Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabadda tədarük olunan pambığın 24 min tondan çoxu maşınlarla yığılıb

Sabirabadda pambıq yığımı başa çatmaq üzrədir. Hazırda sahələrdə 4-cü yığım gedir və məhsul toplanışı əl ilə aparılır. Hər gün sahələrdən 48-50 ton məhsul toplanır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il 8360 hektar pambıq sahəsindən 25 min 210 tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul yetişdiriblər. Dövlətin aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi və əməktutumlu sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və istehsal etdiyi məhsulun satışından yaxşı qazanc götürür.

Pambıqçılar cari ildə də bol məhsul yetişdiriblər. Məhsul toplanışına mütəşəkkil başlayan əkinçilər indiyədək sahələrdən 30 min 621,7 ton pambıq toplayaraq qəbul məntəqələrinə göndəriblər. Hər hektarın məhsuldarlığı 30,4 sentner olur. Tədarük olunan məhsulun 24 min 818 tonu maşınların köməyi ilə toplanılır.

Uzun illər pambıq əkini ilə məşğul olan Şəhriyar kənd sakini Novruzəli Abdullayev ötən il becərdiyi hər hektar pambıq sahəsindən 54 sentner məhsul götürüb. Pambıqçı bu il 9 hektar sahədə pambıq əkib. Onun becərmə vaxtında bilik və təcrübəsini tətbiq etməsi nəticəsində bu il də sahədən bol məhsul olub.

“Bu mövsüm 9 hektar sahədə pambıq becərmişəm. Sahəyə nümunəvi qulluq etdiyimdən məhsulum ötən ildəkindən çox olub. Yığım apardığım sahənin hər hektarından 55 sentnerdən çox məhsul götürmüşəm ki, bu da keçən ildəkindən 1 sentner çoxdur”, - deyə fermer bildirib.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

25 Noyabr 2020 12:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə