz! İndi qalır Kəlbəcərə gedib, dağlardan gül dərmək! Onu da edəcəyik, inşallah. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Cavid qardaşımız o dağlara, Qarabağa dəmir yolları çəkəcək, biz də həmin qatarla Zəfər cəngiləri altında Torpaqlarımıza gedəcəyik. Yolumuz uzundur, Qənbər dayı. Çox uzaqlara gedəcəyik! Bütün Qarabağa, Naxçıvana gedəcəyik, bütöv Azərbaycanı görəcəyik!

Artıq nisgilinizə, kədərinizə, acınıza, yurd həsrətinizə son qoyuldu... Kəlbəcərimiz, Kəlbəcəriniz bizimdir, SİZİNDİR, igidlər oylağınındır!

Artıq təqdimdə qara ləkəli 2 aprel yoxur... Artıq təqvimdə Şanlı 25 noyabr var... Artıq işğal yoxdur, artıq Zəfər, Qələbə var! Bunu çoxdan haqq edirdik, bunu çoxdan HAQQ edirdiniz... Bizi bunlara, bu günlərə qovuşduranlara min şükürlər olsun... Min yaşasınlar...

Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan var olsun, min yaşasın!

Ali Baş Komandanın Qalib, Müzəffər Ordusu var olsun, vuran əli gücdən, təpərdən düşməsin!

Şükür bu günə, bu günümüzə, bu günlərimizə...

Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər, Dastan, Tarix yazılır...

Tarixə qızıl hərflərlə həkk olunacaq İgidlik, Qəhrəmanlıq dastanları yaradılır, hərb elminə düşəcək salnamələr ortaya qoyulur...

Bunu, bunları Azərbaycan edir, Ali Baş Komandan edir, rəşadətli Azərbaycan Ordusu edir, qədirbilən Azərbaycan insanı, Azərbaycan xalqı edir!

1988-ci ildən işğal gününəcən və əzablı, əziyyətli köçkünlük illəri yaşayarkən çox yara aldın, çox yaralandın, bəzən də bilib-bilməyənlər, anlayıb-anlamayanlar, acını yaşayamanlar tərəfindən çox təhnizləndin, çox töhmətləndin...

Küsdün, incidin, guşənişin oldun, amma səbrlə, təmkinlə bu günləri gözlədin...

İşğaldan QURTULacağına bir an olsun inamını, Dövlətinə, Orduna, Dövlət Babana güvəncini, etimadını itirmədin...

Düz də etdin!

Gözlədin və HAQQINı aldın, Haqqımız olanı aldıq...

Qoy, vətən, Kəlbəcər torpaqları uğrunda canlarını fəda edən Şəhidlərimizin ruhları şad olsun, qoy, hələ də Birinci və İkinci Vətən Müharibəsinin sızıltıları canlarından getməyən İgidlərimizin, Qəhrəmanlarımızın, Kəlbəcərlilərimizin gözləri aydın olsun...

Haqqınızı halal edin, Haqqlarını halal etsinlər!

Artıq şeirlərimiz, mahnılarımız, sənət nümunələrimiz də güləcək, çağlayacaq, kədər, nisgil şeirləri, mahnıları Sevinc, Zəfər nümunələri ilə əvəzlənəcək, rövnəqlənəcək...

Marşlar yazılacaq, halay çəkiləcək!

Bir az öncə ölkə Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa tarixi müraciəti oldu.

Müraciətində “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər”-deyən Ali Baş Komandan bəyan etdi ki, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini yenidən dirçəldəcəyik.

Hətta tapşırıq verilib ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın və təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə. Bu yerlərə həyat qayıdacaq.

Müharibənin nəticələri biz, Ali Baş Komandan deyən kimi oldu.

Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı...

Müharibə bir daha göstərdi kim kimdir: Ermənistan məğlub edilmiş ölkədir.

Azərbaycan Zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Jalə ƏLİYEVA,

Milli Məclisin deputatı, professor

 

26 Noyabr 2020 13:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə