Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan tarixinin zəfər salnaməsi”

Gerçək qələbə dastanı

Xalqımızın Vətən müharibəsində qazandığı qələbə nəticəsində ərazi bütövlüyümüzün bərpa olunmasını, düşmənin yerdə qalan məntəqələrdən məğlub halda çıxarılmasını misilsiz bir sevinclə qeyd etdiyi günlərdə AMEA Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, I Qarabağ müharibəsinin iştirakçısı, yazıçı-publisist Şöhrət Səlimbəylinin “Azərbaycan tarixinin zəfər salnaməsi” kitabı “Avropa” nəşriyyatında çapdan çıxıb. Yeni nəşr Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən II Qarabağ savaşında qazandığı zəfərdən bəhs edir. Kitabın ilk nüsxəsini redaksiyamıza təqdim edən Şöhrət Səlimbəyli bildirdi:

– Xalqımızın Qarabağ dərdi, yurd itkisi buvaxtadək, az qala, bütöv bir kitabxa­na təşkil edən nəşrlərdə, saysız-hesabsız əsərlərdə əksini tapıb. İtkidən, ağrıdan yazmağın, kitab bağlamağın özü də olduqca ağrılıdır. Qələbədən isə danışmaq və yazmaq olduqca öyünc­lü, sevincli və tamamilə əziyyətsizdir. Bu baxımdan Qarabağ qələbəmizin illər boyu davam edəcək sənədli və bədii yaradıcılığa təkan verdiyi, yazıldıqca bitməyən mövzulara çevriləcəyi şübhəsizdir. Bu prosesin qaranquşlarından olan “Azərbaycan tarixinin zəfər salnaməsi” kitabının müəllifi də, əslində, 44 günlük müharibənin bizə diqtə etdiyi həqiqətlər, 34 illik ağrılı-acılı mübarizədə böyük Qələbə qazanan xalqımızın tarixi hünəridir.

Siyasət adamları ter­rorizmin millətinin, dininin, məmləkətinin olmadığını deyirlər. Ermənistanın Azərbaycan torpaqların­da törətdiyi terror aktları isə onu göstərir ki, terro­rizmin vətəni də, milləti də, dini də mövcuddur. İndiyədək erməni van­dallarının Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, amansız terrorlar yaşa­dığımız XXI əsrdə heç də təsadüfi hadisə olma­dığını, tarixən, erməni siyasətçilərinin soyqırımı ideologiyasına əsaslanan məfhumların çağdaş mərhələlərdə müəyyən bir ifadəsi olduğunu isbat edir.

Bundan əlavə, Vətən müharibəsi günlərində çağ­daş dünyanın üzüdönüklüyü Azərbaycana, bütünlükdə türk xalqlarına yönəlmişdi. Böyük dəyərlərə, yüksək ideallara köklənmiş xalqı­mız haqq sözünü deyərək Azərbaycanın cahanşü­mul dövlət olduğunu bir daha ortaya qoydu. Bu mübarizədə qardaş Türkiyə və Azərbaycan insanlıq adına işlənən suçlara qarşı birgə mövqe nümayiş etdirdi. Kitabda bütün bu həqiqətləri oxuculara çatdırmağa çalışmışıq. Qarabağın xilası şərəfinə hazırladığımız bu nəşr yurdsevər xalqımıza, qəhrəman döyüşçülərimizə qələm adamlarının söz töhfəsidir.

Müəllifin dediklərinə əlavə olaraq, bildirək ki, yeni kitabı vərəqlədikcə, müxtəlif səpkili yazılarla tanış olduq­ca çoxillik Qarabağ dava­mızın geniş mənzərəsi göz önündə canlanır. Düşmənin işğaldan azad etdiyi torpaq­larımızda törətdiyi vandalizm səhnələri isə insanı dəhşətə gətirir. Erməni vəhşiləri Qarabağın coğrafi ərazisini, etnik tərkibini, iqtisadiyyatı­nı, sosial-mədəni dəyərlərini, tarixi-mədəniyyət abidələrini, florasını və faunasını dağıdıb, bölgəni bütöv bir məzarlığa çevirib. Muzeylər, məscidlər, məktəblər, mədəniyyət mərkəzləri, hətta məzarlıqlar dağıdılıb...

Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Mahmud Allah­manlı “Ön söz”də vurğuladığı kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Koman­dan İlham Əliyevin, qüdrətli Azərbaycan Ordusunun və xalqın birliyi nəticəsində ərazilərimizin 20 faizini işğal edib, 1 milyon soy­daşımızı qaçqın-köçkünə çevirən işğalçı Ermənistan Azərbaycanın tarixi zəfəri ilə layiqli cavabını aldı, bir qərinədən bəri davam edən faciə və itkilərimizə son qoyuldu.

“Azərbaycan tarixinin zəfər salnaməsi” toplusunda Prezident İlham Əliyevin dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələrinə də vgeniş yer ayrılıb. Nəşrə XII, XIV, XV, XVI əsr Çin, yunan, italyan, fransız, ingilis, ərəb, İran və digər xarici səyyahların, tacirlərin, diplo­matların, coğrafiyaşünasların Azərbaycan haqqında fikirləri də əlavə olunub.

Kitabın redaktoru filo­logiya üzrə elmlər doktoru Raqub Kərimov, rəyçisi filologiya üzrə elmlər dok­toru Paşa Kərimov, hərbi məsləhətçisi ehtiyatda olan zabit, II qrup müharibə əlili Füzuli Rzaquliyev, məsləhətçisı yazıçı-publisist Şamil Cəfərdir.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

26 Noyabr 2020 00:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə