Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gercək qələbə dastanı

“Azərbaycan tarixinin zəfər salnaməsi”

Xalqımızın Vətən müharibəsində  qazanandığı qələbə nəticəsində ərazi bütövlüyümüzün bərpa olunmasını,  düşmənin yerdə qalan məntəqələrdən məğlub halda çıxarılmasını misilsiz bir  sevinlə qeyd etdiyi  günlərdə AMEA Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, I Qarabağ müharibəsinin iştirakçısı, yazıçı-publisist  Şöhrət Səlimbəylinin “Azərbaycan tarixinin zəfər salnaməsi” kitabı “Avropa” nəşriyyatında çapdan çıxıb. Yeni nəşr Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən II Qarabağ savaşında qazandığı zəfərdən bəhs edir. Kitabın ilk nüsxəsini redaksiyamıza təqdim edən Şöhrət Səlimbəyli bildirdi:

- Xalqımızın Qarabağ dərdi, yurd itkisi buvaxtadək, qz qala, bütöv bir kitabxana təşkil edən nəşrlərdə, saysız hesabsız əsərlərdə əksini tapıb. İtkidən, ağrıdan yazmağın, kitab bağlamağın özü də olduqca ağrılıdır. Qələbədən isə danışmaq və yazmaq olduqca öyünclü, sevincli və tamamilə əziyyətsizdir. Bu baxımdan Qarabağ qələbəmizin illər boyu davam edəcək sənədli və bədii yaradıcılığa təkan verdiyi, yazıldıqca bitməyən mövzulara çeviriləcəyi sübhəsizdir. Bu prosesin qaranquşlarından olan “Azərbaycan tarixinin zəfər salnaməsi” kitabının müəllifi də, əslində, 44 günlük müharibənin bizə diqtə etdiyi həqiqətlər, 34 illik ağrılı-acılı mübarizədə  böyük qələbə qazanan xalqımızın tarixi hünəridir.

Siyasət adamları terrorizmin millətinin, dininin, məmləkətinin olmadığını deyirlər. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror aktları isə onu göstərir ki, terrorizmin vətəni də, milləti də, dini də mövcuddur. İndiyədək erməni vandallarının Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, amansız terrorlar yaşadığımız XXI əsrdə heç də təsadüfi hadisə olmadığını, tarixən, erməni siyasətçilərinin soyqırımı ideologiyasına əsaslanan məfhumların çağdaş mərhələlərdə müəyyən bir ifadəsi olduğunu isbat edir.

Bundan əlavə, Vətən müharibəsi günlərində çağdaş dünyanın üzüdönüklüyü Azərbaycana, bütünlükdə türk xalqlarına yönlənmişdi. Böyük dəyərlərə, yüksək ideallara köklənmiş xalqımız haqq sözünü deyərək Azərbaycanın cahanşümul dövlət olduğunu bir daha ortaya qoydu. Bu mübarizədə qardaş Türkiyə və Azərbaycan insanlıq adına işlənən suçlara qarşı birgə mövqe nümayiş etdirdi. Kitabda bütün bu həqiqətləri oxuculara çatdırmağa çalışmışıq. Qarabağın xilası şərəfinə hazırladığımız bu nəşr  yurdsevər xalqımıza, qəhrəman döyüşçülərimizə qələm adamlarının söz töhfəsidir.

Müəllifin dediklərinə əlavə olaraq, bildirək ki, yeni kitabı vərəqlədikcə, müxtəlif səpkili yazılararla tanış olduqca çoxillik Qarabağ davamızın geniş mənzərəsi göz önündə canlanır. Düşmənin şğaldan azad etdiyi torpaqlarımızda törətdiyi vandalizm səhnələri isə insanı dəhşətə gətirir. Erməni vəhşiləri Qarabağın coğrafi ərazisini, etnik tərkibini, iqtisadiyyatını, sosial-mədəni dəyərlərini, tarixi-mədəniyyət abidələrini, florasını və faunasını dağıdıb, bölgəni bütöv bir məzarlığa çevirib. Muzeylər, məscidlər, məktəblər, mədəniyyət mərkəzləri, hətta məzarlıqlar dağıdılıb...

Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru,  professor Mahmud Allahmanlı “Ön söz”də vurğuladığı kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, qüdrətli Azərbaycan Ordusunun və xalqın birliyi nəticəsində ərazilərimizin 20 faizini işğal edib, 1 milyon soydaşımızı qaçqın-köçkünə çevirən işğalçı Ermənistan Azərbaycanın tarixi zəfəri ilə layiqli cavabını aldı, bir qərinədən bəri davam nedən faciə və itkilərimizə son qoyuldu.

“Azərbaycan tarixinin zəfər salnaməsi” toplusunda Prezident İlham Əliyevin dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələrinə geniş yer ayrılıb.  Nəşrə XII, XIV, XV, XVI əsr Çin, yunan, italyan, fransız, ingilis, ərəb, İran və digər xarici səyyahların, tacirlərin, diplomatların, coğrafiyaşünasların Azərbaycan haqqında fikirləri də əlavə olunub.

Kitabın redaktoru filologiya üzrə elmlər doktoru Raqub Kərimov, rəyçisi filologiya üzrə elmlər doktoru Paşa Kərimov, hərbi məsləhətçisi ehtiyatda olan zabit, II qrup müharibə əlili Füzuli Rzaquliyev, məsləhətçisı yazıçı-publisist Şamil Cəfərdir.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

24 Noyabr 2020 12:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə