Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblər

Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə- yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Qarabağda erməni vandallar tərəfindən dağıdılan və zərər vurulan dini abidələrimizlə bağlı birgə bəyanat veriblər.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatın mətnini təqdim edirik:

“Biz, Azərbaycandakı müsəlman, pravoslav, Alban-udi və yəhudi dini konfessiyalarının rəhbərləri dindarların arzu və iradəsini ifadə edərək xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edirik.

Bu günlərdə öz ərazi bütövlü­yünü bərpa etmək uğrunda 30 illik mücadilədən sonra Azərbaycanın üçrəngli dövlət bayrağının Qarabağ tor­paqları üzərində yenidən dalğalanması çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə tarixi ədalət və istiqrarın qələbəsi anla­mını verir. Azərbaycan dövləti və onun Prezidenti Zati-aliləri cənab İlham Əliyev sülhsevər siyasət yeridərək, uzun illər ərzində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında sülh yolu ilə həllində ardıcıllıq nümayiş etdirir­di. Bu illər ərzində siyasi danışıqlar nəticə vermədi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri yerinə yetirilmədi. Ermənistan tərəfinin növbəti hərbi təxribatlarının qarşısını almaq məcburiyyətində qalan Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etmək uğ­runda Vətən müharibəsinə qalxdı və bu savaş beynəlxalq hüququn və ədalətin təntənəsi ilə nəticələndi. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanlar ara­sında müsəlmanlarla yanaşı xristian və yəhudilər də vardır.

Lakin dünya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı və işğal deyil, uzun illər ərzində ölkəmizin öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeridib. Ermənistanın monoetnikliyə söykənən dövlət siyasəti onun işğal etdiyi ərazilərdə də yalnız erməni izi yaratmağa xidmət edib. Digər xalq­lara və dinlərə qarşı dözümsüzlüklə səciyyələnən cəmiyyət yaratmış Ermənistan çoxmillətli və çoxkonfes­siyalı Azərbaycanın işğal altında olan ərazilərində tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb. Mədəni-mənəvi irs nümunələrimizi ya tamamilə dağıdıb, ya da tarixini və mənşəyini saxtalaşdıraraq özününkiləşdirib – erməniləşdirib, qriqor­yanlaşdırıb.

Ermənistandan fərqli olaraq Azərbaycanda, paytaxt Bakıda və müxtəlif bölgələrdə minlərlə erməni əsilli vətəndaş əmin-amanlıq şəraitində yaşa­yır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası dövlət tərəfindən abadlaşdırılaraq qorunur. Azərbaycanın işğal olunmuş ərazilərində isə məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb və talan edilib, Qafqaz Albaniyasına məxsus xris­tian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək İslam dinində haram sayı­lan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb. Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə-yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub. Ermənistan öz ərazisində yerləşən tarixi Azərbaycan dini abidələrini – İrəvan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər məscidləri tamamilə uçurub, Göy məscidin arxitektura xüsusiyyətlərini dəyişərək özgəninkiləşdirib. Yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyən Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki Alban-udi məbədlərini qəsb edərək qriqoryanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi “böyük Ermənistan” yaratmaq xülyası ilə bizim minilliklər ərzində yaşadığımız tor­paqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

İllərlə öz təcavüzkar siyasətini davam etdirən Ermənistan rejimi beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına heç bir məhəl qoymayıb, iş­ğal etdiyi torpaqlarda yanğınlar, fosforlu bombalar, zəhərli maddələr və minalar vasitəsilə ekoloji cinayətlər törədib. Bu gün onların Azərbaycan ərazilərindən çıxarkən törətdikləri vəhşiliklər, maddi-mənəvi sərvətlərin talan edilməsi, sənət əsərlərinin oğurlanması, meşələrə və mülki obyektlərə od vurulması kimi real faktlar dünya mediası tərəfindən geniş işıqlandırılır.

Ermənistanın çoxmillətli və çox­konfessiyalı Azərbaycan xalqının dini və mədəni irsinin məhv edilməsi və saxtalaşdırılmasına yönəlmiş əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən, Cenevrə konvensiyalarının açıq-aşkar pozulması ilə yanaşı, bütün bəşər mədəniyyətinə və ümumdünya əhəmiyyətli irsinə qarşı təcavüzdür.

Multikultural ənənələrə sadiq olan Azərbaycan Hökuməti mədəni-mənəvi dəyərlərin qorunması siyasətini prioritet istiqamət kimi dəyərləndirir və nəinki ölkə daxilində, hətta dünyanın müxtəlif bölgələrində, o cümlədən, Vatikanda, Fransada, Bolqarıstanda, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpasına əvəzsiz töhfələr verir. Dünya­nın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan sivilizasiyala­rarası və dinlərarası dialoqu təşviq edən bir sıra nüfuzlu beynəlxalq tədbirlərə, o cümlədən, 2019-cu ilin noyabr ayında Dünya dini liderlərinin II Bakı sammitinə ev sahibliyi edib. 2016-cı ilin oktyabr ayında Azərbaycana səfər edən Roma Papası Fransisk ölkəmizdə müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq və dialoqu yüksək qiymətləndirib.

Hazırda Ermənistan Azərbaycana qarşı dini mövzuda yalan təbliğat aparır, işğaldan azad olunmuş ərazilərimizdə dini-mədəni abidələrin guya Azərbaycan tərəfindən dağıdıl­masına yönələn addımların atıldığını iddia edir, öz təxribatını ölkəmizin adı­na yazmağa cəhd göstərir. Bu qədər real faktların müqabilində təcavüzkar Ermənistanın davamlı riyakar çıxışları, feyk xəbərləri, özünü məzlum göstərən yalan informasiyaları Azərbaycan vətəndaşlarının, tolerant, multikultural ölkədə yaşayan bütün dini konfessi­ya nümayəndələrinin haqlı qəzəbinə səbəb olur.

Azərbaycanın dövlət başçısı öz müraciət və müsahibələrində dəfələrlə bəyan edib ki, Azərbaycanın digər ərazilərində olduğu kimi işğaldan azad olunmuş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evləri bərpa ediləcək, hər bir insanın inancına hörmətlə yanaşılacaq, sülh şəraitində birgəyaşayış təmin olunacaqdır. Tarix­boyu Azərbaycanda firavan yaşayan və öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirən xristian pravoslav, katolik, Dağ yəhudiləri, Alban-udi xristian, aşkenazi- Avropa yəhudiləri və digər dini icma­larının rəhbərləri olaraq Azərbaycanın bu sülhpərvər siyasətini dəstəkləyir, tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm qurucu­luq işlərinə xeyir-dualar veririk.

Biz, Azərbaycandakı dini konfes­siya rəhbərləri xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edərək, onları ölkəmizdə və yaşadığımız bölgədə sülh, əmin-amanlıq və birgəyaşayışın bərqərar olmasına dəstək verməyə çağırırıq!

Şeyxülislam Allahşükür PAŞAZADƏ, Qafqaz Müsəlmanları İdarəsinin sədri
ALEKSANDR, Bakı və Azərbaycan Arxiyepiskopu
Milix YEVDAYEV, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
Aleksandr ŞAROVSKİ, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri
Şneor SEQAL, Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini
Robert MOBİLİ, Alban-udi icmasının rəhbəri

Bakı, 24 noyabr 2020-ci il”

25 Noyabr 2020 03:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə