Ən son xəbərlər
“Ağdamın azad olunması böyük qələbəmizin uğurlu səhifələrindən biridir. Xalqımız sevinc içindədir. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz yeni tarix yazırıq. Xalqımızın, ölkəmizin yeni öyünclü tarixini yazırıq. Bu, zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Biz, bütün maddi və mənəvi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı öz doğma torpaqlarına qaytara bilək”.
Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova bildirib. O qeyd edib ki, Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir və bu noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarıb. Ağdamın işğaldan azad edilməsi hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Ağdamda olan evlərin, mədəni və dini abidələrin talan olunmasından, bütün infrastrukturun məhv edilməsindən danışan cənab Prezident, həmçinin qeyd edib ki, “bu vəhşilik "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır və Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlarından istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var”.
“Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəyini deyən Milli Məclisin deputatı bildirdi ki, vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Cənab Prezident İlham Əliyevin sözlərilə desək, “işğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.
Deputat əlavə edib ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Ermənistan isə uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu.
Anar TURAN, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə