Ən son xəbərlər
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Mərasim açıq elan olunduqdan sonra Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcısı ümummilli lider Heydər Əliyevin və Qarabağ müharibəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev məruzə ilə çıxış edərək, partiyanın 28 il öncə xalqı ciddi narahat edən məsələlərin həllinə nail olmaq istəyindən meydana gəldiyini bildirib. Natiq daha sonra ölkəmizin taleyini düşünən, müstəqilliyimizin itirilmək təhlükəsindən narahatlıq keçirən bir qrup ziyalı tərəfindən 1992-ci il oktyabrın 16-da YAP-ı yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə dahi şəxsiyyət Heydər Əliyevə müraciət olunduğunu, bunun, əslində, bütün xalqın arzu və istəyini ifadə etdiyini vurğulayıb.
C.Baxşıyev, həmçinin Heydər Əliyevin oktyabrın 24-də ziyalılara göndərdiyi cavabında yeni yaradılacaq partiyaya rəhbərlik etməsi barədə razılığını bildirdiyini, daha sonra ümummilli liderin “91-lərin müraciəti”nə cavabının mətbuatda dərc olunması ilə YAP-ın yaranması prosesinə başlandığını diqqətə çatdırıb. Mərasimdə partiyanın təsis konfransının Bakı şəhərində keçirilməsinə ovaxtkı iqtidar tərəfindən icazə verilməməsi səbəbindən bu prosesin blokada şəraitində yaşayan Naxçıvanda reallaşması xatırladılıb. Beləliklə, 1992-ci il noyabrın 21-də dahi öndərin sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilən 550 nümayəndənin təmsil olunduğu təsis konfransı gerçəkləşib və adı çəkilən partiyanın yarandığı elan edilib. Ümummilli lider yekdilliklə YAP-ın sədri seçilib.
Tədbirdə 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycanı məhv olmaq təhlükəsindən, xaos və anarxiyadan xilas etdiyi diqqətə çatdırılıb. Həmçinin ümummilli liderin rəhbərliyi ilə dövlət çevrilişi və vətəndaş müharibəsinin qarşısının məharətlə alındığı, cəbhə xəttində atəşkəsə nail olunduğu, milli Konstitusiyanın qəbulu və bütün sahələr üzrə qanunvericilik bazasını yarandığı xüsusi vurğulanıb.
Mərasimdə bildirilib ki, YAP hazırda ölkənin siyasi həyatında ən güclü və aparıcı partiyadır. Ulu öndər Heydər Əliyev siyasi kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, xalqın rifah halının gündən-günə yaxşılaşması, respublikamızın hər yerində yeni müəssisələrin istifadəyə verilməsi, işsizliyin və yoxsulluğun azaldılması, regionların inkişafına investisiyaların yatırılması, nəhayət, məcburi köçkünlərimizin 30 illik yurd həsrətinə son qoyulması bu partiyaya məhəbbəti daha da artırır. Məhz bunun nəticəsidir ki, 700 mindən çox insanı birləşdirən YAP-ın sıraları günbəgün genişlənir.
Məruzə ətrafında çıxışlarda YAP-ın yaranması, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışan natiqlər, eyni zamanda, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə noyabr ayının 10- da Azərbaycan Ordusunun qazandığı şanlı qələbəbəyə, ölkəmizin ərazi bütövlüyünü təmin etdiyinə görə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup partiya fəalı Fəxri fərmanla təltif edilib.
R. İLQAR, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə