Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID – 19-la bağlı dünya üzrə təsdiqlənmiş bir müalicə resepti yoxdur

Həkim - infeksionist Aişə Kərimova COVID – 19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar olaraq, 2020-ci il martın 14-dən Mərkəzi Neftçilər Xəstəxanasına ezam olunub. O gündən həyatını riskə ataraq soydaşlarımızın təhlükəli virusdan sağalması üçün fədakarlıqla çalışır. Onu işindən ayırıb suallarımıza cavab verməsi, daha doğrusu, müsahibə almaq üçün təkid etdik. Xəstələri bir an belə nəzarətsiz qoymaq istəməyən gənc həkim “mənə, hər şeydən öncə, vacib olan xəstələrimin sağalmasıdır. Bunun üçün də hər an onların yanında olmalı, gedişatla maraqlanmalıyam”, – dedi. Nəhayət ki, müsahibəmizi WhatsApp üzərindən reallaşdır­dıq. Özü də iş vaxtı bitəndən sonra...

Qeyd edək ki, COVID –19 virusu­nun çox yayıldığı, yoluxma sayının gündən-günə artdığı bir dönəmdəyik. Virusa yoluxmaların təzə başladığı mart – aprel aylarında koronavi­rus diaqnozu təsdiqlənən hər kəsi, yüngül simptomlarla da pandemik xəstəxanalara yerləşdirirdilər. Sonra­dan vəziyyət dəyişdi və xəstə sayının artımı buna imkan vermədi. Ona görə də Səhiyyə Nazirliyinin qərarı ilə paytaxtda ərazilər üzrə COVID məntəqələri yaradıldı və bu günə qədər də özündə xəstəliyin hər hansı simptomunu hiss edənlər ərazi polik­linikaları vasitəsi ilə əlaqə saxlayırlar. Sahə həkiminin məlumatına əsasən çağırışa uyğun ünvanlarda insanlar­dan yaxma götürülür və cavab hazır olana qədər onlara özlərini təcrid etmələri tapşırılır. Cavab müsbət çı­xarsa, xəstənin vəziyyətinə uyğun o, ya pandemik xəstəxanalardan birinə yerləşdirilir, ya da, evdə ambulator şəkildə müalicəyə başlayır. Həmin şəxslər məntəqə həkimləri tərəfindən xüsusi nəzarətdə olur və vəziyyət ağırlaşmasa, elə evdə müalicələrinə davam edirlər. Bu gün vəziyyət necədir? Suallarımızı həkim – infeksi­onist Aişə Kərimova cavablandıracaq.

– Doktor, hazırda operativ qərargahın məlumatına görə, 10 gündür ki, yoluxma sayında anti­rekord qeydə alınır. Bu, hər kəsdə narahatlıq yaradır. Çalışdığınız xəstəxanada vəziyyət necədir? Stasionara, əsasən hansı simptom­larla xəstə qəbul edilir?

– COVID – 19 diaqnozlu xəstələrin mualicəsi hal-hazırda olkəmizdə iki istiqamətdə həyata keçirilir, ambula­tor və stasionar şəkildə. Ambulator xəstələrin müraciətlərində, əsasən yüksək hərarət, öskürək, boğazda qıcıqlanma, əzələ - oynaq ağrıları, ümumi halsızlıq qeyd edilir. Daha ciddi simptomları --məsələn, hərəkətlə artan və ya sakitlik zamanı yaranmış təngnəfəslik, bogulma, saturasi­yanın düşməsi halları qeyd edilən xəstələr stasionar müşahidəyə alınır. Ümumiyyətlə, xəstəliyin simptomları adətən xəstəlik günü ilə uyğunluq göstərir. Xəstəliyin 2 - ci həftəsi daha ciddi diqqət edilməsi lazım olan həftədir. Bu immunsupresiv xəstələr üçün dəyişkənlik gostərə bilir. Bugün­kü vəziyyət sabah tamam fərqli şəkildə özünü biruzə verə bilər. Ona görə belə xəstələrə daimi nəzarət vacibdir.

– Saturasiyanın düşməsi nəyin əlamətidir, hansı yolla qaldırılır? Bu barədə məlumat verərdiniz.

– Agciyərlərin zədələnmə sahəsi artdıqda və hansı sahələrin zədələnməsindən asılı olaraq, saturasiyada düşmələr yaşanır. Saturasiya qanda oksihemoglobin səviyyəsini göstərir. Saturasiyanın 92 faizdən aşağı olması qanda parsial oksigenin düşməsinə səbəb olur. Bu da özlüyündə xəstənin tənəffüs hərəkətlərinin sayının artmasına gətirib çıxarır. Normalda insanın dəqiqəlik tənəffüs hərəkətlərinin sayı 16 – 20 olur. Medikamentoz vasitələr, nazal və maska şəklində oksigeno­terapiya və ehtiyac olarsa, reanima­siya və intensiv terapiya şöbəsində süni ventilyasiya sistemləri vasitəsilə saturasiyanın yüksəldilməsinə, ağciyərlərin özünübərpasına calışırıq.

– Xəstəliyin gedişatında ağırlaş­maya səbəb olan nədir? Müalicə prosesində antibiotiklər, yoxsa immun sistemini möhkəmləndirən dərmanlar tətbiq edirsiniz?

– Müalicə başlayandan sonra xəstəliyin ağırlaşmasının bir çox səbəbləri vardir. Bu, 3 istiqamətdə özünü göstərir. İlkin olaraq xəstəliyin hər kəsdə fərqli şəkildə təzahür etməsi və patogenezi, ikincisi, yanaşı risk faktorlarının olması – şəkərli diabet, hipertoniya xəstəliyi, immunsupressiv vəziyyət və s. Üçüncüsü isə düzgün aparılmayan müalicələr. Xəstəliyin, xüsusilə, virus infeksiyası olduğu unudulmamalı­dır. Viruslar antibiotiklərlə müalicə edilmir. Əgər koronavirusun müalicəsi antibiotiklərlə mümkün olsaydı, bugün pandemiya qorxulu xəstəlik olmaqdan çıxardı. Ehtiyac və göstəriş olmadan antibiotiklərlə müalicəyə başlanması, profilaktik məqsəd adı altında qəbulu yolverilməzdir. Dünyada antibiotiklərin profilaktik qəbulunun mövcud oldu­ğu bir neçə nüans var və bu sırada COVID – 19 xəstəliyi yoxdur.

Virus infeksiyaları antiviral preparatlarla müalicə olunur. Çox təəssüf ki, dünyada hələ də COVID –19-un müalicəsində tam olaraq öz təsdiqini tapmış antiviral preparat da qeydə alınmamışdır. Hazırkı dövrə qədər bütün dünyada bu istiqamətdə araşdırmalar davam edir. Bir neçə antiviral preparat müzakirə mövzu­su olaraq qalmaqdadır. Üçüncü bir preparat isə steroidlərdir. Steroidlərin ehtiyac olmadan qəbulu viral repli­kasiyanı artırır. Stasionar müalicə alan xəstələrin, sadəcə, bir qisminə istifadəsi lazım olur. Ambulator xəstələrin isə steroidlərdən istifadəsi yolverilməzdir.

Adətən, stasionarda yatan xəstəyə öncədən, ehtiyac olmadan başlanan steroidlər kəskinləşmə dövrlərində xəstələrin həyatlarını itirmələrinə səbəb ola bilir. Qeyd etdiyim kimi, dünya üzrə hazırda təsdiqlənmiş bir müalicə protokolu yoxdur. Hər bir ölkə öz etik norma­ları daxilində müalicələri təmin edir. Səkkiz aylıq müşahidəmizdə əmin olduğumuz nüans budur ki, xəstənin günlük izlənməsi, yaranmış hər bir kiçik simptomun arasdırılması, immun cavabının balanslaşdırılması ən önəmli müalicə taktikasıdır. Bu sahədə araşdırmalarımız davam edir.

– Koronavirusdan sağalanlar­da sonradan hansısa fəsadların yaranma ehtimalı barədə nə deyə bilərsiniz?

– Xəstəliyin sağalmasından sonra yaranan ağırlasmalar iki qrupa bölünür. Erkən və gecikmiş ağırlaş­malar. Erkən ağırlaşmalardan ən çox rast gəldiyimiz xroniki təngnəfəslik hissiyyatı, qıcıqlanma simptomu ilə təzahür edən quru öskürək və dəqiqləşdirilməmiş böyrək çatışmaz­lıqları. Gecikmiş ağırlaşmalar isə daha təhlükəli olub əsasən kardio­vaskulyar sistemlə əlaqəlidir. Miokard infarktı, miokardit, arterial hipertoniya kimi problemlər meydana gəlir. Bu səbəblə COVID – 19 a yoluxub sağal­mış xəstələrmizə 1- ci və 2 - ci ayın sonunda kardioloq müayinəsindən keçməsini tövsiyə edirik.

– Virusa ikinci dəfə yoluxma ehtimalı varmı?

– Dünyada artıq bir neçə aydır ki, təkrari yoluxmalar qeydə alınır və belə yoluxmaların daha yüngül və ya ağır keçəcəyini demək mümkün deyil. Xəstəlik zamanı ən önəmli faktor xəstənin immun cavabının balansıdır. Heç bir şəxs xəstəliyi keçirmis olma­sına güvənməməlidir və xüsusilə, yuxu rejiminə, qidalanmasına pan­demiya muddətində daha çox diqqət etməlidir. Bu tövsiyələr hamıya aiddir.

– Yoluxmanın əlamətlərindən biri kimi ağciyərdə buzlu şüşə görüntüsü daha çox səsləndirilir. Buzlu şüşə sindromu tam müalicə olunurmu, yoxsa, xəstə sağaldıq­dan sonra ağciyərlərdə hansısa izi qalır?

– Buzlu şüşə görüntüsü ağciyər ödemində, neoplastik proseslərdə, dərman zəhərlənmələrində, pnevmo­niyaların bir qrupunda aşkarlana bilir. COVID – 19 xəstələrində pnevmoni­yanın ilkin mərhələsi şəklində buzlu şüşə deyilən görüntü meydana çıxır. Buzlu şüşə görüntüsü COVID – 19 xəstəliyi üçün patognomik, yəni sırf bu xəstəlik üçün mövcud olan bir əlamət deyil. Xüsusilə, bu səbəbdən qripə gorə peyvəndin vurulması məqsədə uyğundur. COVID – 19-a yoluxmuş xəstələrdə buzlu şüşənin 2 – 3ay ərzində, əsasən, sorulduğu ilə bağlı yetərincə məlumatlar var, bu barədə məqalələr artıq yayım­lanmışdır. Sorulma mərhələsinin uzunmüddətli olması səbəbindəndir ki, xəstələr bir müddət xroniki təngnəfəslikdən əziyyət çəkirlər. Düz­gün və vaxtında aparılmış müalicə ilə fibrozlaşmanın qarşısını almaq mümkündür.

– Xəstələr hansı halda süni tənəffüs aparatına və neçə müddətə qoşulurlar?

– Süni ventilyasiya aparatına xəstələrin qoşulması qərarı həkim - reanimatoloq tərəfindən verilir. Bu zaman xəstənin bir çox kriteriyala­rı nəzərə alınır. Mütəxəssislər hər bir parametr üzrə dəyərləndirmələr aparırlar. Ehtiyac görüldüyü təqdirdə xəstə süni tənəffüs aparatına qoşulur. Xəstənin aparatda qalma müddəti isə klinik, instrumental və laborator müayinələrin gedişatından asılıdır. Bu çox qısa müddət də ola bilər, günlərlə də...

Həkimə “virusa yoluxmamaq üçün nə etmək lazımdır?” – sua­lını verməkdən çəkindim. Doqquz aya yaxındır ki, bu barədə yazırıq, deyirlər, roliklər çəkilir, televiziya kanallarında mütəxəssislərin, operativ qərargahın, TƏBİB-in nümayəndələri tövsiyələr verirlər. Eşidən əməl edir, eşitmək istəməyən isə öz işindədir. Yoluxur, yoluxdurur... Belə olmasay­dı, yoluxma sayı bu qədər artmaz, xəstəxanalar dolmaz, həkimlərin yükü qədərindən çox olmazdı. Bəlkə ope­rativ qərargah tərəfindən qəbul edilən yeni qərarlar insanları normal qorun­ma şərtlərinə əməl etməyə yönəldə. Maskasız gəzənləri cərimə gözləyir. Bunu bilməmiş olmazlar.

Müsahibəni apardı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

24 Noyabr 2020 01:40 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə