Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BERNAMA agentliyi Azərbaycan Ordusunun Ağdam rayonuna daxil olmasından yazıb

Azərbaycan Ordusu 27 illik işğaldan sonra Ağdam rayonuna daxil olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə noyabrın 20-də Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi məlumat yayıb. Məlumatda Azərbaycanın Müdafiə Nazirliyinə istinadla Silahlı Qüvvələrimizin Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli sənədə əsasən Ağdama daxil olduğu bildirilir. Qeyd edilir ki, 1993-cü ildə xarici havadarlarının köməyi ilə rayon ərazisinin 77 faizini işğal edən erməni silahlıları buradan 200 mindən çox azərbaycanlını zorla qovublar.

Yazıda münaqişənin tarixi barədə də məlumat verilir. Qeyd edilir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində başlayan münaqişə nəticəsində Ermənistan ordusu Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu işğal edib. Vurğulanır ki, həmin ərazilər beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan torpaqları kimi tanınır.

Xatırladılır ki, sentyabrın 27-də Ermənistan ordusunun dinc əhaliyə qarşı növbəti hərbi təxribatı Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumuna səbəb olub. Cəmi 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan düşmən tapdağı altında olan bir neçə şəhəri və 300-dən çox yaşayış məntəqəsini azad edib.

Rusiyanın təşəbbüsü ilə imzalan üçtərəfli sənədə uyğun olaraq, hərbi əməliyyatlar noyabrın 10-da dayandırılıb və Ermənistan ordusu işğal etdiyi bütün əraziləri boşaltmağa başlayıb.

20 Noyabr 2020 16:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə