Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndiki birlik Azərbaycan xalqına çox qələbələr qazandıracaq

Qarabağın işğaldan azad edilməsi üçün xalqımızın apardığı müqəddəs Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox qısa müddət ərzində Azərbaycan əsgəri dünyanı heyrətə gətirəcək qələbələr qazandı. Torpaqla­rımız işğaldan elə sürətlə azad edildi ki, dünya­nın super gücləri, beynəlxalq təşkilatlar nə baş verdiyini anlamaqda çətinlik çəkdi. Ermənistan isə rəşadətli ordumuz qarşısında tab gətirə bilməyəcəyini anladı və təslim oldu. Milli ordu­muzun rəşadəti nəticəsində düşmən silahı yerə qoyaraq işğal etdiyi ərazilərdən çəkildi.

Ağdamın işğaldan azad edilməsi Azərbaycan əsgərinin qəhrəmanlıq dastan­larından biridir. 20 noyabr yalnız ağdamlılara deyil, bütün Azərbaycan xalqına, dünya azərbaycanlılarına da böyük sevinc və öyünc gətirdi. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandanın apardığı məqsədyönlü fəaliyyətin və 44 günlük uğurlu döyüş əməliyyatlarının birbaşa nəticəsidir.

Bu bölgə də 27 il idi ki, Ermənistanın işğalı altında idi. Noyabrın 23-də cənab Prezidentin bu şəhərdə Dövlət bayrağımı­zı qaldırarakən dediyi kimi, Ağdam ikiqat zəfərlə, bir güllə atılmadan, bir əsgərimizin burnu belə qanamadan azad edildi. Bu qələbə məhz Azərbaycan Ordusunun 44 günlük tarixi qəhrəmanlığının ən dəyərli nəticələrindən biridir.

Düşmən əsarətində olan bütün ərazilərimizin, o cümlədən Ağdamın işğaldan azad edilməsi, həmin bölgələrin resurs­ları ölkəmizin gələcək inkişafında xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş bölgələrimiz əvvəllər olduğu kimi ölkə iqtisa­diyyatının mühüm bir hissəsini təşkil edəcək. Həmin ərazilərdə böyük abadlıq və quruculuq işləri həyata keçiriləcək və dövlət başçısı­nın da qeyd etdiyi kimi, bütün qarabağlılar çoxdan bəri həsrətində olduqları öz ata-baba yurdlarına qovuşacaqlar.

Azad olunmuş torpaqlara qayıdacaq insanların yeni həyata başlaması üçün dövlət əlindən gələni edəcək və 30 ilə yaxın düşmən tapdağında qalmış bütün rayonlarımız, şəhərlərimiz, kəndlərimiz müasir layihələrlə yenidən canlanacaq, tarixi yerlər bərpa ediləcək. Bu böyük qayıdış və əzəmətli qu­ruculuq Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcək: tam yeni – işğaldan azad Qarabağ yüksələcək, daha da çiçəklənən bir Azərbaycan qurulacaq.

Prezident İlham Əliyev Qələbə münasibətilə xalqa müraciətində və digər açıqlamalarında bütün bu məsələlərə aydın­lıq gətirdi. Beynəlxalq təşkilatların, dünyanın uzun müddət ərzində bu münaqişə ilə bağlı haqsız davranışı, Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi Ali Baş Komanda­nın xalqa müraciətlərində öz dəyərini aldı. Bu qələbələrimizin kökündə isə bu gün cəmiyyətimizdə hökm sürən milli birliyimiz və həmrəyliyimiz dayanır. İndiki birliklə Azərbaycan xalqı hələ çox qələbələrə imza atacaq. Bu, həm hərbdə, həm diplomatiya­da, həm iqtisadiyyatda, ümumiyyətlə, bütün sahələrdə özünü göstərəcək. Buna bütün xalqımız əmin ola bilər.

Bugünlərdə Kəlbəcər və Laçın da düşmən işğalından azad edilməkdədir. Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Bununla da müstəqilliyimizə təhdid hesab edilən işğal faktı tamamilə aradan qalxmış olacaq. Bu, Azərbaycan xalqının tarixində çox böyük bir Qələbədir!

2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad olunması gələcək yüzilliklərdə də Azərbaycan tarixinin şanlı səhifəsi kimi yadda qalacaq və daim xatırlanacaq. Biz və bizdən sonra gələn nəsillər böyük fəxrlə bu qələbədən danışacaq və xalqımızın qəhrəmanlığı ilə həmişə fəxr edəcəklər. Ali Baş Komandan, İlham Əliyev və Azərbaycan əsgəri tariximizin əbədi qəhrəmanlarıdır”.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru

26 Noyabr 2020 00:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə