Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Möhtəşəm hərbi zəfəri siyasi qələbəyə çevirdik

Bu gün Azərbaycan öz tarixinin şərəfli bir dövrünü yaşayır. Nəhayət, 30 il işğal altında olan torpaqlarımızı düşməndən azad edirik. Noyabr ayı tariximizə möhtəşəm qələbələr ayı kimi daxil olacaq.

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir.

Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Kəlbəcəri təhvil vermək üçün düşmənə 10 gün əlavə möhlət verildi. Bil­diyimiz kimi, Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Kəlbəcərin işğalı nəticəsində onminlərlə soyda­şımız məcburi köçkünə çevrilmişdi. İllərdir tor­paqlarımızı işğalda saxlayan erməni vandalla­rının əməlləri barədə BMT belə qətnamə qəbul etmişdi. Artıq müzəffər ordumuz Kəlbəcərdədir. Bu isə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir...

Bu fikirləri Milli Məclisin deputatı Əziz Ələkbərli bildirdi.

O dedi ki, Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər.

–Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün hər cür şəraiti yaradıb. Lakin dəhşətli məqam ondan ibarətdir ki, ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vurur, suları çirkləndirərək ekoloji fəlakət törədirlər. Bu baxımdan Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Onu da qeyd edim ki, bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi ora­dan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqya­lın, erməni təcavüzkarlarından qaçıb xilas olub­lar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Əslində, bunu dünya birliyi, beynəlxalq təşkilatlar mütləq hüquqi cəhətdən qiymətləndirməlidirlər.

Deputat əlavə edib ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində böyük tarixi nailiyyət qazandı. Dövlət başçısı bu böyük hərbi qələbəni həm də siyasi qələbəyə çevirərək, diplomatik məharət nümayiş etdirdi. Nəticədə Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olub.

Anar TURAN, “Xalq qəzeti”

26 Noyabr 2020 00:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə