Ən son xəbərlər
Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa noyabrın 20-də ünvanladığı müraciətini göz yaşları içərisində dinlədim. Bu, sevincdən doğan gözyaşları idi. Həmin müraciət məcburi köçkün sözünü bizim üzərimizdən götürdü.
Dövlətimizin başçısının “Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız” təbriki təkcə ağdamlıları yox, bütün azərbaycanlıları kövrəltdi. Bu, doğma yurdumuzun – Ağdamın 27 illik işğalına son qoyulması barədə qələbə müjdəsi idi.
Son üç yüz ildə zəfər həsrətli xalqımızın bu intizarına artıq son qoyulur. Sentyabrın 27-dən indiyədək hər gün qələbə müjdələrini eşitməyə artıq adət etmişik. Qələbə soraqlı xəbərləri Azərbaycan xalqına verən Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevlə qürur duyuruq, fəxr edirik. Ulularımızın uyuduğu müqəddəs torpaqlara yüz minlərlə həsrətlini qovuşduran, qüdrətli Oğuz–Türk yurdu Qarabağı düşmənlərin murdar nəfəsindən xilas edən, döyüş, diplomatiya, informasiya məkanında heyrətamiz fəaliyyətlə rəşadətli ordumuzu qələbədən - qələbəyə aparan Ali Baş Komandan İlham Əliyev milyonların qəlbində qurduğu əbədi mənəvi heykəli ilə bugünkü və gələcək nəsillərin yaddaşına minilliyin fatehi kimi düşdü.
Qələbə müjdəsinə daha biri də əlavə olundu. 27 il düşmən əsarətində olan doğma Ağdamımız artıq azaddır. Bu illər ərzində rayonumuza, kəndimizə gedən yollara həsrətlə baxırdım. Fikirləşirdim ki, dünyada baş alıb gedən ikili standartlar, ayrı-seçkilik, ədalətsizlik ərazilərimizin işğaldan azad edilməsinə problem yaradacaq. Ancaq dövlət başçımızın qətiyyəti, cəsarəti, siyasi iradəsi, ölkəmizə qarşı təzyiq və təhdidlərə sinə gərməsi 27 illik həsrətə son qoydu. Nə xoş ki, sevinci xalqımıza, ağdamlılara bəxş edən qüdrətli sərkərdə cənab İlham Əliyevlə eyni dövrdə yaşamaq, onun tarixi zəfərlərinin canlı şahidi olmaq bizə də nəsib oldu. Daha biz məcburi köçkün deyilik. Bu adı daşıdıqca xəcalət hissi keçirirdim. Bu adı bizə məğlubiyyətimiz vermişdi
Rəbbimiz el üçün, millət üçün ədalətin təntənəsi naminə ömrünü şam kimi əridən ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı olan Prezidentimiz, bugünümüzün və sabahımızın alternativsiz lideri kimi qəbul etdiyimiz İlham Əliyevə Vətən naminə müqəddəs yolda yardımçı olsun. Nə qədər bu millət var, nə qədər bu dövlət var, İlham Əliyev yolu hər zaman bizi yeni qələbələrə, xoşbəxt günlərə qovuşduracaq. 27 il işğal altında olan ərazilərimizə, Qarabağımıza qovuşdurduğu kimi. Gözün aydın, Qarabağ! Ağdam da azadlığa qovuşdu.
Təhmasib NOVRUZOV,
Azadlıq Hərəkatçıları Birliyinin sədri
Köhnə versiyamızdan xəbərləri izlə