• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan hər birimizin Vətənidir...

Azərbaycan hər birimizin Vətənidir...

Azərbaycanda dövlət müstəqilliyimiz bərpa edildikdən sonra xaricdəki soydaşlarımızın təşkilatlanması işinə də mühüm önəm verildi. Milli həmrəyliyimizin banisi Heydər Əliyevin ölkəmizə rəhbərliyindən sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi. Ötən dövr ərzində dünya azərbaycanlılarının Bakıda keçirilən qurultayları respublikamızın və xaricdə yaşayan həmvətənlərimizin həyatında xüsusi ictimai-siyasi əhəmiyyətə malik hadisə olmaqla diaspor təşkilatlarımızın təşəkkül tapmasına böyük təsir göstərdi. Diasporumuzun daha mütəşəkkil qüvvəyə çevrilməsini və fəaliyyətinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsini dahi öndərimiz daim diqqət mərkəzində saxladı.   
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bizimlə söhbətində  yuxarıdakı fikirlərini davam etdirərək  dedi: 
– Hazırda xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, birlik və həmrəyliyinin güclənməsi sahəsində yeni bir mərhələ başlanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Diasporla İş üzrə Komitənin rəhbərliyində edilən dəyişiklik bu qurumun fəaliyyətini canlandırıb.   Azərbaycan diasporunun potensialından tam istifadə edilməsi, erməni diasporu ilə ciddi mübarizə aparılması, habelə diaspor sahəsində yaranmış boşluqların doldurulması qarşıya mühüm vəzifə kimi qoyulub.  
Diasporla İş üzrə Komitənin rəhbərliyində edilən dəyişiklik Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəaliyyətinə də, şübhəsiz ki, öz müsbət təsirini göstərib. Bu ölkədə azərbaycanlıların yaşadığı ərazilərdə soydaşlarımızı birləşdirən cəmiyyətlər arasında koordinasiyanın gücləndirilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Bununla bərabər, son illərdə Azərbaycanın siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar bu ölkədə yaşayan soydaşlarımızı da ruhlandırıb, onları Azərbaycanın milli maraqları ətrafında daha sıx səfərbər edib. Həmvətənlərimiz Azərbaycan həqiqətlərinin təbliğində, dövlətçilik maraqlarının müdafiəsində getdikcə daha fəal rol oynayırlar. Onların fəal iştirakı ilə Ukraynada  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün silsilə tədbirlər gerçəkləşdirilir. Soydaşlarımızın səyi nəticəsində bu respublikanın ictimai-siyasi dairələrində ölkəmizlə bağlı obyektiv münasibət formalaşdırılır.
Yeri gəlmişkən, fəaliyyətimizdə daim önə çəkdiyimiz bir məqama da  toxunmaq istərdim. Əksər diaspor üzvləri Azərbaycan həqiqətləri deyəndə daha çox torpaqlarımızın işğal altında olmasını, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsini, erməni silahlı birləşmələrinin dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı cinayətləri barədə düşünür və bununla bağlı məlumatların yayılmasına, tədbirlərin reallaşdırılmasına maraq göstərirlər. Bu, əlbəttə, zəruri, eyni zamanda, daim diqqət mərkəzində saxlanılmalı bir məsələdir. Amma son 15 il ərzində respublikamızın sosial-iqtisadi uğurlarını, qələbələrlə dolu keçdiyi möhtəşəm yolu da unutmamalı, bu barədə dost Ukrayna xalqı arasında təbliğat işini gücləndirmək qarşımızda duran əsas vəzifələrdən biridir. Ona görə də fəaliyyətimizdə  yeganə ağrılı problemimiz olan torpaqlarımızın işğal faktını daim qabartmaqla yanaşı, Ukrayna ictimaiyyətini möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatların uğurlu nəticələri ilə məlumatlandırmağa da üstünlük veririk,  bununla bağlı mütəmadi tədbirlər keçirirk.  
Onu da deyim ki, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti və  incəsənətinin   təbliğində və dost ölkə ictimaiyyətinə çatdırılması ilə bağlı da üzərimizə  məsul və şərəfli vəzifələr düşür. 
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu fəaliyyət göstərdiyi dövr ərzində cəmiyyətə inteqrasiya, burada yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərinin qorunması, ictimai-siyasi fəallığının artırılması istiqamətində də mühüm işlər görmüşdür və hazırda da vu davam etdirilir.  Qarşıya qoyulan  məqsədlərə nail olmaq üçün bundan sonra da fəaliyyətimizi əzmlə davam etdirəcəyik. Bütün bunlar isə öz növbəsində  Ukrayna və Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə, tərəflərin milli maraqlarının təmini şəraitində strateji xarakterli münasibətlərinin yeni yüksəliş mərhələsinə qədəm qoymasına gətirib çıxarır.
Oxucularla bir qənaətimi də bölüşmək istərdim. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla tez-tez görüşürəm. Onların öz Vətənini, yəni mənsub olduğu Azərbaycanı layiqincə təmsil etdiklərini görəndə qürur hissi keçirirəm. 
Bu gün Azərbaycan dünya miqyasında çox böyük nüfuza malik olan ölkədir. Yuxarıda xatırlatdığım kimi, bu, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə reallaşdıran möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeridilən xarici siyasətin, qitələr arasında qarşılıqlı surətdə faydalı və hörmət əsasında qurulan münasibətlərin məntiqi nəticəsidir. Bir daha təkrar edirəm, biz ölkə xaricində təkcə ayrı-ayrı sahələrdə çalışmırıq, eyni zamanda, həmin dövlətlərdə ana dilimizi, mədəniyyətimizi, tariximizi tanıdırırq, yaşadırıq, bütün dövlət bayramlarımızda birliyimizi, həmrəyliyimizi nümayiş etdiririk.  
Ölkəmizin gündən-günə inkişaf etməsindən, güclənməsindən, sözün əsl mənasında, qürur duyuruq. Əlbəttə, yaxşı bilirik ki, bütün sosial-iqtisadi layihələr cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilir. İnanıram ki, ölkəmiz gündən-günə daha da güclü bir dövlətə çevriləcək.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəallarından ikisi barədə də qısa danışmaq istərdim. Dnepropetrovsk Azərbaycan Liqasının sədri Sərxoş İsmayılovun mədəniyyətimizin təbliği istiqamətində, o cümlədən burada yaradılan Azərbaycan məktəbinin səmərəli fəaliyyətində və idman yarışlarının keçirilməsində xidmətləri danılmazdır.  
Azərbaycan-Ukrayna “Dostluq” Cəmiyyəti idarə heyətinin sədri, texniki elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Xarkov Milli Radioelektronika Universitetinin  prorektoru Murad Ömərov da mədəniyyətimizin, tariximizin, bugünkü inkişafımızın  təbliğində böyük səy göstərir.
Respublika  hüdüdlarından kənarda Azərbaycanı layiqincə təmsil etmək və Azərbaycan mədəniyyətinin təbliğatı ilə bağlı mühüm tədbirlər gerçəkləşdirmək heç də sıradan bir iş deyil. Əlbətdə ki, müəyyən qüvvələr tərəfindən maneələr qaçılmaz olur. Bütün bunlara baxmayaraq, yolumuzdan, qarşımıza qoyduğumuz məqsəddən daşınmırıq. 
Söhbəti qələmə aldı: 
Elman QƏNBƏROV

8 2018 22:04 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin