Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq birlik Azərbaycanın haqq işini müdafiə edir

Noyabrın 10 – da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir  Putin arasında üçtərəfli bəyanatın  imzalanması ölkəmiz üçün tarixi bir gündür. Buunla da 30 ildən çox davam edən  Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Üçtərəfli bəyanat problemin həlli istiqamətində son nöqtə oldu. Tarixi əhəmiyyət kəsb edən bu bəyanat Ermənistanın kapitulyasiyası , eyni zamanda,  Azərbaycanın  şanlı qələbəsidir!

Bu qələbə asan başa gəlmədi. 30 illik yurd həsrətinə - Ermənistanın  işğalçı siyasətinə son qoymaq üçün  dövlətimizin başçısının siyasi uzaqgörənliyi, düşünülmüş strategiyası sayəsində  döyüş, diplomatiya və informasiya cəbhələrində böyük işlər görülüb, münaqişənin həlli ilə bağlı  zəngin hüquqi baza formalaşdırılıb, tarixi həqiqətlər və real vəziyyət dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycan Prezidentinin səyləri nəticəsində ölkəmiz Ermənistanın və havadarlarının yaratdığı mifləri dağıtdı, informasiya müharibəsində  böyük üstünlük  əldə etdi. Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən , dövlətimizin başçısı çıxışında bu məsələləri bir daha diqqətə çatdırdı.

Ölkə Prezidenti dedi ki, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Möhtərəm Prezidentimiz  son 17 il ərzində xalqa müraciət edərkən  “biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq”  fikrini dəfələrlə xatırlatdığını bildirdi.  Bu gün dünyada güc amilinin həlledici rol oynadığını deyən Ali Baş Komandan  haqq-ədalətin,  beynəlxalq hüququn  bizim tərəfimizdə olduğunu vurğuladı. Ancaq   gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır:  “Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”.

Biz artıq həmin günün şahidiyik.  30 illik işğala son qoyuldu. Bu  tarixi qələbədə diplomatik uğurlarımızı xüsusi qeyd etməliyik. Son 17 idə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı müvafiq mükəmməl  hüquqi baza yaradılıb.  Dövlət başçımızın yorulmaz siyasi fəaliyyəti, həm xarici səfərlərində, həm nüfuzlu beynəlxalq tədbirlərdəki  çıxışlarında, həm də keçirdiyi görüşlərdə, ilk növbədə,  ərazilərimizin 20 faizinin  Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və bunun nəticəsində bir milyondan artıq soydaşımızın doğma ata-baba yurdlarından didərgin salındığını  faktlarla diqqətə çatdırması  öz müsbət nəticəsini göstərdi. BMT Təhlükəsizlik Şurasının  Qoşulmama Hərəkatının, Avropa İttifaqının , Avropa Şurasının, ATƏT  - in, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və  digər nüfuzlu  beynəlxalq qurumların qərar və qətnamələri Ermənistanın işğalçı dövlət olduğunu bur daha təsdiqlədi. Həmin qətnamələrdə birmənalı olaraq Azərbaycan ərazilərinin işğal olunduğu öz əksini tapırdı.

Dövlət başçımızın Ağdam rayonundakı çıxışı zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənməsini diqqətə çatdırması ölkəmizin beynəlxalq aləmdəki reytinqinin göstərici idi.

Qələbənin qazanılmasında ölkəmizin informasiya cəbhəsindəki nailiyyətləri də mühüm rol oynadı. Azərbaycan  münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni dünya ictimaiyyətinə  olduğu kimi çatdırmaqla,  informasiya müharibəsində  mühüm qələbə qazandı. 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin dünyanın 30 - a yaxın aparıcı  televiziya kanallarına, qəzetlərinə və informasiya agentliklərinə verdiyi müsahibələr beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı. Artıq beynəlxalq aləm Azərbaycanın haqq işinə tərəfdar çıxdığını açıq şəkildə bəyan edir.

ATƏT-in Minsk qrupu həmsədrlərindən biri- Rusiya Federsaiyasının Prezidenti Vladimir Putinin “Rossiya 1” telekanalına müsahibəsində “Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deməsi Ermənistan rəhbərliyinin bütün ümidlərini alt-üst etdi.  V. Putin, həm də  Ermənistanın  qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb: “Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”. Bununla da Ermənistan rəsmən işğalçı ölkə kimi tanındı.

ABŞ-ın Avropadakı qoşununun keçmiş komandanı, general-leytenant Ben Xocesin “EUObserver” nəşrindəki məqaləsində yer alan fikirlər də diqqəti cəlb edir. General-leytenant yaranmış vəziyyətdə ABŞ və Avropanın kənarda qalmasını uyğun seçim olmadığını qeyd edib: “Dağlıq Qarabağ beynəlxalq aləm tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Şərq və Qərb arasında yeganə quru dəhliz Azərbaycandan keçir. Bu, əslində, daha böyük Qara dəniz regionunun iqtisadi potensialının inkişafı üçün açardır və Qərb artıq yubanmamalıdır”.

B.Xocesin fikrincə, Qərb hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın yerinə yetirilməsində Bakıya mövqeyini müdafiə etməyə kömək etməlidir. Çünki  beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

Beynəlxalq birliyin Azərbaycanın haqq işini müdafiə etməsi barədə kifayət qədər faktlar var.  Çünki Azərbaycan Ordusu öz torpağında vuruşurdu. Azərbaycan xalqı onu ümdə arzularına -- Qələbəyə  qovuşduran  Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşib.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

 

25 Noyabr 2020 14:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə