Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID–19-dan qorunmaq bu gün gec deyil, amma sabah gec ola bilər

“Koronavirusa qarşı mübarizə ümumxalq işidir. Biz hamımız bu mübarizədə fəal iştirak etməliyik”. Bu sözləri Milli Məclisin Sədri Sahibə Qafarova son dövrdə yeni növ koronavirus pan­demiyası ilə bağlı ölkə ərazisində vəziyyətin gərginləşməsi ilə əlaqədar deyib. Bildirib ki, virusun yayılma sürəti yüksəlib, yoluxan insanların sayı artıb, Milli Məclisin bir sıra deputat­ları da koronavirusa yoluxublar. Sədr deputatlara deyib ki, xəstəlikdən qorunmaq üçün verilən bütün tövsiyə və göstərişləri yerinə yetirmək, o cümlədən sanitariya – gigiyena qaydalarına ciddi əməl etmək lazımdır. Çünki qarşıda bizi çox önəmli işlər gözləyir. O, həmçinin Milli Məclisin fəaliyyətini işıqlandıran media təmsilçilərinə də xəstəliyin yayılmasının qarşısını alma­ğa, infeksiyadan qorunmağa kömək edən qaydalara ciddi riayət etmələrini tövsiyə edib.

Bu gün, COVID – 19 infeksi­yasına qarşı vaksinlərin və sırf müalicəsindən ötrü dərmanların olmadığı vaxtda Azərbaycan regionda pandemiyanın qarşısını almaq üçün yeganə vasitələr olan epidemioloji və sosial tədbirlər görməyə başlayan ilk ölkələrdən biri olub. Əlbəttə, biz hamı­mız bilirik ki, bunlar əllərin yuyulması, respirator etiketi, maskalar və fiziki distansiyadır. Bu tədbirlər həddən artıq sadə olsa da, onlar sistemli xarakter daşıyır və milli səviyyədə həyata keçirilir. Bu barədə Ümum­dünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmancı BMT-nin Xəbərlər saytına müsahibəsində bildirib. O xatırladıb ki, Azərbaycanda ötən tədris ilində, hələ martın əvvəllərində məktəblər bağlanıb və tədricən epidemioloji və sosial tədbirlər sərtləşdirilməyə baş­lanıb. Karantin tətbiq edilib, insanlara evdən çıxmamaq tövsiyə edilib, bir çox ofislər bağlanıb. Yaydan sonra tədbirlər yumşaldılıb.

H.Harmancı deyib: “ÜST hər bir ölkədə vəziyyəti izləmək üçün yaxşı bir üsuldan – harada və hansı tədbirlərin keçirilməsini, xəstəliyin hansı səviyyədə olduğunu əks etdirən ümumi indeksdən istifadə edir. Məlum olub ki, harada tədbirlər sərtləşdirilirsə, orada COVID -- 19 xəstəliyinə yeni yoluxma hallarının sayı azalır. Lakin bu göstəriciləri interpretasiya etmək o qədər də asan deyil. Yaddan çıxarmaq lazım deyil ki, o vaxt yay mövsümü yaxınlaşırdı, yay aylarında yeni yoluxma hallarının sayı bütün dünya üzrə azalmışdı. Əminliklə deyə bilərik ki, bu virus mövsümi xarakter daşıyır. Buna görə də indi, məsələn, qışın gəlməsi ilə yoluxmaların sayı yenidən artır. Bununla belə, ÜST-nin tövsiyə etdiyi epidemioloji və sosial tədbirlər özü­nün səmərəliliyini sübut etdi. Ölkələr, həmçinin bir - birindən öyrənə bilərlər, ÜST yaxşı təcrübə mübadiləsinə hər cür köməklik göstərir. Azərbaycan da region ölkələrinin hansı tədbirlər görməsinə diqqət yetirir. Məsələn, Azərbaycan Türkiyə ilə çox sıx əlaqələrə malikdir, bu ölkələr pande­miyanın ta əvvəlindən məlumatlarla və yeniliklərlə səhiyyə nazirləri səviyyəsində mübadilə aparıblar”.

Azərbaycanın ÜST- ün tövsiyələrinə çox ciddi yanaşdığını və tibbi xidmətin bütün mərhələlərində bu tövsiyələrin həyata keçirilməsinə təşkilat tərəfindən hər cür kömək göstərildiyini qeyd edən H.Harmancı deyib ki, başa düşülməlidir ki, ÜST elmi və texniki tövsiyələr təqdim edir, lakin onların icrası konkret hər ölkənin işidir. Bu ölkələrin hökumətləri vəziyyətin spesifikasını: cəmiyyətin strukturunu, mədəni xüsusiyyətləri, müəyyən tədbirlərin ehtimal dərəcəsini və sair amilləri nəzərə alırlar. O, Azərbaycanın da ÜST-nin tövsiyələri ilə ümumi məxrəcə gəlməyə çalışdığını vurğulayıb: “Mən iki mühüm nailiyyəti qeyd etmək istərdim. Onlar xəstəliyə yolux­manın və epidemioloji ab-havanın izlənməsinin rəqəmsal sistemini cəmi üç ay ərzində yaradıblar. Bu, böyük nailiyyətdir. Bu, onu deməyə əsas verir ki, hökumət pandemiyaya müqavimət göstərmək əzmindədir və bunun üçün imkanları var.

Bütün maraqlı tərəflərin mil­li səviyyədə yaxşı koordinasiya fəaliyyətini vurğulayan nümayəndə deyib: “Məlumdur ki, belə fövqəladə vəziyyətin öhdəsindən yalnız Səhiyyə Nazirliyinin gücü ilə gəlmək mümkün deyil. Buraya ən müxtəlif nazirliklər cəlb olunmalıdır. Azərbaycanda Baş nazir səviyyəsində operativ qərargah yaradılıb. Qərargah müxtəlif nazirləri və nazir müavinlərini bir yerə cəmləyib ki, onlar daha səmərəli əməkdaşlıq etsinlər və cavab tədbirlərini əlaqələndirsinlər”.

Qarabağ münaqişəsinin gərginləşməsi ilə əlaqədar səhiyyədə yaranmış vəziyyətlə bağlı H.Harmancı xatırladıb ki, Qarabağda atəşkəs barədə bəyanat imzalan­dıqdan sonra çoxlu sayda insan əllərində bayraqlarla küçələrə çıxaraq mahnı oxuyub, şənləniblər. O deyib: “Biz bilirik ki, mahnı oxuyan zaman ağızdan selik havaya yayılır, bu, çox təhlükəlidir. Mən pəncərədən müşahidə edirdim – insanlar, xüsusən də gənclər, hər yerdə idilər bu, məni çox narahat edirdi. Düşünürəm ki, inkubasiya dövründən sonra, yəni 1 – 2 həftədən sonra biz infeksiyanın artmasının şahidi olacağıq”.

O, həmçinin bildirib ki, ÜST hökumətlə görüşlər formatına qayıtmaq niyyətindədir. Çünki münaqişə gərginləşməmişdən əvvəl bu görüşlər iki həftədə bir dəfə keçirilirdi. Bu, daha fəal texniki dəstəyin göstərilməsi, xüsusən də xəstəxanaların hazırlığı məsələlərində önəmli məqsəd daşıyırdı. İndi vəziyyəti yenidən qiymətləndirmək və zəruri addımlar atmaq lazımdır. Bu zəruri addımların atılması əsas ona görə lazımdır ki, yeni növ koronavirus daxili orqanları da sıradan çıxarır. Virus ilk növbədə həyati vacib orqan­ları zədələyir. Mütəxəssislər bildirirlər ki, COVID – 19 daha çox ağciyər və ürəkdə fəsadlar yaradır.

Səhiyyə Nazirliyinin baş infeksi­onisti Təyyar Eyvazov deyib ki, bu gün bizi insanların COVİD – 19-la bağlı qoruyucu tədbirlərə riayət etmək səviyyəsi qane etmir. Onun sözlərinə görə, qapalı məkanlarda bu virusun yayılması üçün daha çox şərait var: “Ancaq biz onu müşahidə edirik ki, qapalı məkanlarda qoruyu­cu tədbirlərə riayət etmə bir o qədər də kütləvi xarakter daşımır. İnsanlar onlara dəfələrlə deyilən sadə qay­dalara riayət etməlidirlər. Bu, qapalı məkanlarda xüsusilə olmalıdır. Çünki hazırda hava soyuduğundan biz otaqları qızdırıcı sistemlərlə isidi­rik və havalandırmırıq. Əgər hava dəyişdirilmirsə, təmaslar yaxın olursa, belə şəraitdə yoluxma ehtimalı daha çox olur".

Mütəxəssis deyib ki, qapa­lı məkanlarda, xüsusilə, mülayim temperatur və rütubətin az oldu­ğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta hündürdən danış­dıqda da, virus hissəcikləri ətrafa yayılır: “Ancaq bu hissəciklər daha kiçikdir, onların məsafə qət etməsi daha uzundur. Bu, o deməkdir ki, belə şəraitdə həmin hissəciklər daha uzun müddət havada qalaraq, daha aralıda olan insanları yoluxdu­ra bilər. Buna görə də biz otaqları havalandırmaqla yanaşı, eyni vaxtda otaqda olan insanların sayını azalt­malıyıq. Təsadüfi deyil ki, operativ qərargah da müəssisələrə, hətta özəl müəssisələrə də işçilərin sayını 30 faizədək azaltmağı tövsiyə edib”.

Hazırda bütün dünyada vəziyyər gərgindir. COVID–19 dünyaya meydan oxuyur. Xəbərlərə görə COVID–19- a yoluxanların sayı 60 milyonu keçib. Xarici mətbuatın yaydığı ən son məlumatda bildirilir ki, koronavirusa yoluxanları sayı 60 mil­yon 108 min 193-ə çatıb. Məlumata əsasən, virusdan ölənlərin sayı 1 milyon 414 min 925 nəfər, xəstəlikdən sağalanların sayı isə 41 milyon 556 min 897 nəfərdir. Qeyd edək ki, koronavirusa yoluxma sayına görə, ilk üç yerdə ABŞ, Hindistan və Braziliya dayanır.

Noyabrın 24 də Azərbaycanda COVID – 19 infeksiyasına görə 14 min 358 test edilib və yoluxma sayı 3 min 646 olub. Bu çox ağır nəticədir. Yoluxma sayının bu qədər olması o deməkdir ki, özündə narahatlıq hiss edən, koronavirusa aid bildirilən əlamətlərdən biri və ya, bir neçəsini özündə hiss edib testdən keçən hər 3 nəfərdən biri potensial xəstədir. Bunun ağırlıq dərəcəsi isə fərdi ola­raq immunitetə bağlıdır və yoluxanın həkimə nə vaxt müraciət etməsindən asılıdır. Qeyd edək ki, indi tənəffüs aparatına bağlananların da sayı artıbŞ ölüm hallarının da. Noyabrın 24-də 34 nəfər vəfat edib. Hazırda pandemik xəstəxanalarda aktiv xəstə sayı 31 min 999 nəfərdir.

Yoluxma sayının, aktiv xəstənin gündən – günə artması o deməkdir ki, hələ də qorunma ilə bağlı deyilənlərə laqeyd yanaşanlar var. Unutmaq olmaz ki, tövsiyə edilən qaydalar, qorunma ilə bağlı tələblər insanların sağ qalması üçün deyilir. Bir gün xəstəxana çarpayısında uzanıb “mən nə etdim?” – demək gec olacaq. Tövsiyə və tələblər sənin üçün, mənim üçün, valideynlərimiz, övlad­larımız üçündür. Yaşamaq istəyiriksə, xəstəliyin ciddiyyətinin fərqinə varma­lıyıq. Virus bizim yol yoldaşımızdır, işdə həmkarımızdır, küçədə yanımız­dan ötən hər kəsdədir, marketdə qar­şımızdakındadır – deyə düşünməliyik. Qorunmaq bu gün gec deyil, amma sabah gec ola bilər.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

26 Noyabr 2020 00:36 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə