Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qalib xalqın övladları olduğumuzla qürur duyuruq

Azər Qarayev Qubadlı rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Bu, rayonun işğaldan azad olunan ilk yaşayış kəndlərindəndir. Həkəri çayının sahilində yerləşən bu kənd erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib.

Azər müəllim bizimlə söhbətində bildirdi ki, ömrümdə bu qədər sevinməmişdim. Baxmayaraq ki, kəndimiz dağı­dılıb, yerlə yeksan olub. Hətta bunlar da keçirdiyim sevinc hisslərimə xələl gətirmədi. İşğal altında olan torpaqlarımız, rayonumuz, doğma kəndimiz yağı düşməndən azad edildi. Bundan da böyük xoşbəxtlik olarmı?

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dedi ki, işğaldan azad olunan şəhər və kəndlərimizi tez bir zaman ərzində bərpa edəcəyik. Mən bu sözləri Pre­zidentimizin çıxışlarında dinləyəndə bir daha böyük qürur hissi keçirdim. Dövlət başçımız Füzuli və Cəbrayıl rayonlarına səfərlərindəki çıxışlarının birində deyib: “Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıda­caq. Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıblar... Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb”.

Biz yaxşı bilirik ki, dövlət başçımız qurucu, yaradıcı liderdir. Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Cənab Prezi­dent deyib: “Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımızı, məhz Cocuq Mərcanlıdan başlamışdır”.

Və bu gün artıq dağıdılmış şəhərlərimizin, kəndlərimizın bərpası işlərinə başlanılmış­dır. Yollar çəkilir, elektrik xətləri yenilənir, su çəkilişləri həyata keçirilir.

Qubadlı düşmənin iki rayonu ilə həmsərhəddir. Daşnak yuvası olan Gorus rayonundan bizim torpaqlarımız həmişə həmlələrə məruz qalmışdır. Amma bu gün artıq sərhəddə sülhməramlı qüvvələr bu yerlərə nəzarət edirlər. Ona görə də ermənilər bizim torpaqda aparılan quruculuq işlərinə maneə törədə bilməyəcəklər.

Ümumiyyətlə, Azərbaycanın yerləşdiyi regionda təhlükəsizlik məsələsi cənab Pre­zidentimizin həmişə diqqətindədir və bunun üçün səylərin birləşdirilməsinin vacib olduğunu dəfələrlə bildirmişdir. Bu günlərdə Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən dedi: “Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mü­hüm rolu da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın for­matı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar".

Azərbaycan Qafqazın lider ölkəsidir. Cənab Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasət dövlətimizin liderlik missiyasını daha da gücləndirəcək.

Ali Baş Komandan, Prezident İlham Əliyevi bu möhtəşəm qələbə münasibətilə təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm!

Qələmə aldı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

25 Noyabr 2020 03:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə