Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Energetika Nazirliyində İtaliyanın ölkəmizdəki səfiri ilə görüş olub

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massarini qəbul edib. Görüşdə bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasının gedişi müzakirə edilib.

Energetika Nazirliyindən verilən məlumatda bildirilir ki, səfir dinc əhalinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanla­rın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, üçtərəfli bəyanatı alqışladığını vurğulayıb.

İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib. Energetika naziri başsağlığına və İtaliyanın imzalanmış bəyanata dəstəyinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin iqtisadiyya­tın bir çox sahələrində uğurla inkişaf etdiyi, uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlığın mü­hüm elementi sayılan Trans Adriatik Boru Kəməri layihəsinin İtaliya və digər Avropa istehlakçıları üçün əhəmiyyətindən bəhs edilib, layihənin kommersiya fəaliyyəti üçün hazır olduğu, cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğu vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, enerji sektorunda investisiya im­kanları ətrafında fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası və İtali­ya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına ha­zırlıq, iki ölkənin müxtəlif qurumları arasında imzalanmış əməkdaşlıq sənədlərindən irəli gələn məsələlər nəzərdən keçirilib.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

26 Noyabr 2020 00:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə