Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gözün aydın, Qarabağ!

Ağdam da işğaldan azad olundu

Prezident, Ali Baş Komandan  İlham Əliyevin xalqa  noyabrın 20- də ünvanladığı müraciətini göz yaşları içərisində dinlədim.  Bu, sevindən doğan  gözyaşları idi. Həmin müraciət  məcburi köçkün kimi xəcalətverici sözü bizim -- bütün ağdamlıların üzərindən götürdü.

Dövlətimizin başçısnın  “Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız” təbriki təkcə ağdamlıları yox, bütün azərbaycanlıları kövrəltdi. Bu, doğma yurdumuzun – Ağdamın  27 illik işğalına son qoyulması barədə qələbə müjdəsi idi.

Son üç yüz ildə qələbə, zəfər həsrətli xalqımızın bu intizarına  artıq son qoyulur. Sentyabrın 27- dən indiyədək  hər gün qələbə müjdələrini eşitməyə  artıq adət etmişik. Qələbə soraqlı xəbərləri Azərbaycan xalqına verən Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevlə qürur duyuruq, fəxr edirik. Ulularımızın uyuduğu müqəddəs torpaqlara yüz minlərlə həsrətlini qovuşduran, qüdrətli Oğuz- Türk yurdu Qarabağı düşmənlərin murdar nəfəsindən xilas edən,  döyüş, diplomatiya, informasiya məkanında heyrətamiz fəaliyyətlə rəşadətli ordumuzu qələbədən - qələbəyə aparan Ali Baş Komandan İlham Əliyev milyonların qəlbində qurduğu əbədi mənəvi heykəli ilə bugünkü və gələcək nəsillərin yaddaşına minilliyin fatehi kimi düşdü.

Qələbə  müjdəsinə daha biri də əlavə olundu. 27 il düşmən əsarətində olan doğma Ağdamımız artıq azaddır. Bu illər ərzində rayonumuza, kəndimizə gedən yollara həsrətlə baxırdım. Fikirləşirdim ki, dünyada baş alıb gedən ikili standartlar, ayrı- seçkilik, ədalətsizlik ərazilərimizin işğaldan azad edilməsinə problem yaradacaq. Ancaq dövlət başçımızın qətiyyəti, cəsarəti, siyasi iradəsi,  ölkəmizə qarşı təzyiq və təhdidlərə  sinə gərməsi 27 illik həsrətə son qoydu. Nə xoş ki,  sevinci xalqımıza, ağdamlılara bəxş edən qüdrətli sərkərdə cənab İlham Əliyevlə eyni dövrdə yasamaq, onun tarixi zəfərlərinin canlı şahidi olmaq bizə də nəsib oldu. Daha biz məcburi köçkün deyilik.  Bu adı daşıdıqca xəcalət hissi keçiridim. Bu adı bizə məğlubiyyətimiz vermişdi

Rəbbimiz el üçün, millət üçün ədalətin təntənəsi naminə ömrünü şam kimi əridən ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı olan Prezidentimiz, bugünümüzün və sabahımızın alternativsiz lideri kimi qəbul etdiyimiz  İlham Əliyevə Vətən naminə müqəddəs yolda yardımçı olsun. Nə qədər bu millət var, nə qədər bu dövlət var İlham Əliyev yolu hər zaman bizi yeni qələbələrə, xoşbəxt günlərə qovuşduracaq. 27 il işğal altında olan ərazilərimizə, Qarabağımıza qovuşdurduğu kimi. Gözün aydın, Qarabağ! Ağdam da azadlığa qovuşdu.

Təhmasib NOVRUZOV,
Azadlıq Hərəkatçıları Birliyinin sədri, Ağdam rayonundan olan məcburi köçkün

21 Noyabr 2020 10:19 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə