Ən son xəbərlər
Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının sədri, icra hakimiyyətinin başçısı Abdulla Abdulla “Taliban”la aparılan dialoq mövzusu haqqında danışarkən bildirib ki, hərəkatla imzalanmağa hazırlanan hərtərəfli sülh müqaviləsi bütün tərəflərin maraqlarına uyğundur. Məlumatı “Anadolu” agentliyi verib.
Abdulla deyib: “Bu məsələdə uduzan tərəf ola bilməz. Mövcud fikir ayrılıqlarını hərbi yolla həll etmək mümkün deyil. Ona görə də dialoq və sülh üçün hər cür səy göstərmək lazımdır. Müharibə yolverilməzdir, bu halda qalib olmayacaq”. Ölkədəki ABŞ hərbi kontingentinin ixtisarı barədə Vaşinqton administrasiyası tərəfindən səsləndirilmiş bəyanata toxunan Ali Şura sədri deyib ki, Kabul bu qərarı alqışlayır: “ABŞ öz kontingentinin bir hissəsini Əfqanıstandan çıxarmaq istəyir. Onlar, eyni zamanda, Əfqanıstanın təhlükəsizlik və milli müdafiə institutlarını dəstəkləməyi davam etdirməkdə qərarlıdırlar. Bu yaxşıdır. Bu kurs davam etdiriləcək”.
Əfqanıstan siyasətçisinin fikrincə, Ağ evin yeni administrasiyası da Əfqanıstanda sülh prosesini dəstəkləyəcək: “Mən buna qəti şübhə etmirəm”. Abdulla Avstraliya hərbçilərinin bu yaxınlarda ölkədə törətdikləri hərbi cinayəti “sözlə ifadə edilməsi mümkün olmayan qəddarlıq” adlandırıb. O deyib: “Avstraliya hərbçilərinin qəddarlığını təsvir etmək üçün söz tapa bilmirəm. Törədilən hadisəni sözlə ifadə etmək mümkün deyil. Bu, ağlasığmaz bir hadisədir. Günahsız insanlara qarşı cinayət törədilib. Mən şoka düşdüm”.
Abdullanın sözlərinə görə, avstraliyalı hərbçilər 39 dinc sakini qəddarcasına öldürüblər. Bu cinayət Avstraliya müdafiə qüvvələrinin hesabatında da öz əksini tapıb.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə