Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın “Le Point” jurnalı Azərbaycanın xarici işlər nazirinin müsahibəsini yayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildiriblər ki, müsahibədə nazir Ceyhun Bayramov üçtərəfli bəyanat, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, Fransanın mövqeyi, bölgədəki xristian abidələrinin taleyi, müharibədə Türkiyənin rolu, Dağlıq Qara­bağda birgəyaşayışa zəmanət və digər sualları cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir:

– Atəşkəsdən sonra Ermənistan tərəfi ilə sülh müqaviləsini bağlaya­caqsınız?

– BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımla­rın da təmin edilməsi nəzərdə tutulur. Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayo­nu dekabrın 1-dək təhvil verməsidir. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar ola bilər.

– Atəşkəsin ən yaxşı təminatçısı rus hərbçiləridir?

– Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasından etibarən Ermənistanla Azərbaycan ara­sında üç dəfə atəşkəs razılaşdırıldı və hər dəfə bu atəşkəs Ermənistan tərəfindən pozuldu. Buna görə də atəşkəsə əməl edilməsi üçün hərbi qüvvələrə ehtiyac ol­duğu aydınlaşdı. Rusiyanın sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Azərbaycanın dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirildi. Rusiya Minsk qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir, bu səbəbdən bölgədə sülh və sabitlikdə birbaşa maraqlıdır. Həm Ermənistan, həm də Azərbaycan ilə münasibətləri ba­xımından, şübhəsiz ki, bu ölkə həmçinin Rusiya Prezidenti tərəfindən imzalanan razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər.

– Qərb ölkəsi olan iki həmsədr – Fransa və ABŞ atəşkəs razılaşması ilə əlaqəli olmadığı halda Minsk qrupu faydasız oldu?

– Minsk Qrupunun artıq faydalı ol­madığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutu­lan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir. Təcavüzkar ilə təcavüzün qurbanı arasın­da, işğalçı dövlət ilə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxla­maq mümkün olmayan bir məsələdir. Beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxar­maq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmaya­caqdır.

– Sizin fikrinizcə, münaqişə zamanı Fransa bitərəf qaldı?

– Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi möv­qeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüqu­qun norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də sözügedən dövlət vasitəçi mandatına sahibdirsə.

– Fransa sülh müqaviləsini təşviq etmək üçün nə edə bilər?

– Fransadan beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur.

– Bu müharibədə Türkiyənin Azərbaycana pilotsuz təyyarələr və suriyalı muzdlular daxil olmaqla, köməyi böyük rol oynadı. Münaqişənin beynəlmiləlləşdirilməsi davamlı həllin axtarışını çətinləşdirmir?

– Azərbaycan Ordusunu gücləndirən amillər Silahlı Qüvvələrimizin mobilliyi, dron texnologiyası və tətbiq etdiyimiz müasir yanaşmadır. Ölkəmiz Türkiyə daxil olmaqla bir sıra ölkələrlə müdafiə sahəsində uğurlu əməkdaşlıq edir. Türkiyə həmişə haqlı mövqeyimizi dəstəkləyib. Azərbaycan münaqişənin beynəlmiləlləşdirilməsi və Ermənistanın üçüncü ölkələri cəlb etmək cəhdlərinə qarşı çıxış edib. Suriyalı muzdlular barədə hekayəyə gəldikdə isə, biz bir neçə dəfə təkrarladıq və Prezident İlham Əliyev bunun müəyyən ölkələr tərəfindən yayılan açıq-aşkar dezinformasiya olduğunu təsdiqlədi. Bu şayiələri yayan­lar tərəfindən heç bir dəlil verilməyib. Silahlı qüvvələrin komplektləşdirilməsini çətinləşdirən ciddi demoqrafik böhranla illər boyu üzləşən Ermənistandan fərqli olaraq, Azərbaycan yaxşı təchiz olun­muş, peşəkar və güclü orduya sahibdir. Ərazimizin bütövlüyünü qorumaq üçün kənar silahlı qüvvələrə və nizamsız qrup­laşmalara ehtiyacımız yoxdur.

– Hazırda sizin nəzarətinizdə olan xristian abidələri, xüsusən də Dədəvəng monastırı ilə bağlı vəziyyət necə olacaq?

– Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələr dövlət tərəfindən qorunacaq. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və to­lerantlıq ənənəsinə sahib olan çoxmillətli ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Həmin icma ölkə həyatında fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam şəkildə qorunur. Təsadüfi deyil ki, Papa Fran­sisk 2016-cı ildə Bakıya səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edib.

– Son bir neçə həftə ərzində aparılmış müharibədə xristianlarla müsəlmanlar arasında dini qarşıdurma epizodu olubmu?

– Ermənistan ilə Azərbaycan ara­sındakı münaqişə dini münaqişə deyil və heç vaxt belə olmayıb. Bu, ərazilərimizə qarşı erməni iddiaları ilə başlayan dövlətlərarası münaqişədir. Bunu dini münaqişə kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur, çünki Azərbaycan müxtəlif dinlərin davamçıla­rının əsrlər boyu sülh şəraitində yaşadığı ölkədir.

– Nə üçün Azərbaycanın Silah­lı Qüvvələri Şuşadakı kimi, kilsələr də daxil olmaqla, mülki binaları və məktəbləri bombaladı?

– Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Əhali, məktəb və ya xəstəxana kimi mülki infrastruktur hədəfə alınmadı. Azərbaycan Ordusunun əməliyyatları legitim hərbi hədəflərə cavab verməklə məhdudlaşdı. Problem ondadır ki, erməni tərəfi mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşən erməni zabitlərin fotosu sosial şəbəkələrdə çox müzakirə olun­du. Bəhs etdiyiniz kilsə ilə bağlı demək istərdim ki, Azərbaycan Prezidenti bunun səhv və ya qəsdən həyata keçirilmiş erməni təxribatı olduğunu söylədi. Faktla bağlı araşdırma aparılır. Lakin vurğu­lamaq istərdim ki, məqsədimiz kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində minlərlə erməni kitabının saxlanıldığı erməni kilsəsini bərpa etməzdik.

– Azərbaycan gələcəkdə tarixən ermənilərin məskunlaşdığı bir bölgə olan Dağlıq Qarabağ üzərində Ermənistan suverenliyini tanımağa hazırdırmı?

– Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrindən sonra bu ərazilərdə yerləşdirilib. Sovet dövründə ermənilərin orada çoxluq təşkil etdiyi faktdır. Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və bölgəni əhatə edən 7 Azərbaycan rayonunda yaşayanlar 1990-cı illərin əvvəllərində işğalı za­manı Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı olublar. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub. Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Dağlıq Qarabağın statu­su məsələsi 10 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütöv­lüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.

– Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri üçün bu cür dinc birgəyaşayışa necə zəmanət verə bilər?

– Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siya­si mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşı bərabər hüquqlar­la təmin edir və onların azadlıqlarını qoruyur. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcək. Azərbaycan Prezidenti artıq işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşı­lıqlı hörmət şəraitində Dağlıq Qarabağ­dakı azərbaycanlı və erməni icmalarının birgəyaşayışını təmin etməyə hazırdır.

– Atəşkəs elan edildikdən sonra Prezident İlham Əliyev niyə ermənilərin “itlər kimi” qovulması ilə bağlı şərhlər verdi?

– Bu açıqlama erməni xalqına qarşı yönəlməyib. Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərindəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə bildirdi. Şübhəsiz ki, müharibə cinayətləri törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər.

26 Noyabr 2020 00:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə