Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın hərbi-diplomatik uğurları ərazi bütövlüyümüzün bərpa olunmasını təmin etdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmənə sarsıdıcı zərbələr endirməsi, eləcə də bir sıra şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.

Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı ge­nişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murov­dağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

Bu ilin 8 noyabrı tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qara­bağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Xalq gördü ki, Azərbaycanın hərbi-diplomatik uğurları ərazi bütövlü­yümüzü təmin edir.

27 il ərzində təcavüzkara qarşı nəinki heç bir təzyiq edilməyib, hətta dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşaraq, xüsusilə onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şura­sının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməyib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi.

2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması mühüm tarixi hadisədir. Ağdamın işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın mü­vafiq maddəsinin yerinə yetirilməsidir. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağ­dam rayonundan çıxmasını nəzərdə tutan 853 saylı qətnamə də məhz dövlətimizin şərtləri ilə icra edildi.

İşğal nəticəsində Ağdam rayo­nu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Aparı­lan arxeoloji tədqiqatlar zamanı aydın olmuşdu ki, Üçoğlantəpə deyilən yerdə ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə yiyələnmişlər. Rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə aparılmış arxeoloji tədqiqatlar zamanı eneolit və orta tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkarlanıb.

Tarixi və memarlıq abidələrindən Sarıhacılı kəndindən 3 kilometr cənub-şərqdə Çinartəpə yaşayış yeri (e.ə. II-I minilliklər), Göytəpə kəndinin qərbində Göytəpə yaşayış yeri (tunc dövrü), Papravənd kəndinin cənub-şərqində Güllütəpə – II yaşayış yeri (son tunc dövrü, ilk orta əsrlər), Güllütəpə – I yaşayış yeri (III-XIII əsrlər), Ağdam şəhərinin şimal-qərbində Xındırıs­tan kəndində yеrləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), Şeyx Nigari türbəsi, türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr) və türbəsi, iki sandığabənzər abidə (XVI əsr), o cümlədən görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Ağdam şəhərinin Qaraağacı qəbiristanında Uğrulla bəyin türbəsi (XIX əsr), Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara, eləcə də rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr məhv edilmişdir.

Ağdamda bütün dünyada na­dir olan “Çörək muzeyi” ilə yanaşı, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Ümumilikdə, 130-dan çox tarixi abidə və maddi-mədəniyyət nümunələri yer üzündən silinmişdir.

İşğaldan əvvəl Ağdamda 1898 sosi­al-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu fəaliyyət göstərmişdir.

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.

Azərbaycan Prezidenti deyib: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə – necə ki, Xo­calı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib – biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaq­dır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə kimi dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də xalqa müraciətində qeyd etmişdir ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayon­dur, işğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı, hazırda isə Ağdam rayon sakinlərinin sayı 204 mindir.

Prezident İlham Əliyev indi Ağ­dam üçün yeni dövrün başlandığını vurğulayaraq demişdir: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində mümkün olmuş­dur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqla­rımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, ora­ya böyük vəsait xərclənib. O istehkam­lar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücü­müzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

25 Noyabr 2020 03:38 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə