Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrəvanda kütləvi etiraz aksiyaları davam edir

Bu gün Ermənistanda baş nazir Nikol Paşinyana yönələn ittihamlar bitib-tükənmir. İrəvanın Azadlıq meydanında keçirilən mitinqdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyan N.Paşinyanla bağlı deyib: “Nikol Paşinyan hakimiyyətini qoru­maq üçün son günlər yalan iddialarla gündəmə gəlir. Meydana toplaşan insanların sırf hakimiyyət uğrunda mübarizə apardıq­larını söyləyir. Bu, tamamilə yalandır, ölkədə vətənimizin qurtu­luşu üçün mübarizə aparılır. Bu, gələcəyimiz üçün mübarizədir. Günlər ötdükcə, eyforiya da keçib gedir, acı həqiqətlər daha aydın görünür. Humanitar, iqtisadi və sosial sahədə ciddi problemlər daha qabarıq nəzərə çarpır. Hamı artıq yaxşı bilir ki, həmin çətinliklərin aradan qaldırılmasına, uğursuzluqlara son qoyulmasına N.Paşinyanın gücü çatmır”.

A.Vanetsyan bildirib ki, rəhbərlik etdiyi partiya hazırkı məğlub durumdan – müharibədən hələ neçə ay əvvəl N.Paşinyanın istefası tələbi ilə çıxış edib. Çünki baş nazirin idarəçilik ba­carıqsızlığı üzündən ölkənin uçuruma getdiyi açıq-aydın görünürdü. Həmin vaxt “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyaları da bizim fikrimizlə razı olduqlarını bildirirdilər.

“Vətən” partiyasının lideri daha sonra deyib: “N.Paşinyan niyə dinc insanlara qarşı güc tətbiq edir? Cavab çox sadədir: baş nazir xal­qımızı sevmir. Fikrimin təsdiqi üçün bir hadisəni xatırlatmaq istərdim. İki il bundan əvvəl İcevan sakinləri meşədən ağac kəsənlərə qarşı etiraz edirdilər. N.Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri kimi məni və Ermənistan polis rəisi Valeri Osipyanı İcevana göndərib “orada etirazçılara ağır cəza verin, səsini kəsməyəni öldürməkdən belə çəkinməyin”,– demişdi. Şübhəsiz ki, biz o zaman N.Paşinyanın vəzifə naminə qan tökməkdən çəkinmədiyini gördük. Buna baxmayaraq, baş nazir postunu tutan N.Paşinyanın qanunsuz əmrlərini yerinə yetirmədik.

A.Vanetsyanın İrəvanda noyabrın 22-də keçirilən mitinqdə Ermənistan baş nazirinin müxalifətin Qarabağ­la bağlı noyabrın 9-da imzalanan bəyanatı ləğv etmək istəyi barədə açıqlaması da diqqət çəkib. “Vətən” partiyasının lideri çıxışında heç kəsin Qarabağ razılaşmasını ləğv etməyə hazırlaşmadığını bildirib. “Biz sadəcə, müharibəni uduzan şəxs kimi Nikol Paşinyanın istefa verməsini tələb edi­rik”, – deyə vurğulayıb. A.Vanetsyan, həmçinin onu da qeyd edib ki, Qa­rabağda müharibənin başlamasına səbəb Paşinyanın bərbad xarici siyasəti olub.

“Daşnaksütyun” Erməni İnqilabi Federasiyası Ali Şurasının üzvü Lilit Qalstyan isə “Facebook” səhifəsində yazıb ki, N.Paşinyan nəinki məğlubiyyətimizin, xəyanətimizin, həm də alçaldılmış dövlətçiliyimizin rəmzidir.

Erməni Milli Konqresinin üzvü Levon Zuryabyan isə ölkə mətbuatına açıqlamasında baş nazir barəsində deyib: “Beynəlxalq siyasətdə, geosi­yasi və hərbi məsələlərdə tamamilə savadsızdır”. L.Zuryabyan, həmçinin N.Paşinyanın hər zaman reallıq­dan tamamilə uzaq olduğunu və öz xəyallarında yaşadığını vurğulayıb: “Xalq artıq onun rəhbərlik etdiyi hökuməti qəbul etmir. Çünki onun səriştəsizliyi səbəbindən Ermənistan artıq çöküb, iqtisadiyyatı dağılıb”.

Ermənistanın keçmiş ədliyyə naziri Arpina Avanseyan da hazırda ölkəsinin düşdüyü böhrandan xilas yolunu N.Paşinyanın istefasında görür. “Ermənistan gücüz, taqətsiz vəziyyətdədir. Baş nazir dövlətçiliyin nə olduğunu anlamır, vətəndaşların taleyi ilə oynayır. Belə davam etsə, dəhşətli faciə ilə üz-üzə qalacağıq. Buna görə də nə qədər gec deyil, yeni seçkilər keçirilməli, N.Paşinyan yerini idarəetmə qabiliyyəti olan, xalqın, dövlətin, ölkənin taleyindən narahat olan birinə verməlidir. Yaxsa, sonrakı peşimançılıq bir fayda verməyəcək...”.

Keçmiş nazir N.Paşinyanın erməni xalqı və ordusunu da ləkələdiyini deyib: “Patoloji yalançı, məğlubiyyətin simvolu olan bir şəxs erməni xalqının lideri ola bilməz. Onun tamahı son­suzdur, təhsil və savadı aşağıdır. Nə istəyir etsin, heç kim ondan qorxmur. Heç kim onunla maraqlanmır. O, hakimiyyətə tabutla gəlib, tabutla da gedəcək...”.

Sonda qeyd edək ki, ölkə müxalifətinin kütləvi etiraz aksiyaların­da indiyədək hökumət rəsmilərindən bir neçəsi, eləcə də etirazçılar xəsarət alıblar. Bunun nəticəsidir ki, Ermənistanın baş naziri və xanı­mı Anna Akopyan noyabrın 22-də Eçmiədzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.

Baş nazirin gözlənilmədən mühafizəçilərinin sayını xeyli artır­ması da yerli mətbuatın diqqətindən yayınmayıb. KİV bildirib ki, Paşinyan və xanımı kilsənin ərazisinə girən kimi mühafizəçilər tərəfindən onun qapılar bağlanılıb.

Xatırladaq ki, Ermənistanın baş naziri və xanımının Eçmiədzin kilsəsinə gedişi noyabrın 22-də Ermənistanda Qarabağ­da ölən əsgərlər üçün anım günü elan edilməsi və burada bütün ermənilərin katolikosu II Qaregin tərəfindən mərasim keçirilməsi ilə bağlı olub.

Bu barədə “Exo Moskva” radi­osuna erməni politoloq Aleksandr İskəndəryan məlumat verib. O, bildirib ki, müharibə başa çatandan indiyədək hər gün Azərbaycanla Ermənistan ara­sında əsirlərin və meyitlərin mübadiləsi çərçivəsində işğalçı respublikaya yüzlərlə meyit gətirilib. Ona görə də 22 noyabr ölən erməni əsgər və zabitləri üçün anım günü elan edilib.

V. BAYRAMOV, “Xalq qəzeti”

24 Noyabr 2020 01:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə