Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan sosial partlayış və siyasi xaosla üz-üzədir

Bu gün Ermənistan sosial partlayış və siyasi xaosla üz-üzədir. Mitinqlər davam edir. Aclıq aksiya­sına başlayanların sayı getdikcə artır. Onların arasında olan müxa­lif “Daşnaksütyun” partiyasının nümayəndəsi Geqam Manuk­yan və Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş üzvü Kim Balayan məqsədlərinə çatanadək – baş nazir Nikol Paşinyan istefa verənədək bu prosesi davam etdirəcəklərini bildirirlər. Bütün bun­larla yanaşı, İrəvana qayıdan hərbi könüllü korpusu da silahları təhvil verməkdən imtina edir. Bu da tezliklə ölkədə silahlı qarşıdurma yaranaca­ğından xəbər verir.

Vəziyyətin indiki dramatik hala gəlməsində müharibədə itkin düşən hərbçilərin qohumları və ailələrinin indiki etirazları da əsaslı rol oynayır. Ermənistan Müdafiə Nazirliyinin qarşı­sında günlərdir ki, mitinq keçirən həmin insanlar tərəfindən bu məsələdə işğalçı ölkənin silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyan və keçmiş müdafiə naziri David Tonoyan günahlandırılır.

Ermənistan Müdafiə Nazirliyində müharibədə itkin düşən hərbçilərin qohumları və ailələrinin etirazları sus­qunluqla qarşılanır. Yeni müdafiə naziri Vaqarşak Arutyunyan isə sözügedən məsələyə aidiyyəti olmadığını bildirir.

Nəhayət, itkin düşən erməni hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanla görüşə bilsələr də, bu gö­rüşün onları razı salmadığını bildiriblər: “Paşinyanla söhbətimiz cəmi 40-45 dəqiqə davam etdi. Heç bir nəticəyə gəlinmədi. Sonda isə baş nazir hansısa vacib görüşünün olduğunu deyərək, tələsik bizdən ayrıldı”.

Yeri gəlmişkən, son günlər Ermənistanın indiki vəziyyətindən danı­şan erməni ekspertlər ölkənin sosial-iqtisadi, hərbi uğursuzluğunda təqsirkar rolunda təkcə Paşinyanı deyil, həm də əvvəlki dövlət başçılarını görürlər. Məsələn “Lragir.am”a müsahibəsində erməni politoloq Kayç Minasyan “Gü­nahkar Paşinyan deyil, o, bu mirası alıb, lakin idarəetmə bacarıqsızlığı üzündən özündən əvvəlkilərin uğursuzluqlarını rəsmiləşdirib”,–deyə vurğulayıb.

K.Minasyan daha sonra qeyd edib ki, Ermənistanda həmişəki kimi dövlət yoxdur. Bu, 2020-ci ildə ermənilərin məğlubiyyətinin əsas səbəbidir: “Sabiq prezidentlər və onların koalisi­ya hökumətləri dövlət yerinə rejimlər qurublar. Nikol Paşinyan bu ənənəni davam etdirib. Məğlubiyyətə görə o, cavabdeh ola bilməz. Bütün siyasi qüvvələr, hər üç prezident dövlət quru­culuğunda öz qabiliyyətsizliklərini etiraf etməlidirlər. Siyasi partiyalar və dağıdıcı ideologiyaların zamanı keçib…”.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi general Artur Vanetsyan isə işğalçı ölkənin xaos girdabına düşməsində birbaşa Nikol Paşinyanı günahkar sayır: “Paşinyan süni şəkildə cəmiyyəti böldü, bütün siyasi gündəmləri məhv etdi, erməni cəmiyyətində, eləcə də qonşu ölkələr arasında nifrət toxumları səpdi. Baş nazirin yanaşmasına görə, insanlar ya “qara”, ya da “ağ” olmalıdılar. Nə birinə, nə də digərinə aid olduqlarını söyləyən insanlar Paşinyan rejimi tərəfindən dərhal xain adlandırıldı.

Kim olur-olsun, ondan daha böyük bir xəyanətkar olmayacaq. Nikol adı izahlı lüğətə “xəyanətkar” sözünün sinonimi kimi daxil olacaq”.

Ermənistanın “Vətən” partiyasının sədri Artur Vanetsyan N.Paşinyanın is­tefası üçün çoxlu sayda siyasi mübarizə mexanizmlərinin mövcud olduğuna diqqət çəkib: “Biz qanunla qadağan olunmayan bütün vasitələrdən istifadə edəcəyik ki, artıq mövcud olan ictimai tələbat formalaşsın. Nikol Paşinyanın istefası zaman məsələsidir. Cəmiyyətin böyük hissəsi kimi mənim üçün də Nikol Paşinyan adında siyasətçi yoxdur”, – deyə o, bildirib.

Mitinqdə çıxış edən müxalifət nümayəndələri əsasən Ermənistan baş nazirinin müharibədə təslimçilik aktını imzalamasını bəhanə edərək onun hakimiyyətdən getməli olduğunu bildirirlər. Onlar həmçinin ölkədə iqtisadi vəziyyətə, hazırkı rejimin siyasətinə etiraz edirlər.

“Çiçəklənən Ermənistan” parti­yasından deputat Gevorq Petrosyan baş nazir Nikol Paşinyanı dərhal istefa verməyə çağırıb. Deputat baş nazirin həbs etdirdiyi şəxslərin bu cür cəzalardan qorxmadığını bildirib. Qeyd edib ki, Paşinyan istefa verməli olduğu­nu yaxşı başa düşür, başqa bir seçimi də yoxdur. Müharibədə məğlub olan və torpaqları təhvil verən siyasətçinin liderliklə heç bir əlaqəsi ola bilməz.

G.Petrosyan artıq heç kimin Pa­şinyanı hökumət başçısı kimi görmək istəmədiyinə də diqqət çəkib: "Yaxşı, utanmırsanmı, Nikol? Komandana bir az töhmət ver. Onlar sonda sənə qarşı yönələcəklər. Beş min əsgəri öldürtdün. Bu gün yaralanan on min vətəndaşımız var. Üstəlik, yaralılar ayaqlarını, əllərini itiriblər. O insanların problemlərini necə həll edəcəksiniz? Niyə hərbi vəziyyətə son qoymursunuz? İndi vəzifənizi tərk etməyinizə nə mane olur?”

Ermənistan parlamentinin sabiq deputatı Ruben Akopyan: "...ya xahiş edək, ya da zorla izah etmək lazım­dır ki, o, Qarabağ məsələsi ilə bağlı, ümumiyyətlə, heç bir fikir bildirməməli, xüsusilə də beynəlxalq media ilə görüşdən çəkinməlidir. "Rossiya-1” kanalına verdiyi müsahibədə o, bunu inadla sübut etdi. Hətta BBC müxbiri tərəfindən alçaldılması ona dərs olma­dı”, - deyərək, əslində Nikol Paşinyana "kəs səsini” söyləyib. Həmçinin bildirib ki, onun "Qarabağ Ermənistandır” sərsəm bəyanatı sülh danışıqlarının pozulması və hərbi münaqişənin daha da alovlanmasına səbəb olub.

Hazırda Ermənistanda siyasi idarəetmə sistemi olmadığı üçün həmin funksiyanı kilsə üzərinə götürüb. Erməni yepiskopu mətbuata açıqlama­sında deyib ki, Türkiyənin Ermənistana qarşı vuruşduğuna inanmır. Keşişin bu fikri təsadüfi deyil. Çünki Nikol Paşin­yan erməni ordusunun üzləşdiyi ağır məğlubiyyəti gizlətmək üçün onlara qarşı Türkiyə ordusunun vuruşduğunu bildirməklə məsuliyyətdən yayınmaq istəyir. Buna heç kəs, elə Paşinya­nın özü də inanmır. Düşdüyü çətin vəziyyətdən çıxmaq üçün şər-böhtana əl atır.

V. BAYRAMOV, “Xalq qəzeti”

26 Noyabr 2020 00:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə