Ən son xəbərlər
NHK “World” telekanalının yaydığı məlumata görə, Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi çinli həmkarı Van İ ilə Tokioda görüş keçirib. Bildirilir ki, görüş zamanı iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Kiodo” agentliyi isə yazır ki, müzakirələr Çinin xarici işlər naziri Van İnin koronavirus pandemiyası dövründə Yaponiyaya ilk rəsmi səfəri çərçivəsində baş tutub. Bildirilir ki, tərəflər arasında əldə edilən razılaşmaya əsasən, bu ayın sonundan başlayaraq, qarşılıqlı ezamiyyələr zamanı 14 günlük karantin müddəti aradan qaldırılacaq. Koronavirusla əlaqədar tətbiq edilən qadağaların belə yumşaldılması dünyanın ikinci və üçüncü iqtisadiyyatına malik olan ölkələrin iqtisadiyyatının bərpasına mühüm təsir göstərəcək.
Görüş zamanı tərəflər arasında Senkaku adaları ilə bağlı son illər müşahidə edilən gərginliklə bağlı müzakirələrin aparıldığı da qeyd edilib.
Qeyd edilir ki, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün T.Moteqi ilə Van İ gələn il nazirlər səviyyəsində iqtisadi dialoqun təşkili barədə razılığa gəliblər. Həmin dialoq zamanı ətraf mühitin mühafizəsi, səhiyyə, elektron ticarət, enerji təchizatı və innovasiyalarla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Nazirlərin, həmçinin Yaponiya və Çinin iqlim dəyişmələrinə qarşı mübarizə üzrə danışıqlara yardım etmək üçün birgə qrupun yaradılması və 2011-ci il zəlzələsindən sonra Fukuşimada baş verən atom qəzasına görə Yaponiyadan Çinə ixrac edilən ərzaq məhsullarına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə razılığa gəldiyi də bildirilir.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə