Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin növbəti plenar iclası

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq son günlər Azərbaycanda yeni növ koronavirus pandemiyası ilə bağlı vəziyyətin gərginləşdiyini deyib. Virusun yayılması sürətlə çoxalıb, yoluxan insanların sayı artıb. Milli Məclisdə koronavirusa yoluxanlar var. Bütün xəstələrə şəfa diləyən Milli Məclisin sədri hər kəsi virusdan qorunmağa çağırıb. Bildirib ki, qarşıda görüləsi çox önəmli işlər var.

“Bu sessiyada dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul ediləcək. Ona görə də hər kəs xəstəlikdən qorunmaq üçün verilən bütün tövsiyə və göstərişləri yerinə yetirməli, o cümlədən, sanitar-gigiyena qaydaları­na ciddi əməl etməlidir. Koronavirusa qarşı mübarizə ümumxalq işidir. Hamı bu mübarizədə fəal iştirak etməlidir”, – deyə spiker bildirib.

Sonra iclasın gündəliyi qəbul edilib və gündəliyə daxil olan 6 məsələnin müzakirəsinə başlanılıb.

Əvvəlcə, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikası orden və medalla­rının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haq­qında” Qanunda dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublika­sının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihələrini ikinci oxunuşda təqdim edib.

Bildirilib ki, bu qanun layihələri Azərbaycan Prezidentinin təşəbbüsü ilə hazırlanıb və təqdim olunub. Dövlətimizin başçısı müalicə alan hərbçilərlə görüşü zamanı bu məsələnin vacibliyini vurğulayıb. Bildi­rib ki, Azərbaycan Respublikasında yeni orden və medallar təsis olunacaq və Vətən müharibəsində iştirak edən hərbçilər təltif ediləcəklər. Qanun layihələrinin mükəmməl hazırlandı­ğını deyən vitse-spiker qeyd edib ki, bu sənədlər orden və medallarla bağlı bizim bu günədək formalaş­mış qanunvericilik təcrübəmizə tam uyğundur. Eyni zamanda, onla­rın əsasnaməsində və təsvirində Azərbaycan dövlətçiliyi, Qarabağ tarixi, milli atributlarla bağlı bütün elementlər öz əksini tapıb.

Hər iki qanun layihəsi ayrı-ayrılıq­da səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət qu­ruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı çıxış edib. Birinci oxunuşda sənəd barədə geniş məlumat verdiyini deyən deputat bildirib ki, ikinci oxunuşda layihənin predmeti ilə bağlı hər hansı əlavə rəy və ya təklif olmayıb.

Qanun layihəsinin əsas məqsədi dövlət qulluqçularının fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensial imkanlarının aşkara çıxarıl­ması, inkişafı və səmərəli istifadəsidir.

Deputat Fazil Mustafa çıxış edərək qanun layihəsi ilə bağlı hər bir deputatın fikirlərinin öyrənildiyini, layihənin mükəmməl olduğunu söyləyib.

Qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

İclasda “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respub­likasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medalları­nın təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci oxunuşda baxılıb. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yubiley medalının mahiyyəti və təsviri barədə məlumat verib.

Medal haqqında əsasnaməyə görə, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalı ilə elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə edib, bu sahələrin inkişafına xüsusi töhfə verib, sosial-mədəni inkişaf­da fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun əməkdaşları, o cümlədən, keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Müzakirələrdə Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov və Ziyafət Əsgərov çıxış ediblər.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Parlamentin sədri bildirib ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidenti tərəfindən bir məktubla Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlı layihələrdir.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdən bəhs edib. Bildirilib ki, ikinci oxunuşda müzakirəyə çıxarılan layihə ölkə Prezidentinin “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb. Qanun layihəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi 2021-ci il yanvarın 1-dən qadağan edilir. Eyni zamanda, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarış­dırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi də 2021-ci il iyulun 1-dən məhdudlaşdırılacaq.

Komitə sədri qeyd edib ki, dəyişikliklərlə bağlı Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Ədliyyə nazirlikləri ilə ətraflı müzakirələr aparılıb və məqsədəmüvafiq hesab olunub.

Müzakirələrdə parlamentin komitə sədri Musa Quliyev, deputatlardan Razi Nurullayev, Aydın Hüseynov sənəd barədə öz fikirlərini söyləyərək, təklif və suallarını səsləndiriblər.

Komitə sədri Sadiq Qurbanov deputatların suallarını cavablandırdıq­dan sonra qanun layihəsi səsə qoyu­laraq ikinci oxunuşda qəbul edilib.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd uyğun­laşdırma xarakteri daşıyır və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən hazırlanıb.

Məcəlləyə təklif olunan yeni 275.4 və 275.5-ci maddələrdə ekoloji təhlükəsizliyi pozan həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün ciddi məbləğdə cərimələr nəzərdə tutulur. Eyni zamanda, qeyd olunan xətaların inzibati tənbeh almış şəxs tərəfindən bir il ərzində təkrar törədilməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulur.

Deputat Sabir Rüstəmxanlı çıxış edərək öz fikirlərini söyləyib.

Qanun layihəsi ikinci oxunuşda təsdiq olunub.

Bununla Milli Məclisin iclası başa çatıb.

AZƏRTAC

25 Noyabr 2020 03:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə