Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kaş o gün mən də Ağdamda olaydım...

Məlum olduğu kimi, Azərbayan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva noyabrın 23-də işğaldan yenicə azad olunmuş, mənim doğma yurdum Ağdam rayonuna səfər etmişlər. Kaş həmin gün mən də Ağdamda olaydım, sevimli Prezidentimiz, müzəffər Ali Baş Komandanımızla görüşüb sonsuz minnətdarlığımı, bütün ağdamlıların ürək sözlərini ona çatdıraydım... Dövlət başçımız Azərbaycan xalqının xoş gələcəyi naminə elə titanik fəaliyyət göstərib, milli tariximizə elə səhifələr yazıb ki, hamı bu xidmətləri layiqincə qiymətləndirərək öz minnətdarlıq ifadələrini dilə gətirmək istəyir.

Bir həqiqətdir ki, ölkə əhalisinin hamı­sı onunla şəxsən görüşmək arzusunu dilə gətirir. Yüzlərlə siyasətçi, məmur, alim, yaradıcı ziyalı, sadə vətəndaş tanıyıram ki, öz söhbətinə “mən cənab Prezidentlə görüşə bilsəm, deyəcəm ki....” sözləri ilə başlayır. Lap elə mən də...

Arzu edərdim ki, noyabrın 23-də Ağdam­da yazılan tariximizin canlı şahidi olaydım. Belə bir xoşbəxtlik mənə nəsib olsaydı, sevimli Prezidentimə deyərdim:

–Möhtərəm cənab Prezident! Siz artıq bütün dünyanın tanıdığı, dəyər verdiyi böyük tarixi şəxsiyyətsiniz! Siz Azərbaycan tarixinin böyük xilaskar sərkərdələrindən birisiniz. Siz Qarabağı xalqımıza qaytarmaqla bütün Azərbaycanı, onun gələcəyini xilas etdiniz! Bu gün bütün Azərbaycan xalqı, türk dünyası Sizinlə, qazandığınız möhtəşəm Qələbə ilə qürur duyur. Dünyanın harasında yaşamasın­dan asılı olmayaraq, soydaşlarımızın hamısı fərəh içindədir. Bu fərəh ölkəmizdə böyük bir intibah dövrünün başlanğıcıdır.

Artıq neçə gündür ki, Azərbaycanın ən böyük rayonlarından olan Ağdamın üzərinə, sanki qeyri-adi bir gün işığı səpələnib. Otuz ilədək düşmən əlində qalan Ağdam bu gün bayram ovqatındadır. Bütün Ağdam cama­atı bu bayram içində Sizdən danışır, Sizinlə fəxr edir, Sizə dualar edir. Bu günlər ərzində mən yüzlərlə ağdamlı ilə söhbət etmişəm. Onların hamısının qəlbində Siz özünüzə çox yüksək bir taxt qurmusunuz. Ağdamın yaşlısı da, cavanı da sevinc içində, böyük arzular qoynundadır. Cavanlar qurub-yarat­maq eşqiylə vaxt itirmədən Ağdam şəhərinin, kəndlərimizin görkəmini tezliklə dəyişməyə, yenidən canlandırmağa, onu dünyanın ən gözəl məkanına çevirməyə tələsirlər. Yaşlılar onlara hər cür dəstək olmağa hazırdırlar.

Doğma yurdun bir ovuc torpağına həsrət qalan ağdamlılar indi Sizin sayənizdə bütün Ağdama sahibdirlər. Bir neçə yaşlı adam­dan bu sözü eşitməyim məni çox kövrəldib: “ Allaha şükürlər olsun, daha arxayınam ki, öləndə öz kəndimizdə, ata-babamın yanında dəfn olunacağam”. İnanıram ki, bu torpaq­da uyuyanların da ruhuna bir rahatlıq gəlib. Artıq onların vandallar qarşısında müdafiəsiz qalan, dağıdılan məzarları da öz doğmaları tərəfindən ağırlanıb, əzizlənəcək, gül-çiçəyə qərq ediləcək. İndi bütün Ağdam şəhidlərinin ruhu sevinir. Ağdamın uğrunda canını fəda edən qəhrəman igidlərin də ruhu rahatlıq tapıb. Onların yolunda şəhid olduqları bu torpaq artıq xilas olunmuşdur. Şəhidlərin qanı yerdə qalmadı! İnanıram ki, uzun illər boyu əsirlikdə qalan bütün torpaqlarımız kimi, Ağdamın da üzərində qəmli-qəmli dolaşan nalələr yoxa çıxdı, doğma yurdun çiçəklənməsi üçün dualara çevrildi...

Əziz Prezidentimiz! Bütün ağdamlılar Ağdam şəhərinin, kəndlərinin quruculuğu yolunda əllərindən gələni edəcəklər! Ağda­mın adı yenidən bütün dünyada bir abad, xoşbəxt şəhər kimi tanınacaq. Ağdamlıla­rın canında muğam ruhu var. Ağdamlılar həm də muğamdan doğulurlar. Muğam müqəddəs bir musiqidir. Qeyb aləminin yer üzündəki sədalarıdır. Ağdamın indiki libası­nı dəyişib gözəlləşməsinə, həm də muğam ruhu yardımçı olacaq, müqəddəs varlıqlar kömək edəcək. Ağdam həm də böyük, dünya şöhrətli alimlər, öz işinin mahir bilicisi olan mütəxəssislər, əməksevər, vətənpərvər in­sanlar diyarıdır. Ağdam təhsili hər zaman öz uğurları ilə ölkəmizdə məşhur olub. Buranın münbit torpağı hər cür nemətlər yetirir. Bu, böyük potensial, inşallah, tez bir zamanda Sizin arzu etdiyiniz kimi, xariqələr yarada­caqdır. Yüksələn Ağdamın hər bir uğuru Sizin adınızla bağlı olacaqdır.

Əziz Prezidentimiz! Biz ağdamlıların Sizə deyiləsi sözümüz bu yazdıqlarımdan qat-qat çoxdur! Təkcə bizim yox, bütün Azərbaycanın, türk dünyasının qəlbi Sizə al­qışlarla, dualarla doludur. Mən isə qeydlərimi dahi Hüseyn Cavidin bu məşhur misraları ilə bitirmək istəyirəm:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur Yer üzünü.

Siz öz müdrikliyiniz, zəkanız, savadınız, təcrübənizlə hər gün tökülən qanların izini kəsdiniz. Torpaqlarımızın böyük bir hissəsini isə qan tökülmədən aldınız! Ona görə Sizin dahiliyinizi həm də böyük Hüseyn Cavidin misraları təsdiq edir. İndi bunu xalqımız, bü­tün bəşər övladı təsdiq edir. Siz dünyanın ən böyük mükafatını – xalq məhəbbətini qazan­dınız! Bütün başqa hər cür böyük mükafatları almağa da layiqsiniz! Yüz yaşayın! Sağlam olun, uğurla, fərəhlə yaşayın!

Habil QURBANOV,
AMEA Azad Həmkarlar İttifaqının sədri, professor

26 Noyabr 2020 00:26 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə