Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələbədən sonra iqtisadiyyatımız yeni inkişaf mərhələsinə qədəm qoyacaq

Koronavirus pandemiyasına qədərki son iki ildə Azərbaycan iqtisadiyyatı özünün böhrandan əvvəlki yüksəliş dövrünə qədəm qoymağa başlamışdı. Belə ki, 2007-2008-ci illərdə başlanan ümumdünya iqti­sadi böhranının 2015-ci ildə Azərbaycandan da yan keçə bilməməsi səbəbindən, ölkəmiz 2016-cı ildə bu böhranın təsirlərini yaşamalı oldu. Yaranmış şərait bizi qorxutmadı və bu vəziyyəti çox qısa zaman ərzində nizamlaya bildik. Bir ildən sonra iqtisadi durum sabitləşdi, bundan sonrakı dövrdə isə artıq özünün böhrandan əvvəlki axarına düş­dü. Lakin çox təəssüf ki, iqtisadiyyatımızın yenicə özünə gəldiyi bir vaxtda, biz daha bir ciddi sınaq qarşısında qalmalı olduq.

Bu dəfə 2019-cu ilin sonlarından dünyanı bürümüş koronavirus pandemiyası Azərbaycanı da əhatə edərək, respublika həyatının bütün sferalarına öz təsirini göstərməyə başladı. Belə bir şəraitdə ümumdünya iqtisadi böhranının təsirlərindən yenicə xilas olan Azərbaycan iqtisadiyyatı bu dəfə COVİD 19-un dünya iqtisadiyyatına yaşatdığı problemlərlə üz-üzə qaldı.

Beləliklə, iqtisadiyyatımız koronavirus pandemiyasından təsirlənən neqativ duruma adekvat cavab verməli oldu. Bu dönəmdə Azərbaycan hökuməti ölkə iqtisadiyyatının onurğa sütunu sayılan kiçik və orta biznesin postpandemiya dövrünə qədər qorunub saxlanılmasını özünün iqtisadi siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirdi. İqtisadiyyatın dayanıqlığını təmin etmək məqsədi ilə hökumət bütün mümkün rıçaqlardan istifadəyə rəvac verdi. Özəl sektora göstərilən dövlət dəstəyi əsasən maddi yardımlardan və biznes strukturlarına vergi güzəştlərindən ibarət oldu. Belə bir şəraitdə insanların iş yerlərinin maksimum qorunub saxlanılması və yeni iş yerlərinin açılması kimi məsələlər ön plana keçdi.

Koronavirus pandemiyasının bundan sonra necə davam edəcəyinin bəlli olmaması vəziyyəti çətinləşdirsə də, hökumət müəssisə və təşkilatların bu şəraitə uyğun, maksimum səmərəli fəaliyyətini reallaşdırmaq üçün bütün mümkün addımları atır. Bu ilin 9 ayının bəzi göstəriciləri də deməyə əsas verir ki, hökumətin bu çətin dönəm üçün müəyyənləşdirdiyi iqtisadi strategiya hazırda uğurla gerçəkləşdirilir.

Beləliklə, cari ilin doqquz ayı ərzində əsasən koronavirus pandemiyası səbəbindən ölkədə 17,9 min iş yeri bağlansa da, bundan 6 dəfə çox, yəni 106,2 min yeni iş yeri açılıb. Bu dövrdə yaradılmış yeni iş yerlərinin 49,1 faizi qeyri-dövlət sektoruna aid olmaqla onların 68,3 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 30,8 faizi isə digər regionların və rayonların payına düşüb. Yeni açılmış iş yerlərinin 6 faizi yeni açılan, 72,5 faizi mövcud olan, 0,3 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 21,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hazırda COVİD-19-un dünya iqtisadiyyatına yaşatdığı problemlər şəraitində Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə bu dönəmi ən az itkilərlə yaşamaq üçün mümkün olan ən zəruri addımları atır.

Onu da deyim ki, uzun illər ərzində erməni vandallarının işğalı altındakı torpaqlarımızın xilas olunması uğrunda sentyabr ayının 27-də Vətən müharibəsi başladı və Azərbaycan Ordusu 44 gün davam edən döyüşlərdən qalib çıxdı. Beləliklə, ümumdünya iqtisadi böhranının, koronavirus pandemiyasının nəticələrinin çözüldüyü bir vaxtda, Azərbaycan özünün tarixi zəfər salnaməsini yazdı.

Yeri gəlmişkən, burada bir məqamı xüsusi vurğulamaq istərdim. Xaricdən milyardlarla dollar dəyərində pulsuz hərbi sursat və texnika alan Ermənstandan fərqli olaraq, Silahlı Qüvvələrimizin bu müharibədə istifadə etdiyi, necə deyərlər, hər bir güllənin, hər bir mərminin, pilotsuz uçuş aparatının dəyərini Azərbaycan hökuməti öz xəzinəsindən ödəyib. Ölkəmiz iqtisadi qüdrətə və geniş maliyyə imkanlarına malik olduğuna görə, heç kimin yardımına ehtiyac duyulmayıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 16-da Qarabağa tarixi səfəri zamanı xalqa açıqladı ki, qısa zamanda işğaldan qurtulan rayonlarımız planlı şəkildə bərpa olunacaq, Azərbaycana beynəlxalq ekspertlər dəvət ediləcək və ölkəmizə mənfur qonşularımızın vurduqları ziyan birlikdə hesablanacaq. Xarici və yerli şəhərsalma mütəxəssislərinin iştirakı ilə Qarabağa dair tamamilə modern bir şəhərsalma planı hazırlanacaq. Şəhər və kəndlərin infrastrukturu yenilənəcək və ekoloji tarazlıq bərpa olunacaq. Bununla da yaşadığımız bölgəyə barışıq gətirən Azərbaycan dövləti regionun inkişafının təminatçısına çevriləcək.

Xatırladaq ki, hazırda sözügedən istiqamətdə tədbirlərə başlanılıb. Dövlətimizin başçısı cari il noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəyən ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Bu gün işğaldan azad edilən regionların faydalı qazıntılarla zəngin olmasını, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialın, habelə iqtisadiyyatın digər sahələrinin tərəqqisi baxımından münbit şəraitin mövcudluğu nəzərə alınaraq dövlətimizin başçısının tapşırığı ilə həmin ərazilərdə infrastrukturun qurulması, tikinti, abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır.

Bəs Vətən müharibəsindən və pandemiyadan sonrakı dönəmdə Azərbaycan iqtisadiyyatının 2015-ci ilə qədərki inkişaf sürətini bərpa etmək üçün hansı tədbirlər həyata keçirilməlidir? Üzləşdiyimiz pandemiya və erməni işğalçılarına qarşı savaş bizə bir daha göstərdi ki, hər iki cəbhədə qələbəyə yalnız güclü iqtisadiyyat və geniş maliyyə imkanları şəraitində nail olmaq mümkündür.

Deməli, haqq-ədalət uğrunda döyüşlərdə tarixi zəfərə imza atdıq. Koronavirusla mübarizədə isə başqa ölkələrlə müqayisədə normal sayıla biləcək xətti saxlamağı bacardıq. Deməli, bundan sonrakı dönəmlərdə biz daha güclü bir iqtisadiyyat qurmağa və daha böyük nəticələr əldə etməyə köklənməliyik. Bunun üçün ilk növbədə nələr edilməlidir?

Bu sualın cavabı ilə bağlı, ilk növbədə, onu deyim ki, hazırda Azərbaycan iqtisadiyyatında ən böyük problem ümumi daxili məhsulda xüsusi çəkisi 62 faizə yaxın olan qeyri-neft sektorunda ixracın ümumi ixracdakı payının 10 faiz səviyyəsində olmasıdır. Bu paradoks ölkənin iqtisadi və maliyyə dayanıqlığı üçün ən böyük təhdiddir. Neft bu gün dünyada siyasi alver alətinə çevrilib. Bu səbəbdən onun qiymətinin sabit qala bilməsi daim böyük şübhə doğurur. Ona görə də ixrac müstəvisindəki bu uyğunsuzluğun ən qısa zaman kəsiyində qaydaya salınması xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Bu vəziyyəti əsaslı şəkildə dəyişdirə biləcək təkliflərimizi isə yaxın vaxtlarda hökumətə təqdim edəcəyik.

Fikrət YUSİFOV,
 iqtisad elmləri doktoru, Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri

26 Noyabr 2020 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə