Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşada axşamlar yanır işıqlar...

Şuşa! Özüm Şuşa, sözüm Şuşa! Közüm Şuşa, gözüm Şuşa! Canım Şuşa, qanım Şuşa! Yazda itirmişdik səni, payızda yenidən və həmişəlik qazandıq. Sən aid olduğun ölkənin, xalqın qazancısan! Biz sənsiz qalmışdıq, sən bizsiz! Dövləti yalan, dini (məzhəbi) saxta, mədəniyyəti oğurluq, mənəviyyatı sıfır... olan bir xalq sənə sahib ola bilməzdi. Əgər bu “sahib ola bilməzdi” hökmü 28 il qüvvədə olmayıbsa, bu dünyanın ayıbıdır, tarixin səhfidir.

Əziz Şuşa, səni tapdaması 28 il sürmüş ermənilərin nəinki sən Qalaya, əziz şəhərə, nəinki külli – Qarabağa, bütün Qafqaza aidiyyatı yoxdur! Çox sadə bir misal çəkim, söz deyim, qüsura baxma, can Şuşa. Can Şuşa, bunu mən şərti olaraq, “erməni lakmusu” adlandırı­ram. Deyim, necə: Qafqazada irili-xırdalı bir çox xalq yaşayır: çoxsaylı türksoylu xalqlar, gürcülər, saxurlar, tabasaranlılar, meqrellər, lazlar, svanlar, talışlar, ləzgilər, tatlar, haputlular, udinlər, yəhudilər, kürdlər, qrızlar, avarlar, acarlar, abaxazlar, osetinlər, çeçenlər, inquşlar, çərkəzlər, darginlər, laklar və başqaları.

Bu xalqların heç biri, təkrar edirəm, heç biri (üzr istəyirəm), atanın yanında qızına, qardaşın yanında bacısına, ərin yanında onun xanımına təcavüz etməyib, etmir, bunu öz ləyaqətinə sığışdırmayıb, sığşdırmır. Bu, Qafqaz xarakteridir – dinindən, dilindən asılı olmayaraq! Ancaq məhz ermənilər və həm də məhz çağdaş dövrdə bu alçaqlığı edib. Əsir və girov azərbaycanlılara münasibətdə ermənilərin etdiklərini dünyanın heç bir xalqı heç bir xalqa qarşı etməyib və yəqin, etməz də! Ən azı bu gerçəklik özü sübut edir ki, ermənilər Qafqaz xarakterinə malik olmayan xalqdır, yığma tayfadır, görməmiş gəlmələrdir.

Qafqaza gəlmə olan, sənə də gəlmədir, can Şuşa. Can Şuşa, yəqin 28 il boyu suyun öz dad - tamında axmadı, bulaqların qurudu, meyvələrin dadsız oldu, qışın çox soyuq, yayın çox isti oldu. Bəlkə də belə olmadı, mən belə yaraşdı­rıram, səni insanlaşdırıram, şüurlaşdırı­ram, yaddaşlaşdırıram... Nə bilim... Bax, görürsənmi, İrəvanda oturan Ermənistan prezidenti deyilən zat da, Ermənistan Müdafiə nazirinin sözüçüsü də, artıq sən Şuşanın, Qarabağın onlar üçün itirlməsini gerçək müstəvidən şüurlara daşımaqdan danışır, mübarizənin şüurlarda, tarixdə davam edəcəyini deyir...

Şüursuzlar şüurdan danışır, can Şuşa! Can Şuşa, sən bizim şüuru­muzdan ötəsən, ruhumuzun özüsən! Bəlkə Ermənistan başbilənləri tam dərk etmir, ancaq sənin uğrunda döyüşən Azərbaycan əsgərini gözü ilə görən ermənilər daha yaxşı başa düşüb ki, Şuşa bir azərbaycanlı üçün nədir... Yadımda qaldığı qədər məzmununu ifadə edirəm: Biz onları güllə ilə vururduq, yıxılırdı­lar, qalxıb qanları axa-axa yenə dağa dırmaşırdılar.

Can Şuşa! Sən bizim canımızdın, üstünü toz basmışdı, silməyə gəldik!

Əziz Şuşa! Sənin uğrunda biz ölüb öldürə bilərik! Sənin adına ölmək də, öldürmək də savabdır!

Doğma Şuşa! Yadlar-yabançılar nə bi­lir, sən ruha necə qidasan, necə könüldən ayrılmayan cansan?

Şuşam! Sənə bayraq sancan əsgər möcüzə ilə gerçəkliyin bir arda necə tutula bildiyini gördü, göstərdi...

Şuşam mənim! Daha əbədiyyən bizimsən! “Sən bizimsən, bizimsən, dur­duqca bədəncə can”!

Bilirsən, Şuşa... Səni 8 may 1992-ci ildə itirəndə mən tələbə idim. İnana bil­mirdim, deyirdim ya yalandır, ya da ki, ha bugün ha sabah – heç yubanmadan azad ediləcəksən! Şuşasız Qarabağ, Qara­bağsız Azərbaycanmı olar?! Bunu ağlıma sığışdıra bilmirdim. Hanı, aşıq deyir ha:

Arsız aşıq, elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!

Hanı, şair deyir ha:

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla!

Ancaq… yenə şairin sözləri ilə desək:

“Ölmədim” deyirəm,

nə bilim axı, –

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz

ölmüşəm elə...

Mən... sən... o – Şuşa bilən, Şuşa deyən, Şuşa göynəyən bizlər 28 il ölü ki­miydik. Bir gözümüz gülürdü bəlkə, amma o biri gözümüz ağlayırdı... Toya-düyünə gedirdik, qol qaldırıb oynayırdıq bəlkə, amma içdən gəlmirdi, bir qanadımızın qı­rıq olduğu hər halımızdan bəlliydi... Abay demiş, atəş də, buz da vardı yanaqlarda...

Şuşa, sənsiz ömür ömür deyil­di, sənsiz gün gün deyildi, sənsiz Azərbaycan Azərbaycan deyildi. Sənsiz müstəqillik də tam deyildi! İndi qırışığımız açılır, indi sevinc nədir – bilirik, indi gülüş nədir – görürük, indi qalibiyyət nədir – dadırıq...

Şuşa, sən işğal olunanda mən tələbəydim... İndi övladımın biri əsgərdir, biri tələbə, biri orta məktəb şagirdi. Bax, neçə gündür fikirləşirdim, düşünüb-danı­şırdım, dövlət başçısı Şuşanın azad edil­diyini delan edəndə mən nə edəcəyəm? Necə davranacağam? Hara qaçacağam, kimə nə deyəcəyəm?! Nə illah edirdimsə, modelləşdirə bimirdim. Sən azad edilən gün nə oldu? Sanki göydə Tanrı, yerdə dövlət baba bizi Şuşa sevincinə hazırla­yırmış – öyrədə-öyrədə, alışdıra-alışdıra gətirirmiş bu günə... Deyərlər ha, torpağın üzü sərindi – torpağa tapşırılan doğmala­rımızdan ayrılığımızın “düsturu”, o ayrılığa necə dözə bildiyimizin “niyə”si, “necə”si kimi deyərlər bu sözü... Demək, sevincin də üzü sərinmiş, Şuşa! Ya bəlkə belə deyil, mənə elə gəlir. Sən boyda sevinci yaşadım, qeyri-adi bir şey olmadı, Şuşa! Eləcə key kimi qaldım. İnanırsan, əziz Şuşa, bilmədim neynəyim? Ailəcə televizi­yanın önünə yığışıb dəqiqələri, saniyələri sayırdıq, vurnuxurduq, ürəyimizə dam­mışdı... Dammışdı ki, Ali Baş Komandan bu gün məhz ŞUŞA deyəcək! Ali Baş Komandanın xalqa müraciətdən öncə məhz hərbi geyimdə məhz Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etməsi, özlüyündə hər şeyi ifadə edirdi əslində! Və o tarixi anlar! Ürəyimiz sinəmizə sığmır, dodağımız sevincdən səyriyir, tükümüz biz-biz olur!.. Bir də baxdım evdə olan 4 ailə üzvümüz bir-birimizi indiyədək olmamış bir möhkəmlikdə qucaqlamışıq, öpürük, qışqırırıq! Bu anda hərbi xidmətdə olan oğlumla telefon əlaqəsi imkanı ya­randı, o bizi, biz onu təbrik etdik!

(Yadıma orta məktəbin aşağı siniflərində oxuyarkən hər üç övladı­mın verdiyi eyni sualı xatırladım, bir də kövrəldim, bir də doldum: “Ata, niyə elə həmişə ermənilər bizi qırıb?! Bəs biz heç cavab verməmişikmi?” Mən də ata qü­ruru ilə bəzi şeylər danışır, izah edirdim, əlbəttə. Ancaq uşaqlar əllərindəki dərsliyə inanırdı və onun iki səhifəsindən bir işğal, faciə günləri sadalanır, öyrənilirdi... Uşaq­ları bir təhər ovudub, kitabda yazılmayan­lardan söz açıb, təsəlli verir, ümid verir, inam aşılayırdım gücüm çatdığı qədər... Hər dəfə də onlardan gizlin dolurdum, kövrəlirdim, ağlayırdım, nə gizlədim...)

Sonra şuşalı olmayan mən Qoşalı­nı təbrik üçün neçə zənglər gəldi, mən də Şuşalı dostlarımı, hərbçi dostlarımı təbrik etdim, bir neçə generalımıza təbrik yazdım. Sonra... yavaş-yavaş öyrəşdik, içimizə sindirdik, qəbullandıq.

Sonra bir də baxdım Prezidenti çıxışına. Tanrı, axı mən bu çıxışı bayaq da dinləmişdim, yenə dinlədim, bir də dinlədim və hər dəfəsində sanki ilk dəfə dinləyirdim kimi gəldi mənə...

Bu gün Azərbaycanın bayramıdır, dünya azərbaycanlılarının bayramıdır, türk dünyasının əziz günüdür! Bütün haqq-ədalət tərəfdarlarının doğma, sevincli günüdür bu gün!

Azərbaycanın intibahı başlamışdır! Şuşanın azadlıq günü intibahımızın bril­yant qaşıdır!

Şuşanın işğaldan azad edildiyi gün şəxsən mənim günümdür! Bütün şüurlu həyatı boyu türk dünyası deyən, yazan, təbliğ və tərənnüm edən, bəlkə bir balaca töhfə verən mən Əkbər Qoşalının bayra­mıdır bu gün.

Bu gün mənim bayramımdır – illərdir Azərbaycan gəncliyi deyirəm, yazı­ram, təbliğ və tərənnüm edirəm, bəlkə gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində, ideya-siyasi, mənəvi hazırlı­ğında bir azca mənim də payım var.

Bu gün “Ermənistanın təslim aktı”nı, “Ermənistanın qeyd-şərtsiz təslim aktı”nın layihəsini aylar öncədən hazırlamış mənim bayramımdır. O təslim aktının məhz 2020-ci ildə məhz Şuşada imzalana biləcəyini yazan mən qardaşınızdım...

Mənim bayramım, mənim təntənəm, mənim əziz günümdür bu gün – uzun illər boyu dövlət, dövlətçilik, sağlam siyasi kurs yolunda olan mənim. Məhz mənim və mənimlə eyni siyasi dünyagörüşünü paylaşanların qalibiyyət günüdür bu gün! Bizi siyasi mövqeyimizə görə anlamayan, öz ağıllarınca bizə ağıl verən, tənqid edənlər indi qəşəng görür ki məhz biz haqlıydıq! Biz haqlıyıq!

Əziz gündə, bayram ovqatında kimisə danlamaq, kiminsə üzünə yanlış hesab­larını vurmaq düzgün deyil bəlkə. Amma, uzun illər türk dünyası sevdamız, türk dünyası çalışmalarımız, Azərbaycan gəncliyinə inamımız, gənclərlə işimiz, dövlət gənclər siyasətinin məziyyətlərini təbliğ etməyimiz, Qarabağ inancımız, Ermənistanın məğlub olacağına sarsılmaz inamımıza görə xəyalpərəst, gerçəkliyi düzgün qiymətləndirməyən və s. və i. ya­manlamalar görmüşük və nəhayət , siyasi mövqeyimizə, dövləti, dövlətçiliyi davamlı, birmənalı müdafiə etdiyimiz üçün tənqid, hətta təhqirlər görmüşük.

Hamısı qurban olsun Şuşa Gününə! Qurban olsunlar 8 noyabra! Şuşa zəfərimiz onların qəlbindəki xıl­tı silməmişsə, bu mənim, mənim kimi düşünənlərin günahı deyil. Artıq onları Şuşa da sağaltmayacaqsa, işləri qalıb Tanrıya!

Tanrıya şükür bu günü bizə yaşatdı!

P.S. Mən bu yazını hazırlayıb redak­siyaya verəndə eşitdim ki, Şuşaya artıq elektrik verilişi bərpa edilib. İşıqların mübarək, mədəniyyət qalamız!

Əkbər QOŞALI

24 Noyabr 2020 01:42 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə