Ən son xəbərlər
Avropa İttifaqı ABŞ olmadan qitəni təklikdə qoruya bilməz. Ona görə də Birləşmiş Ştatların təhlükəsizlik sahəsində qarantiyası, Avropada qoşunlarının olması və nüvə təhlükəsizliyi ilə bağlı tədbirləri olduqca vacibdir.
Bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Funka” media qrupuna müsahibəsində söyləyib: “Avropanın özünü qoruya bilməməsi faktdır. “Brexit”dən sonra NATO ölkələrinin müdafiə xərclərinin 80 faizi Avropa İttifaqına üzv olmayan ölkələrin üzərinə düşəcək. Bütün bunlara görə, Avropanın qorunması üçün ABŞ-ın qoşunları lazımdır”.
Stoltenberq xəbərdarlıq edib ki, Şimali Amerika ilə Avropa arasında əlaqələri zəiflətməyə yönəlmiş istənilən cəhd təkcə NATO-nu gücdən salmır, həm də Avropada parçalanma yaradır. Onun sözlərinə görə, əgər ABŞ-da belə bir qənaət olsa ki, Avropa özünün təhlükəsizliyini təmin edə bilir, o zaman yeni problem ortaya çıxacaq: ABŞ-dakı multilateralizmə və Transatlantik kooperasiyaya qarşı çıxış edən siyasi qüvvələr bundan öz öhdəliklərini azaltmaq üçün bəhanə kimi istifadə edəcəklər.
Baş katib hesab edir ki, ABŞ Cozef Baydenin prezidentliyi dövründə də müdafiə xərclərini artırmaq məsələsində Avropa İttifaqına təzyiqlərini davam etdirəcək. Onun fikrincə, ABŞ-ın hazırkı Prezidenti Donald Trampın fikirlərini və gözləntilərini çatdırmaq üçün “xüsusi üslubu” vardı: “Ancaq inanıram ki, seçilmiş prezident Bayden də avropalı həmkarlarına özünün gözləntilərini çatdıracaq. O, çox aydın siqnal göndərəcək ki, dünya getdikcə daha təhlükəli olduğu üçün onlar da daha artıq xərclərə hazır olmalıdırlar”.
Stoltenberq deyib ki, alyans üzvləri pandemiya ilə bağlı maliyyə təzyiqlərinə baxmayaraq, müdafiə xərclərini ÜDM-in 2 faizi həcmində artırmaqdan imtina etməməlidirlər: “Təhlükəsizlik sahəsindəki problemlər pandemiya dövründə də arxa plana keçməyib. Əksinə, daha da aktuallaşıb. Rusiya silahlarını artırır, İŞİD Suriya və İraqda yenidən möhkəmlənməyə çalışır, Çinin inkişafı ilə qlobal qüvvələr balansı dəyişir”.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə