Ən son xəbərlər
Səudiyyə Ərəbistanının sədrliyi ilə “Böyük iyirmilər”in onlayn formatında keçirilən sammitində yekun bəyannamə qəbul edilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Sənəddə deyilir ki, yeni koronavirus infeksiyası ilə mübarizədə yoxsul və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına kömək məqsədilə onlara maliyyə yardımı göstəriləcək. Bundan başqa, kreditlər üzrə ödəmələr daha altı ay təxirə salınacaq. Yeri gəlmişkən, dünyanın 46 ölkəsinin rəsmiləri borclar üzrə ödəmələrin təxirə salınmasını xahiş ediblər.
Sammitdə çıxış edən Səudiyyə Ərəbistanı Kralının vəliəhdi Məhəmməd ben Salman bildirib ki, pandemiyadan daha çox zərər çəkən ölkələrin borc yükünü yüngülləşdirmək üçün 14 milyard dollar vəsait ayrılıb. Dünya liderləri COVID- 19-a qarşı vaksinin yoxsul ölkələrin əhalisi üçün əlçatan olmasının və vəsaitlərin ədalətli bölünməsinin vacib olduğunu bildiriblər.
Səudiyyə Ərəbistanının paytaxtında iki gün ərzində videoformatda keçirilən sammitin sonunda sədrliyin İtaliyaya keçdiyi bəyan edilib. “Böyük iyirmilər”in 2015- ci ildəki sammiti qardaş Türkiyədə keçirilib.
Qeyd edək ki, “Böyük iyirmilər”in ilk sammiti 15 il əvvəl baş tutub. Qrupa ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və Avropa İttifaqı daxildir.
“Böyük iyirmilər” ölkələrində dünya əhalisinin üçdə ikisi yaşayır. Hazırda bütün dünyada ümumi daxili məhsulun 85 faizi onların payına düşür.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə