Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü

Bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni və müasir formatda fəaliyyətə başlayır.  Belə ki, kampaniya çərçivəsində bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü. Bu məqsədlə ən müasir texnoloji avadanlıqlarla təchiz edilən iri ölçülü nəqliyyat vasitəsi vətəndaşların xidmətində olacaq. Mobil qeydiyyat ofisi əvvəlcədən elan edilmiş yerlərdə, saat 9:00-dan 17:00-a qədər sakinlərin xidmətindədir. Bu vasitə ilə qeydiyyat sahəsində proaktiv xidmətlər birbaşa vətəndaşın olduğu məkana üz tutur.

Vətəndaş məmnunluğunun artırılması, onların daha rahat və sadə proseduralarla qeydiyyat xidmətlərindən faydalanması üçün fəaliyyətin müasir və modern əsaslarla qurulması diqqət mərkəzində saxlanılıb. Müasir proqram təminatı ilə eyni anda bir neçə vətəndaşa müxtəlif növ qeydiyyat xidmətləri göstərmək mümkündür. Bundan başqa, nəqliyyat vasitəsinin həm daxilində həm də xaricində qeydiyyatla bağlı maarifləndirici məlumatları əks etdirən monitorlar quraşdırılıb.  Hüquqi prosedurları izah edən elektron monitorlarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı zəruri sənədlərin siyahısı, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Həmçinin burada vətəndaşlar əmlakın qeydiyyatı üçün tələb olunan xidmət haqları və rüsumlar barədə məlumat əldə edə bilir.

Qeyd edilməlidir ki, hazırda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyanın bu həftəki ünvanı Xırdalan şəhəridir. Sakinlər 15-19 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsindəki (heykəlin yanı, 4 saylı orta məktəbin qarşısı) mobil ofislərə yaxınlaşa bilərlər. İndiyədək Abşeronun 14 kənd və qəsəbəsində keçirilən kampaniya zamanı 1000-ə yaxın vətəndaşa xidmət göstərilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

20 Oktyabr 2018 16:37 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə