Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağımızın Ağdamı – düşmənə göz dağı...

32 illik qanlı münaqişənin ilk günlərindən – ilk anından ağırlığını çiyinlərində daşıyan rayon, şəhər! İlk qurbanlarımızın verildiyi torpağını şəhid qanlarıyla suvarıb Vətən etdiyi bölgə... Beş il (1988-93-cü illər) düşmənə mərdliklə, igidliklə sinə gərib, öz qoynunda 160 minlik ağdamlı ilə birgə Xocalı şəhidlərini, Xocalı şahidlərini, qəlbi yaralı, acılı xocalıları, Qarabağın digər bölgələrindən minlərlə məcburi köçkünü, 1988-89-cu illərin Qərbi Azərbaycan qaçqınlarını əziz, doğma insanları kimi yerləşdirən, onların qayğısını çəkən, dərdinə məlhəm olan Ağdam! Savaşan, vuruşan, dirənən, dastan yazan Ağdam...

On bir Milli Qəhrəmanı, 6500- dən çox şəhidi, minlərlə yaralısı, əlili, müharibə veteranı olan yurd yerimiz! Beş illik dirənişindən sonra alçaq düşmənə, onun qanlı havadarlarına məğlub olmağa məcbur edilən vüqarlı, sınmaz Ağdam...

Bir Allah bilir sənin 32 ildə və 1993- cü ilin qara 23 iyulundan bu yana çəkdiklərini, göyüm-göyüm göynədiyini, sızım-sızım sızıldadığını...

Məğlubiyyəti--hər hansı səbəbdən olursa-olsun -- köçkünlük damğasını daşımaq çox çətin idi, ağırına, ağ damına yaraşdırmırdın... Niyə də daşımalıydın, niyə də yaraşdırmalıydın, axı?!

Sən Azərbaycanımızın, sən Qarabağımızın güvənci idin, axı!!!

Artıq sevin, Ağdam, gül, Ağdam, əl götürüb halay çək, Ağdam...

Sən ağ damına, imanına, gümanına qayıtdın!

Sən Xudu Məmmədovuna, Qurban Pirimovuna, Səxavət Məmmədovuna, Qədir Rüstəmovuna, Famil Mehdinə, Əlif Hacıyevinə, Sara Qədimovana, Allahverdi və Eldar Bağırovuna, Fred Asifinə...kimlərə-kimlərinə qayıtdın... Qayıdışın mübarək!

İyirmi yeddi illik acı, nisgilli, qüruruna sığışdırmadığın həsrətinə son qoyuldu...

Bir güllə atılımadan, bir şəhid verilmədən azad olunsan da, sənə uğrunda yetişdirdiyin yüzlərlə, minlərlə can fəda oldu!

Sən həm də döyüşərək, şəhid verərək, Ağ damına alnıaçıq, üzüağ qayıtdın...

Sən müzəffər, xilaskar Ali Baş Komandanın əsərisən. Sən qalib sərkərdənin başçılıq etdiyi şanlı, rəşadətli Azərbaycan Ordusunun, igid, qəhrəman Azərbaycan əsgərinin əsərisən... Artıq sənin işğal günün yoxdur, qalibiyyət günün var! 23 iyul sənin yaralı qəlbindən artıq birdəfəlik silinib atıldı, 20 noyabr qalibiyyəti yazıldı ürəyimizin başına... Hamımız sevindik, hamımız qəhərləndik, hamımız səninlə sənin azadlığın üçün sevinc göz yaşları tökdük... Sənin tarixində heç zaman unudulmayacaq – yeni bir tarix, yeni bir gün -20 noyabr yaşandı və yazıldı...

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev və onun ən yaxın, ən sadiq silahdaşı, birinci xanımımız Mehriban Əliyeva sənə qonaq gəldi, 27 ildən sonra sənin qapını ilk açan, qapını döyən ilk qonağın onlar oldu.. Əlləri Quranlı, ağızları dualı...

Unudulmayacaq, zaman-zaman xatırlanacaq, xatırladılacaq bir an, bir gün, bir tarix... Ali Baş Komandan dedi: “Həm işğal dövründə – 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin...”

Daha sonra sözlərinə əlavə etdi ki, düşmən bizi buradan -Ağdamdan gözləyirdi. Amma biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək: “Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra, təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır”.

Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar.

“Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda”-- deyən Ali Baş Komandan diqqətə çatdırdı ki, Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, onun şərtlərinə əməl və öz məğlubiyyətini etiraf etdi.

Bəli, biz gəldik, biz Ağdama qələbə ilə, qalibiyyətlə gəldik... Ali Baş Komandanın müdrik, uzaqgörən siyasəti və Azərbaycan Ordusunun yenilməzliyi sayəsində. Var olsun, min yaşasın, var olsunlar, min yaşasınlar! Onlara – Sizə borcluyuq!

Qalib sərkərdənin, qurucu dövlət başçısının sözləri ilə desək, biz şanlı qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.

Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma, necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

Biz qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir!

Və saatlar, dəqiqələr, gözlər daha bir bölgəmizə – Dədə Şəmşir yurdu, saz-söz, igidlər oylağı Kəlbəcərimizə doğru zillənir, iştiqamətlənirdi. Ağdamımızdan sonra Kəlbəcərimiz... Yağı düşməndən azad edildi. Gəlirik... Sənsən gözəl Azərbaycanım!

Qarabağ Azərbaycandır, Qarabağ , can Azərbaycandır!

Jalə ƏLİYEVA,
Milli Məclisin deputatı, professor

26 Noyabr 2020 00:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə