Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-də geniş tərkibli kollegiya iclası keçirilib

ƏƏSMN-də geniş tərkibli kollegiya iclası keçirilib

“Cari ilin ötən dövrünü Azərbaycan Prezidenti İlham Əliyevin əmək, məşğulluq, sosial təminat sistemi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu sahədə əhaliyə xidmətlərin innovativ əsaslar və vahid platforma üzərində, açıq iş şəraitini nəzərdə tutan tam şəffaf yeni modelin qurulmasına yönələn köklü islahatlara keçid mərhələsi kimi xarakterizə etmək olar”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əmək və sosial müdafiə sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələr və tapşırıqlar diqqətə çatdırılıb. S.Babayev bildirib ki, iclasda dövlətimizin başçısı sosial sahədə ciddi islahatlar aparıldığını qeyd edərək “Nazirliyin yeni rəhbərliyinə mənim tərəfimdən tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin”,-- deyə vurğulayıb. Bu mühüm tapşırığın yüksək səviyyədə icrası istiqamətində nazirlik tərəfindən bütün səylər səfərbər olunub, mövcud resurslardan da istifadə olunmaqla ən müasir innovasiyaların geniş tətbiqi  şəraitində konkret addımlar atılır.

Nazir diqqətə çatdırıb ki, aidiyyəti hüquqi bazanın formalaşdırılması üçün normativ hüquqi aktların layihələri və təkliflər, DOST layihəsinin fəaliyyət strukturu, konsepsiyası, operativ iş rejiminin modeli, proseslərin icra mexanizmi, yol xəritəsi, elektron formada xidmətlər üzrə pasport nümunələri və s. hazırlanıb. Yeni əsasda “bir pəncərə”dən nazirlik üzrə 124 növdə şəffaf və çevik xidmətlərin göstərilməsi ilə bağlı praktik iş mexanizmləri müəyyən olunub.

Özünüməşğulluq proqramı üzrə işlərin normal qaydada davam etdirildiyini vurğulayan nazir bu il proqram çərçivəsində 7 minədək şəxsin kiçik ailə təsərrüfatlarının yaradılmasının nəzərdə tutulduğunu və artıq bu prosesə başlandığını qeyd edib. Nazir həmçinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə 125 ailə üçün bağçılıq təsərrüfatının yaradılmasına başlandığını deyib.

S.Babayev Prezident cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi üçün informasiya texnologiyaları əsasında tam şəffaf iş mexanizminin hazırlandığını, ödəmələrin verilməsi prosesinin ədalətli icrasının təmin ediləcəyini bildirib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəis müavini Gulnarə Hacıyeva hesabat məruzələri ilə çıxış ediblər.

İclasda digər fəaliyyət istiqamətlərində aparılan işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunmaqla, fəaliyyət sahələrində yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlar diqqətə çatdırılıb. S.Babayev fəaliyyət sahələrində aparılan islahatlarla, görülən işlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Oktyabr 2018 15:13 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə