• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göyçə ruhlu alimin “Tarixləşən xatirələri”

Göyçə ruhlu alimin “Tarixləşən xatirələri”

Müdriklər deyirlər ki, insan çox şeyi unuda bilsə də, ömrünün ilk illərini, uşaqlıq və gənclik dönəminin mühitini heç zaman unuda bilmir. Hətta yaddaşın ən güclü şəkildə yüklənməsi, geridə qalan ömrün ağrı-acılar və ya xoş anlarla zəngin olması da insanın varlığında ilkinliyin daim yaşamasına mane ola bilmir. 
 

Bu həqiqətin təsdiqini onlarca, bəlkə də, yüzlərcə təfəkkür sahibinin əsərlərində, kitablarında görmüş, şahidi olmuşuq. “Mən keçmişimlə yaşamışam” ifadəsini qətiyyətlə dilə gətirən Tahir İbrahimovun növbəti kitabında isə həmin həqiqəti daha aydın şəkildə görürük. “Növbəti kitab”ı ifadəsini ona görə işlədirik ki, Tahir müəllimin İstanbulda işıq üzü görən bu kitabı xatirələr silsiləsinin dördüncü cildidir. Akademik Rəfiqə Mustafayevanın elmi məsləhətçiliyi və professor Sayalı Sadıqovanın elmi redaktorluğu ilə işıq üzü görən bu kitab alimin 70 illik yubileyi münasibətilə tərtib olunub. 
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun yubilyara göndərdiyi təbrik məktubunda  qeyd edilir ki, Tahir İbrahimov dəyərli məsləhətləri, yüksək elmi səviyyəsi, geniş erudisiyası ilə ətrafdakıların rəğbətini qazana bilmişdir: “ O, yüksək pedaqoji ustalığı, gərgin əməyi, milli-mənəvi əxlaqi dəyərlərə, eyni zamanda, müasir dünyəvi təfəkkürə malik olması ilə böyük hörmət qazanmış nüfuzlu simalardan biridir. Təbii ki, bu cür görkəmli bir alimin doğma təhsil ocağımızda fəaliyyət göstərməsi tələbələrin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır”.
Bəli, Tahir İbrahimovun Bakı Dövlət Universitetində çalışması tələbə və gənclərimiz üçün böyük önəm kəsb edir. Fikrimizcə, tələbələr üçün daha böyük əhəmiyyət kəsb edən Tahir İbrahimovun kitablarıdır. Onun “Sultanbud meşəsinin müasir vəziyyəti və onun yaxşılaşdırma yolları“, “Bəndovan dövlət yasaqlığının təbii şəraiti və səmərəli istifadə yolları“, “Azərbaycanda biosfer qoruqlarının təşkilinin bəzi məsələləri”, “MDB ölkələrinin fiziki coğrafiyası Proqram(bakalavr üçün)”, “Ağgöl Dövlət qoruğu”, “Qızılağac Dövlət qoruğu”, “İsmayıllı Dövlət qoruğu, “Biosfer qoruğu”, “İlisu Dövlət qoruğu”, “Şirvan Dövlət qoruğu”, “Zaqatala Dövlət qoruğu”, “Azərbaycanın qoruqları”, “Qəlbimizin səsi”(Gülzar İbrahimova ilə birlikdə), “Göyçənin ağsaqqal incisi”, “Tarixləşən xatirələr” (Gülzar İbrahimova ilə birlikdə), “Azərbaycan qoruqlarının landşaftı”, “Azərbaycan qoruqlarının ekoloji problemləri” “Landşaftların mühafizəsi”, “Göygöl Dövlət Qoruğu” ( A. D. Şabandayеva ilə birlikdə), "Kür-Araz ovalığı landşaftının mühafizəsi" və digər kitabları təkcə tələbə və gənclər üçün deyil, eləcə də, geniş oxucu kütləsi üçün mühüm əhəmiyyət kəsb edir. 
O ki qaldı yazının əvvəlində işlətdiyimiz ilkinliyin unudula bilməməsi məsələsinə, qeyd edək ki, həmin eyham da təsadüfi deyildi. Çünki Tahir İbrahimov 1946-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində dünyaya gəlib. 1964-cü ildə Ardanış kənd orta məktəbinin on birinci sinfini bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinin coğrafiya biologiya şöbəsinə daxil olub. 1969-cu ildə həmin fakültəni bitirərək, coğrafiyaşünas-biologiyaşünas, coğrafiya və biologiya müəllimi ixtisası alıb.
1971-ci ildən 2001-ci ilədək AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində işləyib. 1990-cı ildə “Kür-Araz ovalığındakı qoruq və yasaqlıqların landşaftları və onların ekoloji şəraitini yaxşılaşdırma yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsini alıb. 
Tanınmış alimi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

20 Oktyabr 2018 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin