Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yoluxmaq istəmiriksə, COVID – 19-la mübarizəni daha da gücləndirməliyik

“Rəsmi rəqəmlərə görə hər gün orta hesabla 25 – 27 nəfər koronavirusdan dünyasını dəyişir və bu say artan istiqamətdə gedir. Hər bir insan özünü virusla müharibədə hiss etməlidir. Bu müharibədə komandirlər həkimlərdir. Odur ki, dediklərimə qulaq asın”. Bu sözləri anestezioloq – reanimatoloq Şahin Məmmədov deyib və bu müharibədə qalib gəlməyin şərtlərini açıqlayıb.

O tövsiyə edib ki, evinizə, ailənizə COVID – 19 virusunu gətirən ilk insan siz olmayın. Apteklərdə istənilən tipdə maskalar satılır: filtrli, filtrsiz, adi tibbi mas­ka, N95 və s. Həkim məsləhət görür ki, aptekdən hər ailə üzvünə N95 maska və əl dezinfektantı almaq vacibdir: “Hər dəfə evdən çıxanda maskanızı taxın və bir də evə qayıdanda çıxarın. Mümkündürsə, evdən az hallarda çıxın və hesab edin ki, müharibə zonasındasınız. Virus daşıyıcıları ilə kontaktdan qaçaraq evə – sığınacağınıza, səngərinizə tez qayıdın. Əlləri sabunla yuduqdan sonra maskanı çıxarıb ya atın, ya da baca­rırsınızsa, təkrar istifadə üçün spirtlə dezinfeksiya edin. Virusla müharibədə ən öldürücü silahlar sabun və spirtdir. Bunları aldıqdan sonra özünüzü silahlı qüvvələrin xüsusi təyinatlısı kimi hiss edə bilərsiniz. Birlik nümayiş etdirərək hər kəsi məlumatlandırın, bu fikirləri paylaşın”.

Həkim bildirib ki, ağırlaşmış COVID – 19 xəstəsinin müalicəsi ev şəraitində mümkün deyil: “Siz evə lazımı dərmanları, oksigen balonunu tapıb çətinliklə də olsa ala bilərsiniz. Həkim və tibb bacılarını dəvət edə bilərsiniz. Amma müasir laboratoriyanı, süni tənəffüs aparatını, KT-ni, rentgeni, arteri­al qan qazı analizatorunu və bu işi bilən 3 növbə reanimatoloji briqadanı, lazım olsa, digər ixtisasdan olan həkimləri və digərlərini gətirə bilməzsiniz. Yün­gül xəstələr üçün isə terapevt və infeksionistlərə müraciət edin. Normal həyat uğrunda döyüşdə hamıya uğurlar!”

Həkimin fikirlərinə laqeyd yanaşmaq olmaz. Həqiqətən də virusun simp­tomlarını hiss edən kimi, mütləq sahə həkimi ilə əlaqə saxlamaq lazımdır. Bundan sonra isə həkimin tövsiyəsi ilə addım atılmalıdır. Öncə analizin cavabı çıxana qədər ailənin digər üzvlərindən təcrid olunmaq, cavab pozitiv gələrsə, vəziyyətdən asılı olaraq müalicəyə başlamaq lazımdır. Bir qayda olaraq, yüngül simptomlu yoluxanlar Səhiyyə Nazirliyinin ərazilər üzrə təşkil etdiyi COVID məntəqələri tərəfindən xəstələrə çatdırılan dərmanlar paketindən istifadə edirlər. Vəziyyəti ağır, yəni təngnəfəslik, boğulma halları, yüksək temperaturu olanlar isə pandemik xəstəxanalardan birinə çatdırılırlar.

İnfeksionist Aytən Ziyadova bildirir ki, yoluxma baş verəndən sonra infeksiya əvvəlcə ağciyər toxumalarını zədələyir: “Ən böyük fəsad ondan ibarətdir ki, ağciyərlərin yarıdan çoxu zədələnəndə çapıqlaşma baş verir. Ümumiyyətlə, istənilən iltihabi prosesdən sonra onun sonuncu mərhələsi kimi çapıqlaşma olur. Əgər iltihabın həcmi böyükdürsə, bu, həmin orqanın fəaliyyətini zəiflədir”.

Kardioloq Nüşabə Səfərova isə bildi­rib ki, çapıq izlərinə hətta COVID–19-a yoluxanların ürəyində də rast gəlinir. Virus damar sistemini və ürək əzələlərini də zədələyə bilir: “Ürək əzələlərinin zədələnməsi bir çox ritm pozuntularına, həyati təhlükəli aritmiyalara səbəb ola bilər. Eyni zamanda, ürəyin yığılma qabiliyyətinin zəifləməsinə və get-gedə azalaraq daha da pisləşməsinə, xəstədə kəskin və xroniki ürək çatışmazlığının əmələ gəlməsinə, miokard infarktına səbəb olur.Virus, eyni zamanda, damar sistemi vasitəsilə damar divarının zəifləməsinə, həm də birbaşa qana təsir edərək laxtalanmanın artmasına səbəb olur. Bu da, trombların əmələ gəlməsi, ayaqlarda dərin venaların zədələnməsi ilə nəticələnir”.

Həkimlər iddia edirlər ki, xüsusi risk qrupuna aid olanlarda koronavirusun izləri daha dərin qalır. Bura şəkərli diabet, onkoloji xəstələr, ürək çatışmazlı­ğından əziyyət çəkənlər və hipertoniklər aiddir. Ona görə də virusa yoluxanların ümumi müayinədən keçməsi tövsiyə olu­nur. Yalnız bu halda zədələnmiş daxili or­qanların vaxtında müalicəsinə başlamaq və müsbət nəticələr əldə etmək olar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profi­laktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva koronavirus xəstələri barədə danışarkən deyib ki, hazırda xəstəxanalarda əvvəlki dövrlə müqayisədə süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur. Onun sözlərinə görə, səbəb xəstəliyin birbaşa tənəffüs sisteminə təsir etməsidir: “Təəssüf ki, insanlar özləri də, bəzən həkimlər də xəstəyə ilkin mərhələdə antibiotiklər təyin edir. Bu, yanlışdır. Xü­susi ağırlaşma olmazsa, antibiotiklərdən qaçmaq lazımdır".

Səhiyyə Nazirliyinin ictimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib ki, Azərbaycanda COVID–19-dan ölüm hallarının artı­mında ən əsas səbəb xəstənin özü tərəfindən xəstəliyin düzgün idarə olunmaması, özünümüalicənin apa­rılmasıdır. Onun sözlərinə görə, son həftələrdə xəstəliyə yoluxma sayında xoşagəlməyən artım müşahidə edilir. Bunun da müxtəlif səbəbləri var: “İnsan­lar müharibə zamanı karantin qaydala­rına əməl etməyərək sevinc və kədəri birgə qeyd etdi. Bu da yoluxmanın artmasına səbəb oldu. Digər tərəfdən, özünümüalicə də biz azərbaycanlılara xas xüsusiyyətdir və insanlar buna daha çox üstünlük verirlər. Xəstələr 1 həftə, 10 gün özlərini müalicə edirlər. Bu müalicə antibiotiklərdən ibarət olur. Kimsə antibiotiklərdən istifadə edib yaxşılaşıb­sa, digəri də onu içib müalicə olunmağa çalışır. İnsanlar xəstəliyin əlamətləri müşahidə edilməyə başlayan kimi, güclü antibiotiklər alırlar. Bu da xəstəliyin ağırlaşmasına səbəb olur. Amma orqanizmlər fərdi olduğundan respira­tor xəstəlikləri eyni qaydada müalicə etmək olmaz. Biz tövsiyə edərdik ki, hamı evindəki ehtiyat dərman qutusuna antibiotikləri əlavə etməsin. Qonşu, iş yoldaşı istifadə edib deyə, nəticənin yax­şı olacağını düşünməyək. Müalicə həkim nəzarəti altında olmalıdır”.

Hazırda bir sıra saytlarda və so­sial şəbəkələrdə koronavirusla bağlı aparılan testlərin cavablarında qeyri-müəyyənlik olduğu, nəticələrin düzgün olmadığı barədə fikirlər səsləndirilir. Rusiyalı həkim – virusoloqlar COVID–19 testi zamanı səhv cavabların səbəblərini açıqlayarkən bildiriblər ki, koronavirus testindən əvvəl pasiyentlərə su içmək, siqaret çəkmək və burun silmək olmaz. Eyni zamanda laboratoriya üçün xü­susi qaydalar var: Həkimlər test üçün vaxtı düzgün seçməli və proseduru izləməlidirlər. “Tvoy Doktor” klinikasının terapevti və baş həkimi T.Romanenko prosedurun hansı şərtlərdə fayda­sız ola biləcəyindən danışıb. Onun sözlərinə görə, müəyyən qaydalara riayət edilməsə, burun keçidlərində kifayət qədər dərindən nümunə götürülməyibsə, yaxud xəstə əvvəllər burnunu silmiş, yumuşsa, o zaman testin cavabı səhv ola bilər. Həmçinin boğazdan yaxma götürülməzdən əvvəl xəstə ağzını antiseptik məhlulla yaxala­mamalı və yemək yeməməlidir.

Rusiya Xalqlar Dostluğu Univer­sitetinin (RUDN) Yoluxucu Xəstəliklər şobəsinin müdiri Q.Kojevnikova da testdən üç saat əvvəl yemək, içmək və dişləri yumağın qadağan olduğunu bildi­rib: “Müayinə olunan şəxs bunu edərsə, heç bir patogen tapılmayacaq”, – deyə o, vurğulayıb.

Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru, virusoloq Aleksey Aqra­novski nümunələrin özlərinin hazırlanma keyfiyyətinin test nəticələrinə təsir edə biləcəyini deyib.

Qeyd edək ki, nəticələrin necə açıq­lanmasından asılı olmayaraq, görünən odur ki, ölkəmizdə yoluxma halları, ən çox da ailədaxili yoluxmalar artıb. Bunu xəstəxanalardakı çarpayı çatışmazlığı da təsdiq edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Har­mancı deyib ki, son statistikaya baxdıq­da görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu olaraq cəmləşdiyi yas mərasimlərində baş verir. Onun sözlərinə görə, əgər insanlar kütlənin çox olduğu məkanlara daxil olmağa məcburdurlarsa, bu halda maska taxmağa və əllərini tez- tez yumağa çalışmalıdırlar. Maskalardan düzgün istifadənin olduqca əhəmiyyətli olduğunu deyən H.Harmancı əlavə edib ki, əgər maska burunun üzərinə taxılmırsa, həmin nahiyədə və çənənin alt tərəfində üzə kip örtülmürsə, onda maskanın qoruyucu təsiri yarıbayarı, hətta daha çox azalır. Buna yalnız Azərbaycanda deyil, bütün dünyada rast gəlinir. Maska taxmağın vacibliyini dərk etmək istəməyənlər çoxdur.

Elə bu səbəbdəndir ki, ölüm hal­larının sayında da artım diqqət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının gündəlik, rəsmi göstəricilər əsasında hazırlanmış hesabatında deyilir ki, ötən sutka ərzində 542 757 nəfər yeni koronavirusa yoluxub, 7 825 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 58 425 681, ölənlərin isə 1 385 218 nəfərə çatıb.

Düşünək: sabah bu siyahıdakı artan yoluxma, yaxud, ölüm halı bizim yaxınlarımızdan biri ola bilər. Nəfəsinizi qoruyun, virus əllə də, hava ilə də orqanizmə ağız və burundan keçir. İnsanlar arasında məsafə saxlayın. Təəssüf ki, ictimai nəqliyyatda bu mümkün deyil. Ona görə də əlac qalır, maskadan istifadəyə. Maska həm insanı yaxın təmasdan qoruyur, həm də çirkli əllə ağız və buruna toxunmaqdan. Ona görə deyirik ki, maska qorunmaq üçün ən asan və ən etibarlı vasitədir.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

25 Noyabr 2020 03:28 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə