Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azadlığın mübarək, doğma Ağdamım!

27 il idi ki, yollara həsrətlə baxırdım. Gözlərimin  yaşı qurumurdu. Bu günü səbrsiliklə gözləyirdim. Nə qədər sevincli günlərim olsa da, doğulub boya- başa çatdığım Ağdam rayonunun erməni tapdağı altında qalması  sevincimi qözlərimdə  dondururdu.  Bir tərəfdən də məcburi köçkün damğası əzab verirdi mənə. Doğma Vətənimdə  məcburi köçkün olmaq ağır dərd idi. Allaha şükürlər olsun ki, artıq bunların hamısı arxada qaldı. Artıq nə mən, nə qohum-əqrabam, nə də bütün ağdamlılar  məcburi köçkünük.  Noyabrın 20- si mənim üçün unudulmaz,  yaddaşıma əbədi həkk olunan bir günə çevrildi. Həmin gün xilaskar Prezidentimiz, Ali Baş Komandanımız  cənab İlham Əliyevin  xalqa müraciətini sevinc göz yaşları içərisində dinlədim: “Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.

Sentyabrın 27- dən başlanan və 44 gün davam edən Vətən  müharibəsi Azərbaycan Ordusunun tarixi qələbəsi ilə başa çatdı.  Müharibə qansız-qadasız olmur.  Özü də həmin döyüşlər faşistlərdən də  qəddar, amansız, qaniçən  ermənilərə qarşı aparıla. Uzun illərdir ki, xarici havadarlarına arxayın olan ermənilər işğal etdikləri Azərbaycan ərazilərində törətmədikləri  vəhşilik, barbarlıq qalmadı. Hətta insanlığa xas olmayan yola da əl atdılar --  qəbirstanlıqları yerlə - yeksan etdilər. Nəhayət, cavablarını aldılar. Əslində, 2016- ci ilin Aprel döyüşlərində  cavablarını almışdılar.  Ancaq bundan ciddi nəticə çıxarmadılar.   Görünür, havadarları  onları yenə də qızışdırır, həm də Ermənistan ordusunun güclü olması barədə  uydurulmuş mif təcavüzkarları getdikcə quduzlaşdırırdı. Bu ilin iyulunda Tovuz əməliyyatı zamanı Azərbaycan Ordusundan daha ağır zərbə alan  Ermənistan silahlı qüvvələri  sentyabrın 27 – də yenidən təxribata əl atdı və bu dəfə artıq  müharibəyə başladıqlarını  gizlətmədiər.

Azərbaycan Ordusunun əks-hücumları qarşısında çaşqın vəziyyətə düşən təcavüzkarlar silah-sursatlarını  da atıb qaçdılar. Kömək üçün müxtəlif ölkələrə üz tutan Ermənistan rəhbərliyinə  “Azərbaycan öz ərazisində vuruşur” cavabı tərs şillə oldu. Azərbaycan Ordusunun  ağır zərbələri Ermənistanı diz çökdürmək məcburiyyətində qoydu. Nəhayət , noyabrın 10 – da düşmən rəsmən təslim oldu. Həmin gün müstəqillik tariximizə  Qələbə Günü kimi həkk olundu və 27 illik yurd həsrətinə birdəfəlik son qoyuldu. Bu, unudulmaz günə möhtərəm Prezidentimizin qətiyyəti, cəsarəti, polad iradəsi sayəsində nail olduq.  Dövlətimizin başçısı dəfələrlə demişdi ki, münaqişənin həlli  həm siyasi, həm də hərbi yolla mümkündür. İşğalçı Ermənistan isə  bütün vasitələrlə siyasi həll yolluna  problem yaradırdı.

Möhtərəm Prezidentimiz  noyabrın 20 – də xalqa müraciətində bunu bir daha diqqətə  çatdırdı:  “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.

Azadlığın mübarək, doğma Ağdamım! Sən indi azadsan,  səbirsizliklə  öz sakinlərinin yolunu gözləyirsən.  Biz gələcəyik, özü də lap yaxın günlərdə.  Atıq möhtərəm Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  sənin qoynuna ilk qədəmlərini atdılar. Qədəmləri mübarək olsun! Sənin azadlığın bizi  “məcburi köçkün”  sözündən xilas etdi.   Biz daha  məcburi köçkün deyilik.  Döğma yurdumuza, el- obamıza  qayıtmağa tələsirik.

Səhər İSMAYILOVA,

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, Ağdam rayonundan olan sabiq məcburi köçkün

 

25 Noyabr 2020 11:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə