Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müzəffər Ordumuz möhtəşəm Qələbəsi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi

Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla işğal tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Rusiya - Azərbaycan - Ermənistan bəyanatını imzalamağa  məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.

Noyabrın 10-da Rusiya prezidentinin də iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları bu tarixi bəyanat işğalçı olkənin döyüş və diplomatiya meydanında hərbi-siyasi məğlubiyyətini etiraf etməsi,  dövlət başçımızın irəli sürdüyü şərtlərin qəbul edilib rəsmiləşdirilməsidir. Ermənistanı 30 illik münaqişənin ikinci hərbi mərhələsində  təslim olmağa Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan 4 rayonumuzu və strateji Şuşa şəhərini ildırım sürəti ilə işğaldan azad edib düşməni mühasirə vəziyyətinə salmasıməcbur etdi. Müzəffər Ordumuzun böyük rəşadət hesabına Şuşanı işğaldan azad etməsi Ermənistanın quldur hərbi dəstələrini sarsıdıcı zərbə vurdu,  onların silahlarını atıb qaçması ilə nəticələndi.

30 ildən bəri Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən havadarları mühaibənin ilk günlərindən ermənilərin məğlub olacaqlarını gördüklərindən Azərbaycan Ordusunun zəfər yürüşünü dayandırmaq üçün min bir oyundan çıxdılar. Azərbaycan Prezidenti İlham Əliyev isə Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etdi, həlledici qələbənin əldə olunmasına qədər dayanmaq əmri vermədi. Ali Baş Komandanın savaş günlərində xalq müharibənin başlanması və qazanılan zəfərlərlə bağlı xalqa müraciətlərində və xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə səslənən həqiqətlər Azərbaycanın düşmən üzərində diplomatik və təbliğati üstünlüyünü təmin etdi, öz yalanları ilə illərdən bəri geniş xarici auditoriyanı aldatmış işğalçı tərəfə informasiya sferasında ciddi zərbələr vurdu.

Ermənistan hərbi-siyasi rəhbərliyi isə xilas olmağın yolunu müharibə cinayətləri törətməkdə-- Azərbaycanın cəbhə bölgəsində və ondan uzaqlarda yaşayan dinc əhalisini raket-artilleriya atəşinə tutub ümumu vahimə və sarsıntı yaratmaqda gördü. Lakin bunların heç biri xalqımızın mübarizə əzmini qıra, ordumuzun irəliləyişini dayandıra bilmədi.    Ermənilərin fitnəkar təxribatlarına, kütləvi vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, Yevlax, Beyləqan rayonlarının, Gəncə  və mingəçevir şəhərlərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir nəfər də olsun, fərarilik faktı qeydə alınmadı.

Ermənistan Ordusu barədə 30 il müddətində formalaşdırdılan “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Azərbaycan Ordumusunun endirdiyi sərrast, güclü zərbələr nəticəsində qısa dövrdə Ermənistanın 3 milyard dollar məbləğində hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.

İmzaladığı təslim aktına əsasən, işğalçı Ermənistanın qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmaqla razılaşması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu, həm də ölkəmizin ərazi bütövlüyünün, nəhayət,  güc yolu ilə bərpa edilməsi, 30 ildən bəri Vətən həsrəti ilə yaşayan 800 yüz minə yaxın insanın nisgilinə son qoyulmasıdır. Əlbəttə, Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyev onların ən böyük arzusunu, doğma torpaqlarına qayıtmaqla bağlı qarşısıalınmaz istəklərini, öz yurdunda yaşamaq haqlarını gerçəkləşdirdi. 

44 günlük müharibə Azərbaycanın nə qədər vətənpərvər, böyük xalqı olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sərgiləməklə onun necə güclü olduğunu bir daha sübuta yetirdi. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq etməklə Ermənistanı işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etmək, öz şərtlərini işğalçıya qəbul etdirmək istəyirdi və buna tam nail oldu.

Biz bu möhtəşəm  qələbəni döyüş meydanında qazandıq! 300-ə yaxın yaşayış məntəqəsini əhatə edən Füzuli, Cəbrayıl Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrud və Suqovuşan qəsəbələri qanlı döyüşlərlə meydanında azad edildi. Bu qələbələrdən sonra düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etməyə məcbur edildi. İmzalanmış bəyanatda Dağlıq Qarabağa hansısa hüquqi statusun verilməsi ilə bağlı heç bir müddəa yoxdur. Bu, Ermənistanın Qarabağın “müstəqilliyi” və ya onlara hansısa statusun verilməsi ilə bağlı əsassız iddialarının puç olması deməkdir. Bununla belə, Azərbaycan sivil, çoxetnoslu, multikultural ölkə kimi Dağlıq Qarabağ ermənilərinin bir neçə rayonda təhlükəsiz şəraitdə yaşamalarına zəmanət verir.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərməsi də xalqımızın maraqlarına uyğundur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin təmin edilməsi sənəddəəksini tapıb. Bununla faktiki olaraq həm də türk dünyası arasında nəqliyyat-kommunikasiya həlqəsi bərpa olunacaq.

Bu gün “Qarabağ Azərbaycandır və nida” şüarı Azərbaycanın qələbəsinin rəmzi ifadəsinə çevrilib. Bu tarixi günləri hər bir azərbaycanlı kimi, ədliyyə orqanlarının əməkdaşları da böyük qurur, fəxarət və coşqu ilə qeyd edirlər. 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı ərəfəsində qazandığımız bu parlaq və qəti qələbə bizim üçün ikiqat bayram deməkdir. İnanırıq ki, bu parlaq trixi zəfər müstəqil Azərbaycanımızın bütün sahələrdə dinamik inkişafına, o cümlədən də ədliyyə sisteminin daha da müasirləşməsinə və inkişafına yeni təkan verəcək.

Emin VEYSOV,
Ədliyyə Nazirliyi İcra Baş İdarəsi kredit borcları şöbəsinin rəisi 

21 Noyabr 2020 12:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə