Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha 7 nəfər torpağın təyinatına zidd istifadəsi ilə bağlı cərimələnib

Daha 7 nəfər torpağın təyinatına zidd istifadəsi ilə bağlı cərimələnib

Bəzi vətəndaşlar tərəfindən torpaqlar bilərəkdən və ya bilmədən təyinatı üzrə istifadə olunmur. Qanunu bilməmək isə məsuliyyətdən azad etmir. Həmin mülkiyyətçilər İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələnir, barələrində müvafiq tədbirlər görülür. Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq sahələrinin təyinatı üzrə istifadəsi, ərazilərin zəbt olunması və hasarlanması, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir. Aparılan reyd nəticəsində daha 7 şəxs cərimələnib. 

Məlum olub ki, Xaçmaz rayon sakini Həsən Zeynalov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda, həmin ərazidə qeyri-qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol  yazılıb və 1000 manat cərimə olunub.

Analoji hadisə Şamaxı rayonunda da aşkar edilib. Belə ki, rayonun Avaxıl bələdiyyəsinin ərazisində Yunis Qədimbəyli kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol  yazılıb və 1000 manat cərimə edilib. Hər iki qanun pozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb.

Lənkəran rayonu, Liman şəhəri ərazisində Şahmar Məlikov tərəfindən torpaq sahəsinin qazılaraq münbit qatının korlanması halı aşkar edilib. Həmin şəxs barəsində inzibati  protokol yazılaraq 600 manat cərimə tətbiq edilib.

Yuxarıda qeyd edilənlərlə yanaşı, daha bir neçə nəfər də cərimələnib, barələrində müvafiq tədbirlər görülüb. Əmlak Məsələləri Dövlət Komitəsi gündəlik olaraq torpaqların istifadəsi və mühafizəsi ilə bağlı monitorinqlərini davam etdirəcək.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

20 Oktyabr 2018 16:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə