Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın azad edilməsi ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman ölkələr arasında qarşılıqlı əməkdaşlığın, dostluq münasibətlərinin, əmin-amanlığın tərəfdarı olub. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə də prioritet yanaşıb. Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı bütün ərazilərindən işğalçı qüvvələri dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə etinasız yanaşanda, münaqişənin sülh yolu ilə həllini qəsdən, bilərəkdən mürəkkəbləşdirəndə belə yenə də səbr, təmkin nümayiş etdirib.

Lakin Azərbaycan Ermənistanın sentyabrın 27-də digər ərazilərimizi işğal etmək məqsədi ilə törətdiyi növbəti hərbi təxribata dözmədi. Qüdrətli və yenilməz Azərbaycan Ordusu uğurlu əks-həmlə əməliyyatları ilə işğalçıya layiqli cavab verdi, möhtəşəm qələbə əldə etdi. Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyası ilə razılaşmalı oldu.

Şanlı ordumuz 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxla­dığı qədim doğma torpaqlarımızı – Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Xocavənd rayonu­nun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini yağılardan təmizlədi. Bu uğurların davamında isə xalqımız böyük fərəh hissini mədəniyyət beşiyimiz, Azərbaycanın incisi sayılan Şuşa şəhərinə bayrağımız dalğalanan gün yaşadı. Bu sevinci bizə bəxş etdiyinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Azərbaycan Ordu­suna hər zaman minnətdar olacağıq.

Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli xalq olduğunu bir daha göstərdi.

Ali Baş Komandan İlham Əliyev bu qələbə ilə adını müasir tariximizə müzəffər sərkərdə, müdrik siyasi lider kimi qızıl hərflərlə yazdırdı, Silahlı Qüvvələrimiz isə bütün dünyaya öz güc-qüdrətini nümayiş etdirdi.

Ölkə Prezidentinin müdrik qərarları sayəsində yaranan yeni reallıqlara uyğun olaraq regionun qüdrətli və güclü dövlətinə çevrilən Azərbaycan artıq Böyük Qayıdışın astanasındadır. Zəngin iqtisadi mənbələrə və potensiala, əlverişli iqlimə və təbiətə, turizm potensialına, trans-nəqliyyat və logistika imkanlarına malik olan Qarabağın işğaldan azad olunması yeni inkişaf layihələrinin həyata keçirilməsini zəruri edir, geniş çoxşaxəli kommunikasiyaların, infrastukturların reallaş­ması kimi çağırışları meydana çıxarır. Eyni zamanda, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik, iqtisadi inkişaf, davamlı investi­siyalar, sosial rifah və dayanıqlı sabitlik üçün geniş imkanlar yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevnin müdrik və uzaqgörən qərarları, qeyri-adi təşkilatçılıq bacarığı sayəsində respubli­kamız ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Bölgəmizdə sülh və sabitliyin təmin edilməsi, Qarabağın iqtisadi resurslarının qiymətləndirilməsi və səmərəli istifadəsi Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyacaq, müasir iqtisadi quruculuğa mühüm töhfələr verəcək və regi­onda çoxtərəfli etibarlı əməkdaşlıq formatının yaranmasını şərtləndirəcək.

Qəzənfər ABBASOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, respublikanın əməkdar müəllimi

25 Noyabr 2020 03:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə