Ən son xəbərlər
ABŞ-da fəaliyyət göstərən Harvard incəsənət muzeyləri şəbəkəsinin veb-saytının rəqəmsal kolleksiyalar bölməsində Qarabağ xalçasının (“Talış xalçası”) erməni mədəniyyəti nümunəsi kimi təqdim edilməsi barədə Mədəniyyət Nazirliyinə müraciət daxil olmuşdur. Bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər.
Məsələ ilə bağlı həmin muzeylər şəbəkəsi ilə əlaqə saxlanılmış və muzeyin rəqəmsal kolleksiyalarında səhvən erməni mədəniyyəti nümunəsi kimi təqdim olunmuş 1860-cı illərə aid olan “Talış xalçası”nın toxunduğu məkan bölməsində müvafiq düzəliş olunduğu üçün qarşı tərəfə təşəkkür edilmişdir.
Mənbə bildirir ki, bu xalçanın toxunulduğu məkanın Azərbaycan olduğu göstərilib.
Məlumat üçün deyək ki, Qarabağ qrupu xalçalarının bədii kompozisiyasını nəbati elementlər, müxtəlif heyvan və quş təsvirləri və həndəsi motivlər təşkil edir. Harvard İncəsənət Muzeyinin kolleksiyasında qorunan həmin Qarabağ xalçası “Talış xalçası” adı ilə təqdim olunur. Görkəmli alim, sənətkar, xalça ustası, Azərbaycan Milli Xalça Muzeyinin qurucusu, üçcildlik “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimovun təsnifatına görə də bu xalça məhz Azərbaycan xalçalarının Qarabağ tipinə aiddir.
Eyni zamanda, qarşı tərəfə bu ilin noyabr ayında “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10-cu ildönümü olduğu barədə məlumat verilmişdir.
Harvard incəsənət muzeylərində qorunan xalçaların atribusiyasının aparılması ilə bağlı hər zaman əməkdaşlıq etməyə hazır olduğumuz qarşı tərəfə bildirilmişdir.
Qeyd edilməlidir ki, dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması, atribusiyanın aparılması prosesi bu gün də davam etdirilməkdədir. 2017-ci ildə Londonun “HALİ Publications Ltd” nəşriyyatı tərəfindən dərc olunan “Qafqazın ulduzu: Azərbaycan ipək tikmələri” kitabı tikmələr haqqında müfəssəl informasiyanı və əvvəllər araşdırılmamış eksponatların fotolarını özündə əks etdirən ilk akademik nəşr olmuşdur. Həmçinin “Azərbaycan inciləri dünya muzeylərində” kitabının nəşr olunmasını da bu istiqamətdə görülən ən mühüm işlərdən biri hesab etmək olar.
Azərbaycan xalçaçılıq sənətinin inkişafı və beynəlxalq arenada tanıdılması, dünya muzeylərində qorunub saxlanılan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq vətəninə geri qaytarılması istiqamətində də işlər davam etdirilir. Fransanın Luvr Muzeyi və Böyük Britaniyanın “Viktoriya və Albert” Muzeyi, Britaniya Muzeyi və digər muzeylər ilə Mədəniyyət Nazirliyi və nazirliyin aparıcı muzeylərinin əməkdaşlığı bu istiqamətdə atılan mühüm addımlardandır.
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə