Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələbəni iqtisadi və siyasi müstəqilliyimiz təmin etdi

Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz si­yasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. O düşməndən ki, onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Rəsmi dövlət qəzetində çalışmağın, ölkədə və regionda gedən ictimai-siyasi proseslərlə daim tanış olmağın üstün cəhətlərindən biri də odur ki, daha çox məlumat alırıq və həmin bilgiləri bir-biri ilə müqayisə etmək imkanımız yaranır. Ona görə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş Ağdamda – vəhşi qonşularımızın divan tutduğu məscidin qarşısındakı çıxışını eşidərkən, qeyri-ixtiyari olaraq, oradakı fikirləri dövlət başçımızın 2018-ci il aprelin 17-də keçirilmiş andiçmə mərasimindəki nitqinin bəzi tezisləri ilə əlaqələndirdim.

Diqqətimi çəkən nə idi? Cənab Prezident iki il qabaqkı nitqində san­ki ölkəmizin və xalqımızın bugünkü təntənəsinə hazırlaşdığını deyirdi: “ Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edil­miş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, plan­larımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planları­mız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resursla­rımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq”.

Fikrimcə, dövlət başçımızın Ağ­damdakı nitqi – oradan xalqımızın qəddar düşmənləri olan işğalçı Ro­bert Koçaryana və Xocalı soyqırımına rəhbərlik etmiş Serj Sarkisyana “Mən sizi məğlub etmişəm, mən öz ordumla burada – Ağdamdayam, ” – deməsi məhz həmin nikbinliyin təntənəsi idi. O nikbinliyin təməli isə ölkənin iqtisadi və siyasi müstəqilliyinin təmin olunması ilə qoyulmuşdu. Mən son 17 ildə Prezident İlham Əliyevdən bəlkə də, on dəfələrlə eşitmişəm ki, biz öz ərazi bütövlüyümü­zü bərpa etmək üçün siyasi və iqtisadi müstəqilliyimizi möhkəmləndirməliyik. Ona da şahidəm ki, xalqın böyük oğlu bu çağırışları səsləndirdi və onları reallaş­dırmağı bacardı. Bu gün Azərbaycan həm siyasi , həm də iqtisadi baxımdan tam müstəqildir. Ona görə də dövlət başçımız heç kəsdən, heç bir dövlətdən çəkinməyərək bəyan edir ki, bizi yolu­muzdan döndərə biləcək qüvvə yoxdur.

Dövlət başçımız Ağdamdakı nitqində də həmin məsələlərə toxundu. Özü də daha böyük qətiyyət və inamla: “Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hü­quq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”.

Azərbaycanın iqtisadi müstəqilliyi dövlətimizin qüdrətini artırmaqla yanaşı, ordumuzun da maddi-texniki bazası­nın müasirləşdirilməsini təmin etmiş­dir. İndi dünyanın aparıcı dövlətlərinin hərbi ekspertləri bizim 44 günlük hərbi əməliyyatlardakı təcrübəmizi öyrənməyə çalışırlar. Hər şey dünyanın gözü qaba­ğındadır.

O ki qaldı, ölkəmizin siyasi müstəqilliyinin nəticələrinə bunu cənab Prezident Ağdamdakı nitqində daha yaxşı ifadə etdi: “Biz beynəlxalq müstəvidə böyük işlər apardıq və mən öz çıxışlarım­da xalqa bu barədə kifayət qədər məlumat vermişdim. Bu gün, müharibə başa çatan­dan sonra və hətta müharibə dövründə bütün dünya, bütün Azərbaycan xalqı gör­dü ki, bunun nə qədər böyük əhəmiyyəti var idi. Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 1993-cü ildə qəbul edilmişdir. Amma ondan sonra biz BMT Baş Assambleya­sının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar, qətnamələrini qəbul etdirərək münaqişənin həlli üçün çox möhkəm hüquqi baza ya­ratdıq. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq”.

Yəni, qələbə deyəndə söhbət təkcə son 44 gündəki hərbi əməliyyatların nəticəsindən və namərd düşmənin kapitulyasiya sənədini imzalamasından getmir. Söhbət, həm də, son beş-altı ildə Ermənistanı, az qala, hər ay, hər həftə siyasi, mənəvi, ideoloji baxımdan məğlub etməyimizdən gedir. Ermənilər həmin məğlubiyyətlərin acısını iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə yaşamalı olublar. Ermənilər həmin acıları Azərbaycan Prezidentindən Avropanın mərkəzində eşitdikləri “ Türkiyə burada yoxdur, mən isə buradayam” qətiyyətini eşidəndə yaşamışdılar. İşğalı və terrorçu ölkənin siyasətşilərinə Prezident İlham Əliyevin BMT tribunasından dediyi “BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı olan qətnamələri on illərdən bəridir ki, icra olunmur. Ona görə də BMT-də islahatlara ehtiyac vardır” ifadəsi də nələrisə xatırlatmamış deyil. İşğalçı ölkənin baş nazirinin son iki ildə dəfələrlə -- Soçidə, Aşqabadda, Davosda və iştirak etdiyi hər yerdə -- Azərbaycan Prezidentinin qarşısında aciz, xəcil və rüsvay olması da bizim qələbəmizə zəmin yaradan amillərdən idi. Çünki erməni əsgəri və zabiti öz dövlət başçıla­rının səviyyəsizliyini gördükcə, olan-qalan döyüş ruhlarını da itirirdilər. İlham Əliyev məhz buna çalışır və nail olurdu.

Erməni əsgəri, zabiti, ziyalısi və sadə vətəndaşları gördülər ki, dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatının üzvləri Azərbaycan Prezi­denti İlham Əliyevi özlərinə sədr seçdilər. Bakıda toplaşaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını nəzərdə tutan sənəd qəbul etdilər. Hətta Prezident İlam Əliyev Qoşulmama Hərəkatının sədri kimi BMT rəhbərliyindən xahiş etdi ki, bu qurumun koronavirus pandemiyası ilə əlaqədar növbədənkənar sessiyası keçirilsin. Azərbaycan Prezidentinin bu təşəbbüsü yüksək səviyyədə qəbul ediləndən sonra erməni əsgəri döyüşə hansı ruhla gedəcəkdi?

Yeri gəlmişkən, dövlət başçımız bu faktı Ağdamda da yada saldı və işğal­çılara da, onların havadarlarına da bəzi faktları xatırlatdı: “Biz – Qoşulmama Hərəkatına sədrlik edən ölkə BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulma­ma Hərəkatına sədrlik etdiyimiz dövrdə də bu məsələni diqqət mərkəzində saxlamışıq. Bu gün 120 ölkəni birləşdirən təşkilata Azərbaycan sədrlik edir. Keçən il zirvə görüşü keçirilmişdir. Bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi. Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olma­yan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər”.

Prezident xatırlatdı ki, biz pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərmişik, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmama Hərəkatına xüsusi bir yardım göstərmişik. Görülmüş bütün bu işlər səmərəsini verdi. Biz bizim üçün əsas məsələ olan Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ məsələsində lazımi beynəlxalq dəstəyi ala bildik.

Hər halda, Azərbaycan öz tarixi günlərini yaşayır. Biz şanlı Qələbəmizi qeyd edirik. Dövlət başçımız növbəti dəfə bəyan etdi ki, biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.

Biz buna inanırıq. Çünki Azərbaycan dövlətinin böyük işlər görmək təcrübəsi var. Çünki Qarabağ Azərbaycandır!

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

26 Noyabr 2020 00:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə