Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin növbəti plenar iclası keçirilibx

Noyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın əvvəlində xanım spiker qeyd edib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu. Hazırda bu bəyanatın şərtləri yerinə yetirilməkdədir və bu gün bəyanata uyğun olaraq, Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub.

Bu münasibətlə təbriklərini çatdıran Sahibə Qafarova əminliyini bildirib ki, biz tezliklə Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, işğalçılar tərəfindən dağıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimizi yenidən qurub-yaradacağıq və tamamilə bərpa edəcəyik!

Milli Məclisin sədri qeyd edib ki, noyabrın 10-da imzalanan Bəyanat bütün regional ölkələr və bir çox dövlətlər tərəfindən dəstəklənib və alqışlanıb. Lakin çox təəssüflər olsun ki, bu Bəyanatdan narahat olan qüvvələr də var və onlar prosesin müsbət məcrada davam etməsinə maneçilik törətmək istəyirlər. Bu qüvvələr sırasında Fransanın bəzi siyasi dairələri də var və bu münaqişəyə münasibətdə onların ortaya qoyduğu mövqe heç də qəbuledilən deyil.

Spiker xatırladıb ki, Fransa rəhbərliyi Azərbaycanın öz torpaqlarını beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində işğaldan azad etməsinə münasibətdə qərəzli yanaşma ortaya qoyur: “Bir müddət əvvəl isə Fransa Senatında təmsil olunan 5 ən böyük siyasi fraksiyanın liderləri tərəfindən Senatda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürülüb. Cari ilin oktyabr ayında Fransa parlamentinin Aşağı Palatasında bənzər qətnamənin irəli sürüldüyünü qeyd edən Sahibə Qafarova onu da bildirib ki, bəzi fransız parlamentarilər hərbi əməliyyatların fəal mərhələsində qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş və cinayətkar xunta rejimi ilə həmrəylik nümayiş etdiriblər”.

Parlament rəhbəri deyib ki, sadalanan faktlar Fransanın siyasi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik prinsiplərini pozaraq açıq şəkildə qərəzli mövqe ortaya qoyduğunu təsdiq edir. Belə anlaşılır ki, bu ölkənin bəzi siyasi dairələri tərəfindən atılan addımlar və hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlib. Bu addımlar Fransanın beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına uyğun müəyyən edilmiş öhdəlikləri ilə də ziddiyyət təşkil edir və Fransanın neytrallığına, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə vasitəçilik mandatına kölgə salır.

Sədr vurğulayıb ki, vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməli, məsuliyyətli və etibarlı davranışlarla müşayiət olunmalıdır. Vasitəçilər ölkələrin suverenliyinə hörmətlə yanaşmalı, qərəzsiz, obyektiv və ədalətli olmalıdırlar. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə əks olunubdur.

Çıxışının yekununda Milli Məclisin sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin bu məsələyə diqqət yetirməsini vacib saydığını bildirib.

Aktual məsələ ətrafında müzakirələrdə deputatlar Səməd Seyidov, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Sevil Mikayılova, Nigar Arpadarai, Fəzail Ağamalı, Arzu Nağıyev, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Aydın Mirzəzadə, Zahid Oruc, Vahid Əhmədov çıxış edərək Fransanın tutduğu qərəzli mövqeyi tənqid ediblər. Əksər çıxışlarda vurğulanıb ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq neytrallığını qoruya bilməyən və işğalçı Ermənistanın tərəfini tutan Fransanın mandatının ləğv edilməsi üçün hüquqi prosedurlara başlanılmalıdır.

Sonra iclasda 13 məsələdən ibarət gündəlik təsdiqlənib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə) məsələni parlamentə təqdim edib. Bildirilib ki, Milli Məclis Azərbaycan Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq adı çəkilən qanunun 19-cu maddəsində “əlillərin” sözünün “əlilliyi olan şəxslərin” sözləri ilə, “əlilin” sözünün isə “əlilliyi olan şəxsin” sözləri ilə əvəz edilməsini qərara alıb.

Məlumat dinlənildikdən sonra deputatlar qanun layihəsinə ikinci oxunuşda səs veriblər.

Plenar iclasda çıxış edən deputatlar Siyavuş Novruzov və Aydın Hüseynov noyabrın 21-də 28 yaşı tamam olan, Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqilliyi tarixindəki və qazanılan nailiyyətlərdəki rolundan söz açaraq YAP üzvlərinə təbriklərini və xoş arzularını çatdırıblar.

Milli Məclisdə gündəlikdəki iki mühüm qanun layihəsini – “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə bu müjdəni vermişdi. Azərbaycan Prezidenti bildirmişdi ki, “mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək”.

Əli Hüseynli vurğulayıb ki, təsis olunan yeni orden və medallar birmənalı şəkildə dövlətçilik atributlarını, hərbi və milli atributları əks etdirir. Hazırda Azərbaycanın 10 ordeni və 64 medalı var. Azərbaycan Prezidenti tərəfindən isə yeni 2 orden – “Zəfər” və “Qarabağ”, 15 yeni medal təklif edilib.

Sonra parlamentin spikeri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin canlı yayımda xalqa müraciəti birbaşa olaraq Milli Məclisin plenar iclas zalında yayımlanıb. Deputatlar müzəffər Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi zəfərdən sonra imzalanan bəyanat çərçivəsində Ağdama daxil olması ilə əlaqədar Müzəffər Ali Baş Komandan xalqa müraciətini qürur hissi ilə, diqqətlə dinləyiblər.

Milli Məclisdə “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi ilə əlaqədar qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

Parlament işğaldan azad edilmiş rayonlarda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi barədə iki qanun layihəsini müzakirə edib. Plenar iclasda “Azərbaycan Respublikasının Xocalı rayonunun Quçşubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələrini təqdim edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, hər iki məsələyə Toponimiya komissiyasında da baxılıb və müsbət dəyərləndirilib. Komitə sədri onu da vurğulayıb ki, torpaqlarımızın işğal altında qaldığı dövrdə erməni vandalları tərəfindən Azərbaycanda 403-dək tarixi-dini abidə dağıdılıb ki, onlardan 67-si məscid, 114-ü məbəd, 192-si isə ziyarətgahlardır.

Məlumat dinlənildikdən sonra qanun layihələri səsə qoyulub, Milli Məclis Quçşubaba kəndinin Baharlı, Tsakuri kəndinin Hünərli kəndi adlandırılmasına razılıq verib.

İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda parlamentin müzakirəsinə təqdim edib.

Deputatlar qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər.

Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (üçüncü oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Bildirib ki, təqdim olunan layihə “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli qanunun icrası ilə əlaqədar olub uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Plenar iclasda “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun məlumatı dinlənilib.

Fikir mübadiləsində deputatlar Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Siyavuş Novruzov vurğulayıblar ki, Vətən müharibəsində Qələbənin qazanılmasında müstəsna və əvəzsiz rol oynayan, Azərbaycan xalqının ürəyində bu gün xilaskar və qəhrəman şəxsiyyət kimi yer tutan Ali Baş Komandanımızın da təltif olunması vacibdir. Deputatlar bu mənada daha bir ordenin təsis edilməsi barədə təkliflərini irəli sürüblər.

Sonra gündəlikdəki qanun layihəsi səsə qoyulub və üçüncü oxunuşda təsdiqlənib.

İclasda “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, qanuna edilən dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Parlament bu qanunu da üçüncü oxunuşda qəbul edilib.

Daha sonra iclasda “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, birinci oxunuşda olan təkliflərlə əlaqədar Dövlət İmtahan Mərkəzinin nümayəndəsinin iştirakı ilə geniş komitə iclası keçirilib. Dövlət qulluğu sisteminin təkmilləşməsini hədəfləyən təkliflər Dövlət İmtahan Mərkəzinə təqdim olunub, Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanarkən həmin təkliflər nəzərə alınacaq.

Fikir mübadiləsində deputatlar Kamilə Əliyeva və Fatma Yıldırım rəylərini bildiriblər. Qanun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Plenar iclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” qanuna (birinci oxunuş) təklif edilən dəyişikliklər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihə ölkə Prezidentinin “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

Komitə sədri statistik məlumatlara istinadən plastik tullantıların ətraf mühitə vurduğu ziyan barədə geniş məlumat verdikdən sonra deputatlar Razi Nurullayev, Hicran Hüseynova, Fəzail Ağamalı, Əli Məsimli, Əli Hüseynli rəy və təkliflərini bildiriblər.

Qanun layihəsi səsə qoyulub və birinci oxunuşda qəbul olunub.

Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin şərhi dinlənilib. Bildirilib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır və ekoloji təhlükəsizliyi pozan həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün ciddi məbləğdə cərimələr nəzərdə tutulub.

Deputatlar qanun layihəsini birinci oxunuşda dəstəkləyiblər.

İclasın yekununda “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələyə baxılıb. Məlumat dinlənildikdən sonra deputat Aydın Mirzəzadə belə bir yubiley medalının təsis olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Sonra layihə səsə qoyulub və qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

20 Noyabr 2020 21:47 -

Köhnə versiyamızdan xəbərləri izlə