• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quba Soyqırımı Memorial Kompleksinin kollektivi digər qurumlarla əməkdaşlığını artırır

Quba Soyqırımı Memorial Kompleksinin kollektivi digər qurumlarla əməkdaşlığını artırır

Quba şəhərində fəaliyyət göstərən  “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları Şəki, Kiş və Qəbələdə səfərdə olublar.  Təcrübə mübadiləsi layihəsi çərçivəsində baş tutmuş səfər zamanı muzey əməkdaşları bu rayonlarda mövcud olan qoruqlara baş çəkmiş, müzakirələr aparmışlar. Bu barədə “Soyqırımı Memorial Kompleksi”nin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Quba  “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə  kompleksin 20-yə yaxın əməkdaşı Şamaxı “Cümə Məscidi”, Şəki “Xan Sarayı” qoruğu,  Kiş kəndindəki “Alban məbədi” qoruğu və  Qəbələ Arxeoloji Qoruğunda olmuşlar. İlk olaraq,  kompleksin əməkdaşları çoxəsrlik yaşı olan Şamaxı  “Cümə məscidi”-ni ziyarət etmişlər. Burada qonaqları tarixçi Fariz Xəlilbəyli qarşılayaraq 800 illik tarixə malik olan Şamaxı “ Cümə Məscidi” haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, digər müsəlman ibadətgahları kimi Cümə Məscidi də 1918-ci ildə erməni vandalizminin qurbanı olmuş və tamamilə yandırılmışdır. 2013-cü il mayın 17-i   cənab Prezident İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa və yenidənqurma işlərindən sonra yenidən istifadəyə verilmişdir.  Daha sonra  kompleks əməkdaşları Azərbaycan memarlığının nadir incisi hesab olunan XVIII əsrə aid  dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xan  sarayını ziyarət ediblər. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva qonaqları salamlayaraq, qoruğun fəaliyyəti və görülən işlər barədə məlumat verib.  O vurğulayıb  ki, qoruğun  ərazisində yaşı 300-dən 700-dək olan 24 ədəd xan çinarı var və bu  ağaclar dövlət tərəfindən qorunur. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı” su kəmərindən indi də istifadə olunur. Görüşdə həmçinin  əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Kiş Tarixi-Memarlıq Qoruğuna baş çəkən qonaqları salamlayan  qoruğun direktoru İlhamə Hüseynova bü cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.

Qeyd edib ki, Şəki öz tarixi-mədəni irsi, abidələri, memarlıq inciləri ilə ölkəmizin əsas turizm mərkəzlərindəndir.  İlin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin rəsmi qonaqlar və beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biri də Kiş kəndində yerləşən qədim alban məbədidir. Eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan bu məbəd bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən abidə erkən orta əsrlərdə yaranan gümbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında norveçli mütəxəssislərlə birgə “Kiş” layihəsi üzrə abidənin bərpasına başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə tanınmış norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün məbədin qarşısında onun büstü də qoyulub.

Səfərin yekunu olaraq əməkdaşlar Qəbələ Qalasını ziyarət ediblər. Qonaqları qoruğun direktoru Bəhruz Şərifov qarşılayaraq qədim tarixə malik möhtəşəm qalanın tarixi haqqında geniş məlumat verib. O, qədim Qəbələ şəhərinin qalıqlarını və onun ətrafında aşkar edilmiş bir çox arxeoloji tapıntıları mühafizə etmək məqsədi ilə 1985-ci ildə burada 480 hektar sahəni əhatə edən Qəbələ tarix – mədəniyyət qoruğu yaradıldığını bildirib.

     Azərbaycan Respublikası Mədəniyyət naziri  Əbülfəs Qarayevin tövsiyyəsinə əsasən ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, nazirliyin nəzdində olan qoruqlar arasında birgə həyata keçiriləcək layihələr çərçivəsində bu cür səfərlərin təşkili səmərəli təcrübə mübadiləsinə müsbət təsir edir.

 Bu cür  səfərlər  muzey əməkdaşları  arasında işin günün tələbləri səviyyəsində qurulması, işin səmərəliliyinin  artırılması, əməkdaşlığın genişlənməsində mühüm rol oynayır.

Qeyd edək ki, Kompleksin əməkdaşları ziyarət etdikləri qoruqların rəhbərliyinə və əməkdaşlarına 1918-ci il mart ayında silahlı erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı əks etdirən  kitab və bukletlər təqdim etmişlər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

 

 

 

 

  

19 Oktyabr 2018 16:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin