Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bizim həyət”in Şirvan sakinlərinə töhfəsi

IDEA İctimai Birliyi paytaxtdan kənarda ilk layihəsini Şirvanda reallaşdırıb

Şirvan Şəhər İcra Hakimiyyətində çalışan köhnə ta­nışımın zənginə bu dəfə xüsusilə çox sevindim. O, adəti üzrə çox qısa salamlaşdıqdan sonra bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şirvanda “Bizim həyət” layihəsi çərçivəsində yeni abadlaşdırılmış həyətin sakinlərin istifadəsinə verilməsi ilə bağlı sabah tədbir keçiriləcək. “Xalq qəzeti”nin bölgə müxbiri də dəvətlidir.

Əlavə nəyisə soruşmağa, yaxud dəqiqləşdirməyə ehtiyac qalmadı. Bu xəbərdən çox məmnun oldum. Axı, az qala, bir ilə yaxındır ki, ürəkaçan bir tədbir ya heç olmayıb, ya da olubsa, mənim qismətimə çıxmayıb. Koronavirus adlı bəlanın həyatımızı məngənə kimi sıxdığı belə bir məqamda mahiyyəti abad­lıqla, insanların rahatlığı ilə birbaşa bağlı olan bir layihənin icra olunma­sı xəbərini eşitmək, doğrudan da xoşdur.

Hava çiskinli və dumanlı olsa da, deyilən vaxtda Şirvan şəhərinə gəldim. Tezliklə özümü şəhərin mərkəzi küçələrində nəqliyyatın hərəkətliliyin hiss olunduğu ünvana yetirdim.

Hə, deyəsən, mən buranı yaxşı tanıyıram. Şəhər mehmanxanası ilə, demək olar ki, üzbəüz, əsas gediş-gəliş yolunun üstündə olan, amma əvvəllər şəhərdəki vüsətli abadlıq işlərinin ahəngi ilə heç cür uyuşma­yan, baxımsızlıqdan yöndəmsiz hala düşmüş bu həyəti görəndə dilxor olduğum vaxtlar yadıma düşdü. Amma bu dəfə burada tamam başqa mənzərə vardı. Abadlaşdırıl­mış həyətdə xüsusi səliqə və zövqlə yaradılmış şərait adamı valeh edirdi.

…Getdikcə güclənən və şiddətini artıran yağışa rəğmən insanlar böyük həvəslə açıq havada keçirilən tədbirə qatılmışdılar. Bəzi yaşlı sakinlər isə evlərinin balkonlarından tədbiri maraqla izləyirdilər.

Bəli, şəhər rəhbərliyinin və IDEA İctimai Birliyinin məsul nümayəndələrinin iştirakı ilə tədbir başladı. Şirvan Şəhər İcra Hakimyyətinin başçısı İlqar Ab­basov tədbir iştirakçılarını və həyət sakinlərini salamlayaraq, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun fədakarlığı sayəsində torpaqla­rımızın işğaldan azad olunma­sı münasibəti ilə hamını təbrik etdi. İlqar müəllim Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevaya Şirvan şəhər sakinlərinə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlıq etdi.

İ.Abbasov sonra məlumat verdi ki, “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində Energetik küçəsində 9, Leytenant Mahmud İbrahimov küçəsindəki 8 və 10 saylı yaşayış binalarının 700 nəfərə yaxın sakininin yaşadığı həyət abadlaşdırılaraq istifadəyə verilib. Abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti və ayrı-ayrı yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb. Bu­rada yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman qurğuları quraş­dırılıb, idman oyun meydançaları inşa olunub. Həyətin yaşlı sakinləri də “yaddan çıxmayıb”. Belə ki, 1,5 hektarlıq həyətin ərazisində 6 ədəd söhbətgah inşa edilib, oturacaqlar quraşdırılıb.

Həyətdə sakinlərin istək və maraqları nəzərə alınaraq yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunub. İnfrastruktur (işıq, qaz, su, kanalizasiya, rabitə) yenidən qurulub. Burada mövcud yaşıllıqla­rın bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 101 ağac əkilib və yaşıllıq zolağı salınıb.

Sonda layihənin əhəmiyyətini bir daha vurğulayan İlqar Abbasov qeyd etdi ki, “Abad həyat” layihəsi çərçivəsində Bakı şəhərindən kənarda abadlaşdırılan ilk həyətin məhz Şirvan şəhərinin payına düşməsi şəhər sakinləri üçün böyük töhfədir. O, özünün və bütün Şirvan sakinləri adından Leyla xanım Əliyevaya bir daha dərin minnətdarlığını bildirdi.

IDEA İctimai Birliyinin icraçı di­rektoru Surxay Şükürov Leyla xanım Əliyevanın adından tədbir iştirakçıla­rını ürəkdən təbrik edərək dedi:

– “Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının əsasını təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. S.Şükürov abadlaşdırılmış həyətin sakinlərinə xoş, sevinc dolu günlər, xoşbəxtlik arzuladı.

Tədbirdə iştirak edən sakinlər– ağsaqqal Yaqub Salmanov, Gülnarə İbrahimova həyətlərinin abadlaşdırılmasını böyük sevinclə qarşıladıqlarını, buna görə də Leyla xanım Əliyeva başda olmaq­la bu işdə əməyi olanlara dərin minnətdarlıqlarını bildirdilər.

…Bakıdan gəlmiş qonaqlarla birlikdə ağac əkən şəhər rəhbəri onlardan xahiş etdi ki, hər kəs öz əkdiyi ağacı yadında yaxşı saxla­sın ki, növbəti dəfə Şirvana yolu düşəndə baxıb fərəhlənsin.

O gün Şirvanda, hamı, xüsusilə, sakinlərin istifadəsinə verilmiş abad­laşdırılmış həyətin uşaqları ürəkdən sevinirdilər. Bu sevinci sakinlərə bəxş edən Leyla xanım Əliyevanın adını isə hər kəs böyük fəxarət hissi ilə çəkirdi.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

25 Noyabr 2020 03:26 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə