Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərəfli ömrün xatırlananları: Firad müəllim yaxşı mütəxəssis, vətənpərvər insan idi

İkinci Dünya Müharibəsindən sonra Sovet Azərbaycanın iqtisadi inkişafı aqrar sektorla yanaşı sənayeləşməyə doğru ciddi istiqamət almışdır. Təsadüfi deyil ki, məhz ötən əsrin 60-70-ci illərində Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və onun bazasında yaradılmış Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) təklif etdiyi ixtisaslar yeni nəsil  arasında xüsusi maraq oyadırdı.

O dövrdə belə gənclərdən biri də 1947-ci ildə Füzuli rayonunun Arayatlı kəndində dünyaya göz açmış Cəfərov Firad Dadaş oğlu idi. Orta məktəbi əla qiymətlərlə bitirən Firad müəllim, özünün də etiraf etdiyi kimi hansı ali təhsil müəssisəsinə, hansı ixtisasa yiyələnmək istədiyini hələ özü də bilmirdi. Tale elə gətirir ki, 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsalat Proseslərinin Avtomatlaşdırılması fakultəsinin tələbəsi oldu, burada “Avtomatika və Telemexanika” ixtisasına yiyələndi. Bu  fakultənin təcrübəli və yüksək ixtisaslı müəllim heyəti, savadlı və mehriban qrup yoldaşlarının yaratdığı sağlam rəqabət  gənc Firadın səriştəli mütəxəssis kimi formalaşmasında xüsusi rol oynadı.

Ali təhsili başa vurduqdan sonra, müəlimlərindən biri olan AMEA-nın müxbir üzvü, professor Əsgər Abdullayev gənc Firadı və "Avtomatika və telemexanika" ixtisası üzrə institutu yüksək qiymətlərlə bitirmiş bir çox gənc mütəxəssisi işləmək üçün rəhbərlik etdiyi “Neftkimyaavtomat” Elmi-Tədqiqat Layihə İnstitutuna dəvət edir. 1970-ci ildə “Neftkimyaavtomat” ETLİ-də əmək fəaliyyətinə başlayan Firad müəllim illər sonra, 1994-cü ildə bu müəssisənin (sonradan adı dəyişdirilərək “Neftqazavtomat” Elmi-İstehsalat Müəssisəsi olmuşdur) baş mühəndisi vəzifəsinə kimi yüksəlmiş və 26 il - ömrünün sonuna kimi bu mötəbər vəzifədə ləyaqətlə çalışmışdır. Fəaliyyəti dövründə neft-qaz sənayesi obyektlərinin avtomatlaşdırılması sahəsində əhəmiyyətli elmi-texniki işləri yerinə yetirmiş, bir çox nəzarət-idarəetmə sistemlərinin, qurğu və cihazlarının yaradılmasında yaxından iştirak etmişdir. Firad müəllim yüksək ixtisaslı mütəxəssis kimi doğma Azərbaycandan kənarda da, dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən şirkət və müəssisələrə ezam olunaraq öz töhfəsini vermişdir. Onun ezamiyyə xəritəsi Rusiyanın soyuq Sibir bölgəsinin onlarla şəhərindən tutmuş, Şərqin İraq, İordaniya kimi müxtəlif ölkələrinə kimi uzanır.

Elmi fəaliyyəti dövründə Firad Cəfərov iqtisadi cəhətdən səmərəli olan 10-dan çox elmi-texniki ixtiranın, 30-a yaxın elmi məqalənin müəllifi olmuş, eyni zamanda onlarla aspirantın yetişdirilməsində xüsusi əməyi olmuşdır.

Ulu öndər Heydər Əliyevin  Sovet Azərbaycanına rəhbərlik etdiyi dövr ölkədə neft və kimya sənayesinin inkişafında yeni mərhələ olmuşdur. Azərbaycanın aqrar ölkə statusundan sənaye ölkəsi statusuna transformasiyası məhz bu dövrdə baş vermişdir. Bakı şəhəri ilə yanaşı Sumqayıt, Əli-Bayramlı (indi Şirvan), Mingəçevir kimi  şəhərlərdə sənaye inkişafının bumu yaşanırdı. Bu şəhərlərdə sənayeləşmə prosesinin formalaşmasında birbaşa iştirak edən mütəxəssislər sırasında Firad müəllim də var idi. Sumqayıt şəhərinin  sənayeləşməsi işində, şəhərin iqtisadi potensialının yüksəlişində, Azərbaycanın hüdudlarını aşaraq bütün keçmiş SSRİ məkanında  tanınmasında və ittifaq əhəmiyyətli sənaye şəhərinə çevirilməsində onun çalışdığı müəsisənin və  Firad müəllim də böyük töhfələri  olmuşdur.

2005-ci ildə “Neftqazavtomat” EİB-in Müdafiə Sənayesi Nazirliyinin strukturuna keçməsindən sonra müəssisənin elmi və istehsalat potensialı müdafiə sənayesinin inkişafına yönəldilmişdir. Müəssisənin rəhbərliyi, o cümlədən Baş mühəndis Firad Cəfərov bütün bilik və bacarığını, təşkilatçılıq və rəhbərlik xüsusiyyətlərini səfərbər edərək ölkəmizin müdafiə sənayesi potensialının artırılmasına ciddi dəstək vermişdir. Müəssisədə xüsusi təyinatlı müxtəlif növ idarəedici cihazların, elektron qurğuların istehsalına başlanılmış və bu günümüzə kimi bu iş uğurla davam etdirilmişdir.

Firad müəllimin müdafiə sənayesi sahəsinə, habelə ölkənin ümumilikdə neft və kimya sənayesinin inkişafına verdiyi töhfə ölkə rəhbərliyinin diqqətindən yayınmamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 dekabr 2013-cü il tarixli sərəncamı ilə Firad Cəfərova “Əməkdar Mühəndis” fəxri adı verilmişdir. Firad müəllim həyatı və əmək fəaliyyəti boyunca çoxsaylı nailiyyətlərə imza atmış, bir çox fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Lakin, özünün hər zaman dediyi kimi, onun  əməyinin ən böyük dəyəri  ölkə prezidenti tərəfindən verilmiş “Əməkdar Mühəndis” fəxri adı olmuşdur.

Firad müəllim çox vətənpərvər insan idi. Azərbaycanın müstəqilliyə qovuşmasında və ölkənin müstəqillik mübarizəsində fəal iştirak etmişdir. 20 yanvar, Qarabağ ağrısını şəxsi faciə kimi çiyinlərində hiss edirdi. 27 sentyabrda başlayan Vətən Müharibəsində şanlı ordumuzun azad etdiyi hər kəndə, yüksəkliyə, düşməndən geri alınan hər qarış torpağa görə çox sevinirdi. İşğal altında olan torpaqlarımızın  azad edilməsini böyük səbirsizliklə gözləyirdi. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti və  Ali Baş Komandan  İlham Əliyevin qələbə, Ermənistan Baş nazirinin isə kapitulyasiya sazişini imzalaması haqda cənab Prezidentin canlı çıxışını dinləyərkən sevincinin həddi hüdudu yox idi. O, bilirdi ki, Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən imzalanmış Birgə Bəyanatın qüvvəyə minməsini böyük qələbənin təsdiqidir.

Firad müəllim Qarabağın xoş xəbərini eşitdi. Azğın düşmən tərəfindən daşı-daş üstündə qalmayan Qarabağın quruculuq işlərində yaxından iştirak etmək üçün geniş planları və arzuları var idi. Böyüyüb başa çatdığı, uşaqlıq və yeniyetməlik  illərinindən bağlı olduğu tarixi torpaqlara, Füzuliyə dönüş onun üçün də əvəzi olmayan qayıdış idi. Amma tale amansızlıq etdi,  həmin gün Firad Cəfərovun xalq üçün döyünən ürəyi dayandı. Allah rəhmət eləsin!

Bu gün onun ailəsinə təkcə Azərbaycandan yox,  dünyanın ən müxtəlif şəhər və regionlarından başsağlıqları gəlir. Hər birində də Firad müəllimin çox yüksək qiymətə layiq insan, müdrik, təvazökar, əsl dost olduğu, neft – qaz sənayesi sahəsinə mühüm töhfələr verdiyi, neftçilər üçün parlaq bir tapıntı olduğu vurğulanır. İnanırıq ki, Firad müəllimin özü bu həyatda olmasa da onun əməli işləri, ixtiraları yaşayacaq, yetişdirdiyi mütəxəssislər, tərbiyə etdiyi övladları, nəvələri bu ölkəyə daim şərəflə xidmət edəcək, onun adının yüksək tutacaqlar.

 

N. Qədimoğlu, 
“Xalq qəzeti”

 

 

26 Noyabr 2020 10:57 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə