• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üçüncü rüb Xətai rayonu üçün də uğurlu olub

Üçüncü rüb Xətai rayonu üçün də uğurlu olub

Xətai Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti yığıncağı 2018-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmişdi.
Yığıncaqda geniş hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bu ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilmiş iclasında Prezident İlham Əliyevin vurğuladığı məsələlərə toxunaraq bildirdi ki, dövlət başçısının iqtisadi inkişafın müxtəlif sahələrində əldə edilmiş nailiyyətlərlə bağlı diqqətə çatdırdığı rəqəmlər ölkəmizin sosial-iqtisadi inkişafının davamlı xarakter aldığını göstərir. Prezidentimizin vurğuladığı kimi; “Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır. Bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır... Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir”.
R.Məmmədov vurğuladı ki, dövlət başçısının qeyd etdiyi uğurlarda sənaye rayonu olan Xətainin də payı var. Bu da ondan irəli gəlir ki, rayonun sosial –iqtisadi inkişafının əsasında ölkə başçısının irəli sürdüyü tərəqqi və inkişaf strategiyasının qarşıya qoyduğu vəzifələr dayanır. Bu vəzifələrin yerinə yetirilməsinin nəticəsidir ki, hesabat dövründə Xətai rayonundakı sənaye müəssisələrində 955 milyon 125 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 
Bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 487 milyon 952 min manat yönəldilmiş, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə isə 453 milyon 591 min manat ayrılmışdır. 
İcra başçısı vurğuladı ki, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1 milyard 923 milyon manatlıqdan artıq əmtəə satılmışdır. Bunun 27,2 faizi hüquqi şəxs statuslu, 66,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşür. Rayonun iaşə müəssisələrinin ümumi dövriyyəsi isə 57 milyon 788 min manat olub. 
Başçı qarşıdakı payız-qış mövsümü ilə bağlı əhalinin enerji daşıyıcıları, su və istiliklə fasiləsiz təminatının vəziyyətini xüsusi nəzarətdə saxladığını bildirərək qeyd etdi ki, yaz-yay mövsümündə “Azəristiliktəchizat” ASC-nin rayon ərazisində fəaliyyət göstərən struktur bölmələri mərkəzi və məhəllədaxili xətlərdə, yaşayış binalarının zirzəmilərindəki aşağı paylama xətlərində əsaslı və cari təmir işləri aparıb, qazanxana və istilik məntəqələrindəki avadanlıqların təmirini başa çatdırıb. 14,6 kilometrlik istilik kəməri yuyularaq hidravlik təzyiqlə yoxlanılmış, 35 nasos və 170 metrlik istilik xətti təmir edilib.
Xətai rayon enerji təchizatı və satışı idarəsi də payız-qış mövsümünə hazırlıq tədbirlərini vaxtında həyata keçirib. Hesabat dövründə rayon ərazisindəki yüksək gərginlikli kabel xətləri təmir edilib və transformator məntəqələrində pərakəndə kabellər komplektləşdirilib, 13 transformator məntəqəsi təmir olunub. 
Natiq əhalinin su təchizatının müvafiq qurumlar tərəfindən yüksək səviyyədə təmin edildiyini vurğulayaraq qeyd etdi ki, ötən müddətdə su kəmərlərində baş vermiş 2 min 515 qəzanın qarşısı alınıb. Hazırda rayonun əksər yaşayış binaları demək olar ki, su ilə fasiləsiz təmin olunur.
R.Məmmədov hesabat dövründə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəzalı tikililərdə məskunlaşmış məcburi köçkünlərin köçürülmələri ilə bağlı görülən işlər barədə də məlumat verərək bildirdi ki, may ayında məcburi köçkünlərin yaşadıqları 10 obyektdə siyahıyaalma aparılmış, iyun ayından başlayaraq məcburi köçkün ailələrinə orderlər verilərək yeni mənzillərə köçürülüb. Həmçinin açıqlandı ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan istismar müddəti bitmiş 99 yaşayış evinin sökülməsi və yeni binaların tikilməsi işləri də davam etdirilir. İndi rayonda 5 ünvanda pilot layihələr həyata keçirilir
Məruzədə vurğulanan ciddi məsələlərdən biri də rayon ərazisində torpaq üzərində qanunla müəyyən edilən mülkiyyət hüququnu pozan, torpaq sahəsini özbaşına zəbt edən, eləcə də müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan özbaşına tikinti işləri aparan şəxslər barəsində qanun çərçivəsində tədbirlərin görülməsi oldu. 
Sosial məsələlərə gəldikdə isə, dövlət başçısının müvafiq tapşırığı ilə əhalinin vaxtaşırı tibbi müayinədən keçirilməsi ilə bağlı görülən tədbirlərə toxunuldu. Bildirildi ki, ötən müddətdə rayon üzrə yaşı 18-dən yuxarı olan 224 min 745 nəfərlik əhalinin 127 min 405 nəfəri tibbi müayinədən keçirilib. Onlardan 11 min 249-u ambulator müayinəyə, 544-ü stasionar müalicəyə cəlb edilib.
R.Məmmədov sonda qeyd etdi ki, bu gün qarşıda duran ən ümdə vəzifə, dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına xidmət göstərməkdir. Bizim hər birimiz fəaliyyətimizdə bunu əsas tutmalıyıq.
Məruzə ətrafında çıxış edən Milli Məclisin deputatı Səməd Seyidov və başqaları bu ilin doqquz ayında rayonda görülən işləri qənaətbəxş hesab etdiklərini bildirib, qarşıda duran vəzifələrin icrasında rayon rəhbərliyinə uğurlar arzuladılar. 
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri də geniş təhlil olundu. 
Sonda bütün bu məsələlərin əksini tapdığı iclasın qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul edildi.

İlqar RÜSTƏMOV, 
“Xalq qəzeti”

20 Oktyabr 2018 01:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin