Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın milli maraqlarına cavab verməyən bütün təkliflər qəbuledilməzdir

Ölkəmiz tarix boyu bütün xalqlar və dövlətlərlə sülh şəraitində yaşama­ğa, səmimi əməkdaşlıq, mehriban dostluq əlaqələrinə, dürüst müttəfiqlik münasibətlərinə üstünlük verib. Bu gün də belədir – milli dövlətimiz 29 il­lik ikinci müstəqilliyi dövründə də bu doğru yoldan bir an olsun belə geri çəkilməyib. Azərbaycanın əməkdaşlıq münasibətlərinə önəm verdiyi, bunu səmimi və əməli addımlarla gerçəkləşdirdiyi ölkələrdən biri də Fransadır. Ümumiyyətlə, Azərbaycan – Fransa münasibətləri çoxəsrlik tarixə və ənənələrə malikdir. Bu əlaqələrin, münasibətlərin kökü lap dərinlərə gedib çıxır. Heç təsadüfi deyil ki, dünya klassiklərindən olan böyük ədib Aleksandr Düma hələ XIX əsrdə (1858-59-cu illərdə) Qafqaza səyahəti zamanı ölkəmizə də səfər etmiş, Azərbaycanın Şərq dünyasının söz ustadlarından Xurşudbanu Natəvanla və digər önəmli insanlarla görüşmüş, bu səfər və görüşdən sonra Azərbaycanla bağlı xoş təəssüratlarını qələmə almışdır.

Dünyaca məşhur olan bu səfərdən bir neçə il öncə isə Azərbaycanın, Şərqin, bütövlükdə dünyanın böyük mütəfəkkirlərindən, ədiblərindən, söz ustadlarından, maarifçilərindən sayılan Mirzə Fətəli Axundov öz əsərində Fransadan bəhs etmiş, yerli gəncliyin bu ölkəyə rəğbətini ifadə etmişdir. Maarifçi-dramaturq öz qəhrəmanlarından biri kimi, Azərbaycana səyahət etmiş fransız təbiətşünasın obrazını bədii şəkildə canlandırmışdır.

Böyük Mirzə Fətəlinin 1850-ci ildə qələmə aldığı “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni-məşhur” ko­mediyasında əsas qəhrəmanlardan olan Müsyö Jordanın prototipi, o illərdə əslində elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və xüsusən də komediya janrında fəaliyyət göstərdiyi Qarabağın flo­rasını öyrənən fransız təbiətşünası Aleksis Jordan (1814--1897) idi. Ehtimal olunur ki, M.F.Axundov fransız alimi ilə şəxsən tanış olmuş və onunla söhbət etmiş, bu da alimin bədii obrazını yaratmasına kömək etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcud­luğu zamanında iki ölkə arasında münasibətlərin yeni mərhələsi ya­ranmışdır. Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanımışdır. Azərbaycan nümayəndə heyəti bu konfransda öz missiyasını uğurla başa vurduqdan sonra parlament bir sıra ölkələrlə yanaşı, Fransanın paytaxtında da fəaliyyət göstərəcək diplomatik nümayəndəliyin yara­dılması haqqında qanun qəbul etmişdir.

Bununla yanaşı, AXC-nin Qərbi Avropa, Rusiya və Os­manlıda ali təhsil almaq üçün göndərdiyi tələbələrin bir hissəsi Fransa universitetlərində təhsil almışdır. Çox maraqlı və təsirli məqamlardan biri də odur ki, 28 aprel 1920-ci ildən sonra bir sıra Azərbaycan ziyalıları, dövlət xadimləri repressiyalardan qo­runmaq, Azərbaycan naminə fəaliyyətlərini, fədakarlıqlarını da­vam etdirmək üçün məhz Fransanı özlərinə ikinci vətən seçmişdilər. Bunlar arasında Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli kimi dəyərli vətən övladlarımız var­dır ki, bu gün də onların məzarları Fransadadır.

Daha bir tarixi-dünyaya örnək olacaq bir fakt. İkinci Dünya müharibəsi zamanı Fransanın azadlığı, alman faşiziminə qarşı savaşında iştirak edənlər ara­sında əslən Azərbaycanın Şəki rayonundan olan “Xarqo” ləqəbli Əhəmidiyyə Cəbrayılov da ol­muşdur. Fəxr və qürur hissi ilə demək olar ki, Fransa Müqavimət Hərəkatının tanınmış simalarından olan Əhmədiyyə Cəbrayılovu bu ölkədə, bəlkə də, tanımayan yox­dur. Çünki o igidliyi, qəhrəmanlığı ilə Fransada tarix yazmış və Fran­sanın, eləcə də dünyanın nəhəng liderlərindən sayılan Şarl de Qoll tərəfindən bu ölkənin ən ali müka­fatları, “Hərbi ordeni” ilə mükafat­landırımış, təltif edilmişdir.

1966-cı ildə Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və onu Moskvaya ça­ğırtdırmışdır. Bununla yanaşı, Əhmədiyyə Cəbrayılov 1972, 1975, 1982-ci illərdə vaxtilə döyüşlərdə iştirak etdiyi yerlərə dəvət edilmişdir.

O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə getmiş, həmçinin Paris, Bordo, Strasburq, Lion, Dijon və Marseldə olmuş, keçmiş döyüş yoldaşları ilə görüşmüşdür. 1975- ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilmiş və ona bu görüşdən xatirə medalı təqdim edilmişdir. 1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatı­na-- Müharibə xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət Hərəkatı medalı, İgidliyə görə medal və Yaralanmağa görə medalına layiq görülmüşdür.

1990-cı ildə igid soydaşımız Şarl de Qollun anadan olma­sının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunmuşdur. 1994-cü il yanvarın 6-da “Front National” milli hərəkat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət Hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim etmişdir.

Daha bir qürurverici məqam isə ondan ibarətdir ki, İkinci Dünya müharibəsinin başa çatmasında, faşizm üzərində tarixi Qələbənin qazanılmasında və bir çox Avropa ölkələri kimi, Fransanın da faşizm bəlasından, təhlükəsindən qur­tulmasında Bakı neftinin böyük rolu olmuşdur. Hər kəs də etiraf edir ki, Bakı nefti olmasaydı, İkinci Dünya, eləcə də Böyük Vətən müharibələrini qələbə ilə başa çatdırmaq mümkün olmayacaqdı. Faşizm üzərində Qələbə görə, çox­ları, o cümlədən fransızlar məhz Bakı neftinə və Bakı, Azərbaycan neftçilərinə borcludurlar. Bunu heç zaman danmaq və unutmaq olmaz. Göründüyü kimi, Azərbaycan-- Fransa əlaqələri tarixin bir çox dövrlərində mövcud olmuş və bu mövcudluğunu günümüzədək qoruyub saxlaya bilmişdir.

Azərbaycanın indiki müstəqilliyi dövründə iki ölkə arasında dip­lomatik əlaqələr 1992-ci il fev­ral ayının 21-də qurulmuşdur. Fransa Ermənistan--Azərbaycan münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. 1 yanvar 1997-ci ildən Fransa ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ və Rusi­ya ilə birlikdə başçılıq etməkdədir. 16 mart 1992-ci ildə Fransanın Azərbaycanda səfirliyi, 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılmışdır.

Azərbaycan--Fransa münasibətlərinin yüksək səviyyəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin tarixi rolu misilsiz olmuş­dur. Azərbaycana ikinci rəhbərliyi dövründə ümummilli lider ilk xarici səfərini məhz Fransaya etmiş və ölkənin prezidenti Fransua Mit­teranla görüşmüş, hər iki ölkə və xalqın milli maraqlarına cavab verəcək sənədlərə imza atmışdır. Məhz bu səfərin nəticəsi olaraq, Fransanın məşhur neft şirkəti olan “Total” şirkəti 90-ci illərin əvvəllərindən başlayan və davam edən neft kontraktları üzrə danışıq­lar prosesinə cəlb edilmiş və tarixi “Əsrin müqaviləsi”nin iştirakçıların­dan olmuşdur.

Azərbaycan – Fran­sa münasibətlərində dünya nəhənglərindən sayılan Fransanın mərhum sabiq prezidenti Jak Şira­kın müstəsna fəaliyyəti olmuşdur. İstər ulu öndərin ölkəyə rəhbərliyi dönəmində, istərsə də Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə bir neçə dəfə Jak Şirakla bir araya gəlinmiş, hər iki ölkə üçün önəmli addımlar atılmışdır. Ümumiyyətlə, Azərbaycan – Fran­sa əlaqələri, əməkdaşlığı Jak Şira­kın hakimiyyət dövrü (1995-2002 və 2002-2007-ci illər) ilə daha çox bağlıdır. 1995-ci ildə Fransa pre­zidenti seçilən Şirakla ilk görüşən dövlət başçılarından biri məhz Heydər Əliyev olmuşdur.

Prezident İlham Əliyev də ilk səfərlərindən birini məhz Jak Şirakın dəvəti ilə Fransaya gerçəkləşdirmişdir. Bu səfərdən cəmi 3 il sonra, 2007-ci ilin yanva­rında İlham Əliyev yenidən Fransa­ya səfərini rəsmiləşdirmiş, növbəti dəfə Jak Şirakla görüşmüşdür. Jak Şirak görüş zamanı dövlətimizin başçısına müraciətlə demişdir: “Çox məmnunam ki, Azərbaycan prezidenti Fransaya dövlət səfəri edir”. Qısa müddətdən sonra Jak Şirak Azərbaycan--Fransa münasibətlərində xidmətlərinə görə, Azərbaycanın ən ali orde­ni– “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur.

Bunlarla bərabər, Azərbaycan Respublikasının Milli Məclisində 7 mart 1997-ci il tarixindən Azərbaycan--Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərməkdədir. 4 mart 2016-cı ildən 6 mart 2017- ci ilə qədər isə işçi qrupunun rəhbəri ölkənin birinci xanımı, millət vəkili, Birinci vitse-prezident Mehriban Əliyeva olmuşdur. Qeyd edək ki, Azərbaycan--Fransa münasibətlərinin inkişafında da Meh­riban xanımın xidmətləri və rolu çox böyük olmuşdur. 2005-ci il tarixindən Azərbaycanda Fransız İnstitutunun, 2011-ci ildən Bakı Fransız Liseyi­nin, 2015-ci ildən isə Azərbaycan- Fransız Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın birbaşa rolu və xidmətləri var.

Azərbaycan – Fransa münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Fransanın ən yüksək dövlət or­deni – “Şərəf Legionunun Zabiti” ordeni ilə təltif edilmişdir. 2011-ci il oktyabrın 7-də Fransanın o za­mankı prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Meh­riban xanımın həmin ordenlə təltif olunması mərasimi keçirilmişdir. Fransa prezidenti mərasimdə çıxış edərək demişdir: “Xanım Əliyeva dünyada bütün qadınlar üçün gözəl nümunədir”.

Bəli, bunları qeyd etməkdə məqsədim odur ki, ölkəmiz tərəfindən hər zaman Fransa ilə səmimi əlaqələrə, dostluq münasibətlərinə birmənalı şəkildə böyük önəm verilmişdir. Amma çox təəssüflər olsun ki, son zamanlar bizdən asılı olmayan səbəblər üzündən Azərbaycan – Fransa münasibətlərində gərginlik yaran­mışdır. Burada isə əsas səbəbkar və günahkar ermənilərdən daha çox erməniçiliyi ilə seçilən Fran­sa prezidenti Emmanuel Makron olmuşdur.

Hakimiyyətə gəldiyi gündən Makron Azərbaycana qarşı nor­mal olmayan münasibəti özünü büruzə vermişdir. O, hətta o qədər irəli getmişdir ki, Minsk qrupu­nun həmsədrlərindən biri kimi, ən azı bitərəfliyini, neytrallığını unutmuş, işğalçı və təcavüzkar Ermənisatanın yanında yer almış, bunu nümayişkəranə şəkildə göstərməkdən belə çəkinməmişdir. İyuldakı Tovuz hadisələrindən bu yana, xüsusilə, 44 günlük tarixi İkinci Vətən Müharibəsinin ilk günlərindən Makron bir qədər sərt səslənsə də, həddsizliyini ortaya qoymuş, “biz Dağlıq Qarabağın fəthinə imkan verməyəcəyik, buna qarşı sonacan dirənəcəyik”-deyə, həmsədrlikdən, neytrallıqdan çox-çox uzaqda dayanan açıq təcavüzkarpərəst mövqeyini sərgiləmişdir.

Odur ki, Prezident İlham Əliyev tərəfindən istər telefon söhbətlərində, istərsə də, digər platformalarda Fransaya, Fran­sa prezidentinə kəskin etirazlar, xəbərdarlıqlar edilmişdir. Ölkə Prezidenti hətta xarici telekanallar­dan birinə müsahibəsində Fransa prezidenti ilə telefon söhbətində söylədiyi fikirləri səsləndirərək, demişdir: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər?”

Özünü daim demokratiyanın beşiyi, ali dəyərlərin qoruyucusu adlandıran Fransa, onun pre­zidenti bu günə qədər erməni vandalizmi barədə bir kəlmə olsun danışmamış, ermənilərin, Ermənistanın Azərbaycanın kənd və qəbələrində, şəhər və rayon­larında törətdikləri vəhşiliklərə, insanlıq dramlarına, 4 dəfə Gəncə şəhərinin raket zərbələrinə məruz qalmasına, iki gün-dalbadal Bərdə şəhərinin və rayonun Qarayusifli kəndinin qadağan edilmiş silha­larla, “Smerç”-lərlə vurulmasına, Qaşaltında 5 nəfərlik bir ailənin məhv edilməsinə və digər bar­barlıq hərəkətlərinə, müharibə cinayətlərinə səsini çıxarmamış, etirazını bildirməmişdir.

Bir neçə gün öncə Makro­nun rəhbəri olduğu partiyanın (İrəli, Respublika!) üstünlük təşkil etdiyi Paris meriyasında “Dağlıq Qarabağ”ın müstəqlliyi ilə bağlı əndirəbadi qərarın qəbuluna nail olmuşdur. Bu azmış kimi, Fransa ali qanunverici orqanında-- Fransa Senatında “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması ilə qərar layihəsinin qəbul edilməsi yönündə avantürizmə imza atılmışdır. Belə ki, noyabrın 25-də Senatda sözügedən sənədin müzakirəsi və qəbulu nəzərdə tutulmuşdur .

Budur, demokratiya, budur, Fransa demokratiyası, budur, insan hüquqlarına, ali dəyərlərə hörmət?! Məhz onların, həmsədr kimi Fransanın səssizliyi, susqunluğu nəticəsində bu vandalizm, terro­rizm aktları, barbarlıqlar yanaş­mışdır. Bunlarda həmsədr dövlət Fransanın və onun ermənipərəst dövlət başçısı kimi Makronun da məsuliyyət payı vardır. Onlar da buna görə cavab verməlidirlər.

Onlar da, antiAzərbaycan mövqeyində dayanan digərləri də anlasınlar və anlamalıdırlar ki, Ermənistanın vandalizm, bar­barizm addımlarına səssiz qal­maqla, bu, hələ bir yana qalsın, Azərbaycanın üzərinə haqsız və ədalətsiz şəkildə gəlməklə, heç nəyə nail ola bilməyəcəklər, necə ki, indiyə qədər nail ola, Azərbaycanı öz Haqq savaşından, Haqq mübarizəsindən çəkindirə bilməyiblər.

Bu yerdə ədalət naminə onu qeyd etmək lazımdır ki, Fransada Azərbaycanın möv­qeyini dəstəkləyən, onu haqlı hesab edənlər, bu ölkədəki antiAzərbaycan siyasəti ilə razılaş­mayanlar da var. Bu sırada da heç şübhəsiz ki, Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber və digərlərini qeyd etmək olar.

Bugünlərdə cənab Lamber başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfər etmiş, bu­rada parlamentin rəhbərliyi, digər rəsmilərlə görüşmüş, Gəncəyə, in­sanlıq dramları yaşanmış ərazilərə baş çəkmiş, bir daha Azərbaycana dəstəyini ifadə etmişdir. Həmçinin, fransalı deputatların Azərbaycana dəstək isfadə etməsində Milli Məclisin Azərbaycan--Fransa parlamentlərarası dostluq qru­punun fəaliyyətini qeyd etmək istərdim.

Ölkə Prezidentinin Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına tarixi müraciətində də deyildiyi kimi, heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz: “Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə”. Azərbaycanın dövlət başçısı bir daha Makron və digər aşırı ermənipərəstlərə son xəbərdarlığını etmişdir.

Bəli, indi qərar, seçim onla­rındır. Hələ nə qədər gec deyil, öz xətalarından, yanlışlarından dönsünlər, sonra çox gec olar.

Qarabağ Azərbaycandır və nida işarəsi!

Yaxşı ki, belə böhranlı vəziyyətdə Fransa Prezidenti Em­manuel Makronun Dağlıq Qaraba­ğın Azərbaycan ərazisi olmasını etiraf etdiyi barədə videogörüntü də yayılıb. Fransanın dövlət baş­çısı deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Makronun sözlərinə görə, bu rayonlar Azərbaycan ərazisidir və əgər suveren xahişlər yoxdursa, bu məsələyə qarışmamaq lazımdır. Əgər belədirsə, Azərbaycan--Fransa münasibətlərini zərbə altında qoy­maq cəhdləri nə üçündür?

Sonda bildirmək istəyirəm ki, artıq ölkəmiz antiAzərbaycan qüvvələrin, dairələrin gözündəki 90-cı illərin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı deyil. Onların qarşısında güclü, qüdrətli Azərbaycan, böyük siyasət və dövlət lideri İlham Əliyev dayanır. Uduzan onlar olacaq, bizlər deyil.

Bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycan öz sözünü deməyə, konk­ret addımlarla öz mövqeyini möhkəmləndirməyə qadirdir. Bunun üçün hər cür imkanlar var, ölkəmiz, dövlətimiz Azərbaycanın milli maraqlarına cavab verən hər cür adekvat qərarlara, addımlara malik və sahibdir. Bunu qəti şəkildə yaddan çıxarmasınlar.

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin deputatı, akademik

26 Noyabr 2020 00:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə