Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT-in Minsk qrupu. Nə etməli?

Başa çatmaqda olan həftə illər boyu davam etmiş, artıq başa çatmaqda olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində diplomatik səylər baxımından çox intensiv olub.

AZƏRTAC xəbər verir ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan Fransa və ABŞ diplomatik kanallar vasitəsilə Moskvadan incidiklərini bildiriblər. Onlar hesab edirlər ki, artıq “Ermənistanın kapitulyasiyası haqqında akt” adı ilə daha məşhur olan döyüş əməliyyatları zonasında atəşkəs haqqında üçtərəfli bəyanatın hazırlanması və imzalanması ərəfəsində və gedişində bu iki həmsədr “unudulub”.

RF XİN rəhbəri Sergey Lavrov Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putin ilə əlaqələrinə istinad edərək, bu məsələdə Parisin və Vaşinqtonun “heysiyyətinə toxunulduğunu” hesab edir. Görünür, Yelisey sarayı həmin əlaqələrin gedişində Kremldən narazılığını bildirib. Hərçənd, Sergey Lavrov bu hadisəni tamamilə inandırıcı şəkildə onunla izah edib ki, Qarabağda davam edən döyüşlərin hər dəqiqəsi insanların həyatı bahasına başa gəlirdi və belə vəziyyətdə Moskvanın Vaşinqton və Parislə əlaqə saxlamamasından, müvafiq sənədin mətninin onlarla razılaşdırmamasından narazılıq bildirmək “insani mənəviyyat baxımından sadəcə qeyri-korrekt və qeyri-etik hərəkətdir”. Bu fikirlə razılaşmamaq çətindir.

Görünür, indi qərbli həmsədrlər əldən verilmiş imkanın əvəzini çıxmağı və yola düşən qatara tullanmağa macal tapmağı qərara alıblar. Son günlər onlar bir qədər fəallıq göstərməyə başlayıblar, vurğulayırlar ki, münaqişəni nizamlanmış hesab etmək hələ tezdir. Onlarla bərabər, Avropa İttifaqı Şurası dünən öz saytında bəyanat dərc edib. Həmin sənəddə ATƏT-in Minsk qrupunun səyləri dəstəklənməklə yanaşı, münaqişənin qəti nizamlanması, o cümlədən ...Dağlıq Qarabağın statusunun hazırlanması üçün danışıqları bərpa etmək barədə çağırışlar var.

Nəhayət, RF Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində jurnalistlərin suallarını cavablandıraraq bəyan edib ki, Dağlıq Qarabağın statusu problemi var, amma münaqişə özü hələ tam nizamlanmayıb. O deyib: “Əgər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin bərpa edilməsi üçün şərait yaranarsa, bu, Dağlıq Qarabağın statusu məsələsinə də kömək edər”. Putinin jurnalistlərlə görüşündən bir gün əvvəl RF XİN rəhbərinin müavini Andrey Rudenko Dağlıq Qarabağın statusunun müəyyən edilməsi müddətləri barədə sualı cavablandıraraq deyib: “Müddət yoxdur, bu, kifayət qədər həssas məsələdir”.

Münaqişənin nizamlanmaması və status məsələsinin açıq qalması barədə söhbətlər Azərbaycan Prezidentinin bəyanatları fonunda səslənir. O, dəfələrlə və dəqiq bildirib ki, bu məsələ daha müzakirə edilmir və bu mövzu bağlanıb.

Bununla əlaqədar, sülh prosesi ilə bağlı əvvəlki araşdırmaların relevantlığı məsələsi yaranır. Gəlin, bu məsələni birgə təhlil edək. Beləliklə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi bütövlükdə yerinə yetirilib. Hərçənd, bu, o qədər də könüllü şəkildə deyil, daha çox məcburi şəkildə olub. Hətta Ermənistan silahlı qüvvələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından könüllü çıxarılmasını da Yerevanın 874 və 884 nömrəli qətnamələri qismən də olsa yerinə yetirməyə məcbur edilməsi üzrə əməliyyatın nəticəsi hesab etmək olar. Eyni zamanda, bu dörd qətnamədə əksini tapmış ifadələr, məsələn, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu”, “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü”, “beynəlxalq sərhədlərin toxunulmazlığı” və digər frazalar qüvvədə qalır. Bu, o deməkdir ki, Dağlıq Qarabağ regionunun statusu beynəlxalq birlik tərəfindən məhz Azərbaycan Respublikasının bir hissəsi kimi tanınır, beynəlxalq sərhədlər isə birtərəfli qaydada dəyişdirilə bilməz. Sadə dildə desək, əgər Bakı “yox” deyirsə, deməli “yox”. Bu müddəalar statikdir və istər zaman etibarilə, istərsə də “yer üzündə dəyişən reallıqlara” tabe deyil.

Digər tərəfdən, ATƏT (o vaxt hələ ATƏM adlanırdı) tərəfindən 1992-ci ildə münaqişənin siyasi həllinin tapılması üçün yaradılmış Minsk qrupu son nəticədə Minskdə sülh konfransı çağırılmasını nəzərdə tuturdu. Bu hadisədən əvvəl isə nəzərdə tutulurdu ki, həmsədrlər münaqişə tərəfləri ilə əlaqəli şəkildə müəyyən təkliflər paketi hazırlayacaqlar və həmin paket konfrans iştirakçılarının müzakirəsinə çıxarılacaq. Həmsədrlər təsisatının 28 illik işinin yekunu belə adlandırılan “Madrid prinsipləri” oldu. Həmin prinsiplərin bir qismi iki ölkənin cəmiyyətlərinin onlara reaksiyasını öyrənmək məqsədilə 2010-cu ilin iyun ayında dərc edildi.

Yadımızdadır, həmin prinsiplər dərc ediləndən az sonra Azərbaycan bu sənədin sonrakı iş üçün əsas kimi ümumiyyətlə və bütövlükdə qəbul etdiyini bildirdi, Ermənistan isə əvvəlcə fikirləşmək üçün vaxt istədi, lakin illər keçməsinə baxmayaraq, hələ də “Madrid prinsiplərini” qəbul edib-etməməsi barədə aydın cavab verməyib.

Sonra gözlənilmədən belə adlandırılan “Kazan sənədi” ortaya çıxdı. Bu sənədi heç bir vəchlə üç həmsədrin birgə məhsulu adlandırmaq olmazdı və o, “Madrid prinsipləri”nin şərtlərindən kəskin fərqlənirdi. “Kazan sənədi” Ermənistanı qane edirdi (bunun səhnəarxası izahı vardı), Azərbaycan isə bir sıra prinsipial əhəmiyyətli düzəlişlərlə onu şərti olaraq qəbul etdiyini bildirmişdi.

Sonrakı illərdə, “Qarabağ Ermənistandır və nöqtə” deyən və özünün “yeddi şərti”ni irəli sürən küçə lideri Ermənistanda hakimiyyətə gələnə qədər danışıqlar prosesi yerində saymağa başladı. Onun bu şərtləri vasitəçilərin çoxillik səylərini və bütövlükdə danışıqlar prosesinin nəticələrini heçə endirdi.

Vətən müharibəsinin lap əvvəlində, Prezident İlham Əliyev Paşinyanın heçə endirdiyi “Madrid prinsipləri”ni necəsə xilas etməyə çalışaraq bildirirdi ki, əgər Ermənistanın baş naziri onun ölkəsi tərəfindən baza şərtlərini könüllü surətdə yerinə yetirməyə başladığını elan edərsə, hələ həmin prinsiplərə qayıtmaq olar, lakin onun ölkəsi kapitulyasiya edən anda 1990-cı illər müharibəsindən sonra yaranmış status-kvo və vasitəçilərin müvafiq təklifləri artıq heçə endi. Buna görə də bu gün Madrid prinsiplərinin aktuallığı barədə danışmağa dəyməz. Əvvəlki status-kvo yoxdur və onunla bərabər, “Madrid prinsipləri” də öz aktuallığını itirib.

Minsk prosesinin formatı göz qabağında dəyişir. Axı münaqişə lap əvvəldən, dünya birliyinin də etiraf etdiyi kimi, Ermənistan ilə Azərbaycan arasında münaqişə idi, çünki bu ölkələrdən birincisi ikincisinin ərazisini işğal etmişdi. Amma Ermənistan silahlı qüvvələri Azərbaycandan “iti qovan kimi” qovulandan sonra Yerevan, demək olar ki, münaqişə tərəfi sayılmır. Əlbəttə, bu, tamamilə belə deyil, çünki bir sıra texniki məsələlər (məsələn, Dağlıq Qarabağda sülhməramlı zonada inzibati-təsərrüfat həyatının mərhələli şəkildə, dinc yolla Ermənistandan Azərbaycanın hakimiyyət orqanlarına keçməsi, işğal edilmiş anklavlar məsələsi və bir sıra başqa mövzular) həll edilməmiş qalır, lakin ümumiyyətlə və bütövlükdə Ermənistanın Azərbaycandan şərəfsiz şəkildə getməsini və onun münaqişə tərəfi kimi rolunun heçə endirilməsini söyləmək olar. Yeri gəlmişkən, marionet xunta subyektlilik qazana bilmədi. Gördüyümüz kimi, məhz bu məqam son günlərdə müəyyən dairələri daha çox qıcıqlandırmağa başlayır.

Dağlıq Qarabağın statusu – istər müvəqqəti, istərsə də qəti hüquqi statusu – barədə Paşinyan tərəfindən rədd edilmiş, müharibə nəticəsində heçə endirilmiş və bu müharibənin yekunları ilə birlikdə post-bellum yeni status-kvo ilə bərabər “Madrid prinsipləri”ndən başqa heç yerdə heç nə deyilməyib. Noyabrın 10-na keçən gecə atəşkəs və sülhməramlı kontingentin daxil edilməsi barədə üçtərəfli bəyanat imzalandığı andan uzun illər boyu danışıqlar masası üstündə qalmış sənədə hər hansı şəkildə istinad edilən bircə bəyanat da səslənməyib. Hələlik belə söhbətlər gedir ki, “müharibə dayandırılıb, lakin münaqişə nizamlanmayıb”, bir tərəfdən gələcəkdə hər hansı statusun müəyyən edilməsinin zəruriliyi barədə səslər, digər tərəfdən Bakıdan bu məsələnin artıq bağlanması barədə bəyanatlar eşidilir. Bəli, bu, belədir, lakin bizim üçün əhəmiyyətli olan başqa məsələ var - həmsədr dövlətlərin heç biri həyatda mövcud olan yeganə (lakin imzalanmaq üçün finiş xəttinə çatmamış) sənədin ilkin variantlarını artıq xatırlamır, halbuki orada Dağlıq Qarabağın müvəqqəti, sonra isə qəti hüquqi statusu barədə müddəalar vardı.

Bu fonda BMT Təhlükəsizlik Şurasının qismən məcburi şəkildə, qismən də könüllü şəkildə implementasiya edilmiş, lakin yuxarıda göstərdiyimiz, öz aktuallığını itirməyən ifadələrin təsbit edildiyi dörd qətnamə yenidən ön plana çıxır. Bu isə o deməkdir ki, status barədə son sözü yalnız Azərbaycan deyə bilər. Azərbaycan istəsə status verər, istəməsə yox. Bakını öz iradəsinə zidd olaraq status verməyə məcbur edə biləcək mexanizm yoxdur.

Azərbaycanın bütün başqa vətəndaşları kimi, Dağlıq Qarabağın erməni əhalisinin də bütün hüquqları, o cümlədən iki əsas hüququ - Azərbaycan Konstitusiyasına görə bu dövlətin ərazisində layiqli və təhlükəsiz yaşamaq hüququ və ya Əsas Qanunun qəbul edilmədiyi halda, layiqli mühacirət etmək hüququ var. Lakin Azərbaycanın qanunlarını qəbul etmədən onun ərazisində yaşamağa nəinki ermənilərə, ümumiyyətlə heç kəsə icazə verilmir və bunda heç bir ayrı-seçkilik yoxdur.

Ona görə də Azərbaycan Prezidenti deyəndə ki, status olmayacaq, bu, o deməkdir ki, ölkənin erməni əhalisinin hüquqları eynilə bütün azərbaycanlıların hüquqları, habelə bizim çoxmillətli dövlətimizin müxtəlif guşələrində yığcam şəkildə yaşayan digər etnik qrupların hüquqları kimidir, heç bir xüsusi hüquq yoxdur. Öz doğma evində qalmağı və bundan sonrakı həyatını Azərbaycanla bağlamağı qərara almış hər bir Dağlıq Qarabağ sakini başa düşməlidir ki, bundan sonra o, həmin dövlətin tam müdafiəsi altındadır. Rəşadətli Azərbaycan Ordusunun Xankəndidən sayılı metrlərlə məsafədə olduğunu və Vladimir Putinin etiraf etdiyi kimi ordunun cəmi bir neçə saata oraya çata biləcəyini nəzərə alsaq, erməni əhalinin bundan sonra doğma diyarda yaşamaq hüququ Azərbaycanın müstəsna xeyirxah iradəsinin təzahürüdür. Heç kəs bundan sui-istifadə etməməlidir – istər çoxmillətli Azərbaycanın tərkibində yaşamağı davam etdirmək üçün verilmiş hüquqdan istifadə etməyi qərara alanlar, istərsə də onların Yelisey sarayında, Ağ evdə və Brüsseldəki vəkilləri.

Status yoxdur və olmayacaq! Unitar çoxmillətli və tarixən tolerant Azərbaycan var. Bu, Azərbaycanın qəti sözüdür və onu öz mövqeyindən döndərməyə çalışmağın mənası yoxdur. Yaxşı olar ki, Bakını guya “münaqişənin hərbi həllinin olmamasına” və ya “zaman Azərbaycanın ziyanına işləyir, çünki Qarabağı görməmiş və onu öz Vətəni hesab etməyən nəsil böyüyür” deyə inandırmağa çalışanların necə yanıldıqlarını xatırlasınlar. Onlar o vaxt da çox səhv edirdilər və indi də guya Bakıya təzyiq etmək və növbəti seçkilərdə erməni elektoratın səslərini qazanmaq mümkün olacağını düşünənlər çox səhv edirlər.

Son olaraq demək istərdim ki, gerçəkləşməmiş “Madrid prinsipləri” Tarixin arxivinə veriləndən sonra qalan məsələlərlə həmsədrlər məşğul olmalıdırlar. Bu məsələlər köçkünlərin, o cümlədən Azərbaycan icmasının Qarabağın sülhməramlı zonasına təhlükəsiz qayıtmasının təmin edilməsi, regionun inzibati-təsərrüfat həyatının tədricən Azərbaycanın dövlət orqanlarının tabeliyinə keçirilməsi mexanizminin hazırlanması, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyasında vasitəçilik, Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması və çoxdan gözlənilən Minsk konfransının çağırılmasıdır. Bu tarixi sənəd də həmin konfransda imzalanacaq.

Status məsələsində Azərbaycana təzyiq göstərilməsi isə açıq-aydın ümidsiz, faydasız və mənasız məsələdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

21 Noyabr 2020 20:50 -

Köhnə versiyamızdan xəbərləri izlə