Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Biz bu qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik”

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda ağır və mürəkkəb proseslər cərəyan edirdi, xaos, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün respublikaya rəhbərlik etdiyi dövrlərdə isə şərait daha da ağırlaşmışdı. Başqa sözlə, hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilmişdi, uzun müddət davam edən daxili böhran daha da dərinləşmişdi, vətəndaş itaətsizliyi açıq-aydın nəzərə çarpırdı, qanunçuluğun və hüquq qaydalarının təminatında, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər özünü göstərirdi. Bütün bunlarla bərabər, o zaman Azərbaycan rəhbərliyi ordu quruculuğuna demək olar ki, fikir vermirdi. Belə vəziyyət isə ermənilərin torpaqlarımızı işğal etmələrinə əlverişli şərait yaradırdı.

Ulu öndərimiz Heydər Əliyev yenidən ölkəyə rəhbərliyə başlayan­dan sonra sosial-iqtisadi, demokratik islahatlarla bərabər, mükəmməl nizami ordunun da əsası qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev isə son 17 ildə Silahlı Qüvvələrin fəaliyyətinin gücləndirilməsinə mühüm önəm verdi. Bunun üçün, ilk növbədə, ölkəmizdə milli həmrəylik, xalq-iqtidar birliyi yaradıldı, ciddi kadr islahatı aparıldı, cəmiyyətdə sosial ədaləti gerçəkləşdirmək üçün bir sıra layihələr gerçəkləşdirildi. Eyni zamanda, güclü iqtisadiyyat quruldu, karbohidrogen ehtiyatlarının hasi­latı və ixracı istiqamətində xüsusi addımlar atıldı. Ölkə Prezidenti ordu quruculuğunu bütün yuxarıda sadala­nanlarla paralel apardı.

Azərbaycan Respublikası­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 23-də işğaldan azad edilən Ağdamda şəhər məscidinin qarşısındakı çıxışında bu məqama toxunaraq, Ermənistana sarsıdıcı hərbi zərbənin vurulmasında xalq-iqtidar-ordu amilinin əhəmiyyətini yüksək dəyərləndirdi: “Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalı­yıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücü­müzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır...”.

Bəli, 17 il ərzində Azərbaycan iq­tisadiyyatının güclənməsinin, bunun sayəsində isə Silahlı Qüvvələrimizin dünyanın ən güclü orduları sırasın­da yer almasının məntiqi nəticəsi idi ki, sentyabrın 27-də ölkəmizin işğalçıya qarşı başladığı əks-hücum əməliyyatı tam qələbə və düşmənin kapitulyasiyası ilə yekunlaşdı. Bununla da Vətən müharibəsi başa çatdı. Azərbaycan bu savaşda parlaq qələbə qazandı, işğal aldındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuz düşmənin torpaq­larımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, zəfər uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü.

İkinci Qarabağ müharibəsində şanlı ordumuzun şücaəti ilə 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, qəsbkarın texnikası­na, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Müharibənin sonunda isə Ermənistan ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevirildi.

Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdür­dü və kapitulyasiyaya məcbur etdi.

Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 10-da imzala­dığı birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılmasının qrafik üzrə həyata keçirilməsinə başlanılıb. Bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-nə Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub. Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyun­ca Ermənistan ordusu tərəfindən yaradılan müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Bir neçə müdafiə xəttindən ibarət olunan bu istehkamlar müasir standartlar tətbiq edilməklə hazırlanıb. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, eyni zamanda, Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşalt­mağa məcbur etdi.

Ali Baş Komandan İlham Əliyevin Ağdam şəhər məscidinin qarşısında etdiyi çıxışında vurğuladığı kimi, ötən illər ərzində ölkədə iqtisadi sahəyə güclü təkan verilməsi, iqtisadi müstəqilliyimizin gerçəkləşdirilməsi Azərbaycanı bu sahədə dünya dövlətlərinin asılılığından xilas etdi: “Asılı olsaydıq, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki bizə qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə quru­mundan asılı deyilik. Əksinə, biz özü­müz indi donor ölkəyik, biz özümüz indi kreditlər veririk. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olma­saydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. O düşməndən ki, onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır”.

Dövlətimizin başçısı çıxışında daha sonra vurğuladı ki, sadalanan amillər Azərbaycanın iqtisadi gücü­nü artırdı, qələbəmizi şərtləndirdi. O amillər sırasında ordumuzun güc-qüdrəti də xüsusi önəm daşıdı.

Azərbaycan Prezidentinin 17 illik siyasətində Silahlı Qüvvələrimizə diqqət və qayğı prioritet istiqamət kimi diqqət çəkib. Bu müddətdə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə olub. Ordunun müasir texnika və silah təminatna xüsusi əhəmiyyət verilib. Bütün bun­lar Azadlıq meydanında dəfələrlə keçirilən paradda nümayiş etdirilib.

Bax, belə bir vəziyyət ikin­ci Qarabağ müharibəsində qələbəmizi, ərazi bütövlüyümüzü reallaşdırdı. Eyni zamanda, əsgər və zabitlərimizin peşəkarlığına əsaslı təsir göstərdi. Məhz bunun nəticəsi idi, 44 günlük müharibədə ordumuz ən ağır əməliyyatları uğurla başa çatdırdı, ən çətin, mürəkkəb sədləri asanlıqla dəf etdi. Buna görə də dünyanın bir sıra inkişaf etmiş ölkələrində Azərbaycanın hərbi təcrübəsinin öyrənilməsi qərarlaşdırıldı. Azərbaycan Prezi­denti çıxışında bununla bağlı dedi: “Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumata görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salına­caq”.

Ölkə Prezidenti çıxışında bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görməyin nə qədər ağır, nə qədər əzablı olmasını da xüsusi vurğula­yıb. Eyni zamanda, ötən illərdə bu əzəli Azərbaycan torpağına qayı­dışın da nə vaxtsa reallaşacağına ümidini itirməyib, böyük qələbə əldə ediləcəyinə, məcburi köçkünlərin dədə-baba yurdlarına dönəcəyinə əmin olub: “Mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binokl­la görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, bu­raya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Dövlətimizin başçısı çıxışında yuxarıda qeyd edilənlərlə bərabər dağıdılan, talan olunan Ağdam şəhərinın, bu inzibati ərazi vahidi­nin kənd və qəsəbələrinin tez bir zamanda yenidən qurulacağını, tarixi abidələrinin bərpa ediləcəyini, müharibədə göstərilən birliyin, əzmkarlığın bu işdə də önəmli rol oynayacağını diqqətə çatdırıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində də Ağdam üçün yeni dövrün başlandığını, bununla bağlı böyük planların olduğunu deyib: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımın­dan böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

26 Noyabr 2020 00:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə